Müharibə
bitib, sülh olmalıdır – bu, qalib ölkənin, müzəffər
xalqın təklifidir
İlham
Əliyev: “Əgər Ermənistan bunu etmək istəmirsə,
özü bilər, ancaq yaxşı fikirləşsinlər,
sonra gec olar”
Şərqi Zəngəzur bizim
tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim
tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik.
Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik.
Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri,
baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan
qoparıb Ermənistana verib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu sözləri
iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində
şəhid ailələri və müharibə əlillərinə
mənzillərin və avtomobillərin təqdim olunması mərasimində
çıxışı zamanı deyib.
Dövlət
başçısı qeyd edib ki, bu, yaxın tarixdir, bu
torpaqlar 101 il əvvəl Ermənistana verilib: “Biz həqiqəti
deyirik. Bizim dədə-baba torpağımızdır:
bütün Zəngəzur – Şərqi və Qərbi Zəngəzur.
İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi
iddiası ilə çıxış edir. Əgər Şərqi
Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli,
Qərbi Zəngəzur bizim dədə-baba
torpağımızdır. Demişəm ki, biz oraya
qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl
demişəm. Mənim çıxışlarım
hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba
torpağımızdır, biz oraya qayıtmalıyıq və
qayıdacağıq və qayıdırıq. Heç kim
bizi dayandıra bilməz. Mütləq qayıdacağıq,
çünki bunun başqa yolu yoxdur. İndi bütün
kommunikasiyalar açılandan sonra, əlbəttə, biz
qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba
torpaqlarına qayıdacaq”.
Prezident
qeyd edib ki, bu məsələ Azərbaycan, Ermənistan və
Rusiya rəhbərlərinin imzaladığı 10 noyabr 2020-ci
il tarixli Bəyanatda da əksini tapıb: “Bəyanatda göstərilir ki, bütün
qaçqınlar öz doğma torpaqlarına
qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur,
bizim doğma torpağımız Göyçə
mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”,
– deyə İlham Əliyev bildirib.
İkinci
Qarabağ müharibəsinin bizim şanlı tariximiz
olduğunu və bu şanlı
Qələbənin Azərbaycan xalqının tarixində əbədi
qalacağını vurğulayan İlham Əliyev deyib ki,
Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin
qisasını döyüş meydanında aldıq və
bununla fəxr edə bilərik: “Öz yaxınlarını
itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər.
Çünki onların qəhrəmanlığı,
onların şücaəti və fədakarlığı
torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz
onların qanı bahasına biz torpaqları
almışıq, geri qaytarmışıq. Hər birimiz
deyirdik, ürəyimizdə deyirdik və sözdə də
deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı
geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan
getməsi böyük faciədir – həm onun ailəsi
üçün, yaxınları üçün,
qohumları üçün, həm də cəmiyyət
üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak
olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı
nəticəsində bu gün bizim bayrağımız azad
edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı
nəticəsində xalqımız, dövlətimiz müzəffər
dövlət, müzəffər xalq kimi yaşayır və
bundan sonra əbədi yaşayacaq”.
Vətən
uğrunda canından keçmiş insanların ailələrinə,
bu yolda sağlamlığını itirmiş, müharibədə
qəhrəmanlıq göstərmiş insanlara daim diqqət
göstərildiyini deyən dövlət
başçısı bildirib ki, istifadəyə verilən bu
yaşayış kompleksi də nəzərə alınmaqla,
10 min şəhid ailəsi və müharibə əlili
dövlət tərəfindən mənzillərlə, fərdi
evlərlə təmin olunub və bu proses davam edir: “2020-ci ildə
1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə,
mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid
ailəsi, müharibə əlili evlərlə, mənzillərlə
təmin ediləcək və bu yaşayış kompleksini də
nəzərə almaq şərtilə artıq bu kateqoriyadan
olan 1300-dən çox ailə mənzillərlə təmin
olunub. Bununla bərabər, atıq neçə ildir ki,
Qarabağ qaziləri fərdi avtomobillərlə təmin
edilir və ümumilikdə 7200 avtomobil verilib.
