Mədəniyyət naziri “Diplomatiya həftəsi”ndə iştirak edib

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda “Diplomatiya həftəsi” keçirilir.

 

İyulun 12-dən 26-dək davam edəcək layihə müddətində Azərbaycanın Vətən müharibəsi dövründə xarici siyasəti, habelə müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər haqqında müxtəlif dövlət qurumlarının rəhbər şəxslərinin, diplomatik korpus təmsilçilərinin iştirakı ilə görüşlər, bir sıra mədəni proqramlar, ekskursiyalar və s. nəzərdə tutulub.

 

Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları nümayəndələrinin qatıldığı “Diplomatiya həftəsi”ndə müxtəlif mövzularda təqdimatlar keçirilir.

 

İyulun 14-də “Diplomatiya həftəsi”nin növbəti günü Azərbaycanın mədəniyyət sahəsinə həsr olunub. Tədbirdə əsas qonaq qismində mədəniyyət naziri Anar Kərimov iştirak edib.

 

Anar Kərimov “Azərbaycanın mədəni irsinə qarşı erməni təcavüzü” mövzusunda təqdimatla çıxış edib.

 

Nazir tarixi irsimizə qarşı erməni vandalizmini əyani nümayiş etdirən təqdimatda işğaldan azad olunmuş ərazilərdə abidələrimizin hazırkı vəziyyəti və onların bərpa olunması üçün dövlətimizin həyata keçirəcəyi işlərdən danışıb.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən, torpaqlarımızın otuz ilə yaxın davam edən işğalına son qoyulmasından bəhs edən Anar Kərimov vurğulayıb ki, bu qalibiyyət tariximizdə yeni bir səhifə açıb. Bu gün tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

 

Nazir təqdimatdan sonra tədbirə qatılan gəncləri maraqlandıran sualları cavablandırıb.

 

Mədəniyyət.- 2021.- 16 iyul. S. 4.