Mən
bu rəqəmləri səsləndirməklə bir daha
göstərmək istəyirəm ki, Azərbaycanda bu sahədə
görülmüş işlər nümunəvi xarakter
daşıyır. Mən ölkəmizi hansısa bir başqa
ölkə ilə müqayisə etmək istəmirəm.
Ancaq həyat və gördüyümüz işlər onu
göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət
ən humanist siyasətdir, ən ədalətli siyasətdir və
vicdanlı siyasətdir. Çünki Vətən uğrunda
öz canlarını fəda etmiş qəhrəman
övladlarımızın ailə üzvləri dövlət
tərəfindən qayğı ilə əhatə
olunmalıdır və biz bunu bu gün əyani şəkildə
görürük”, – deyə İlham Əliyev əlavə
edib.
Prezident
vurğulayıb ki, indi yeni dövr başlayıb – quruculuq
dövrü, postmünaqişə dövrü: “Mən bunu dəfələrlə
demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi öz həllini
tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən
tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli
qaydada həll etmişik. Əgər kimsə, mən
ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ
öz həllini tapmalıdır, bu münaqişə həll
olunmayıb. Çox yanlış və təhlükəli
yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə
izahat versinlər, necə həll olunmalıdır. Biz hesab
edirik ki, bu, həll olunub, artıq müharibə dövrü
arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər
an hazırıq və hazır olmalıyıq. İyunun 26-da
Silahlı Qüvvələr Günündə mən öz
açıqlamalarımda bunu demişəm. Biz ordumuzla
bağlı yeni planları həyata keçiririk. Ancaq biz hesab edirik ki, münaqişə
həll olunub, biz ərazi bütövlüyümüzü bərpa
etmişik. Biz Qələbə qazanmışıq. Bizim bu
gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz
yoxdur. Biz öz sərhədlərimizə
çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini
nəzarətə almışıq. Biz artıq quruculuq
işlərinə başlamışıq”.
Dövlət
başçısı qeyd edib ki, əgər münaqişə
həll olunmayıb deyilərkən dırnaqarası
Dağlıq Qarabağın statusundan söhbət gedirsə,
Azərbaycan ərazisində artıq Dağlıq Qarabağ
adlı ərazi vahidi yoxdur: “Dağlıq Qarabağ yoxdur,
Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında
Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam.
Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.
Prezident
Ermənistanla münasibətlərə dair məsələyə
də toxunub: “Mən bir
neçə dəfə demişəm ki, biz Ermənistanla
sülh müqaviləsini imzalamağa hazırıq. Yəni,
bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan
tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur.
Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan
buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv
olacaq. Necə ki, müharibə ərəfəsində və
müharibə dövründə Ermənistan tərəfi
böyük səhvlər buraxıb, hərbi cinayətlər
törədib. Bu, növbəti böyük səhv ola bilər.
Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır.
Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və
Azərbaycan arasında sülh müqaviləsi
olmalıdır. Bir-birinin ərazi
bütövlüyünün tanınması olmalıdır,
sərhədlərin tanınması olmalıdır,
delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm
ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq
təşkilatlar da müsbət reaksiya verirlər. Əgər
Ermənistan bunu etmək istəmirsə, özü bilər,
ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər.
Necə ki, vaxtilə əgər öz xoşları ilə
bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər
rəzil duruma düşməzdilər”.
İlham
Əliyev qeyd edib ki, bizim bu təklifimiz qalib ölkənin təklifidir,
güclü tərəfin təklifidir, müzəffər
xalqın təklifidir: “Əgər buna Ermənistanda mənfi
reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də
deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan
sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün
quruculuq işlərimizlə bağlı planları sistemli
şəkildə həyata keçiririk və artıq quruculuq
işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və
Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.
İnsanlar ora qayıdacaq, öz dədə-baba
torpağında rahat yaşayacaqlar”.
Mədəniyyət.-
2021.- 16 iyul. S. 2.