30-cu
illərin qara yelindən qalanlar
Siyasi Repressiya
Qurbanları Muzeyindən
acı təəssürat
Paytaxtımızda
yerləşən və
müxtəlif sahələri
əhatə edən, sırf mədəniyyət
profilli olmasa da, əslində, tarixi-mədəni və elmi irs
məkanı sayılan
muzeylər haqqında
oxuculara məlumat verməyə davam edirik. Bu yazıda
Dövlət Sərhəd
Xidmətinin (DSX) tabeliyində
fəaliyyət göstərən
Siyasi Repressiya Qurbanları Muzeyi haqqında söz açacağıq.
Muzeydən reportaj hazırlamaq üçün DSX-nin müvafiq şöbəsi
ilə əlaqə saxladıq. İstəyimiz müsbət qarşılandıqdan
sonra fotoqrafımızla
birlikdə yollandıq
muzeyə. Bizi muzeyin
rəisi Mirabbas Məmmədov qarşıladı.
İlk olaraq muzeyin də yerləşdiyi DSX-nin binasının tarixi barədə məlumat aldıq. Həmsöhbətimiz bildirdi ki, bina 1878-ci ildə ticarət məqsədilə
tikilib.
İkimərtəbəli, kvadratşəkilli bina bakılı tacir, milyonçu Hacı Hacıağa Dadaşovun şəxsi mülkü olub. 1925-ci ildən etibarən Azərbaycan Fövqəladə Komissiyası
bu binada fəaliyyət göstərib.
Daha sonra binanın daxilində NKVD-nin (Xalq Daxili
İşlər Komissarlığı)
həbsxanası yaradılıb...
Hazırda Dövlət Sərhəd
Xidməti bu binada yerləşir.
Mirabbas müəllim
deyir ki, Siyasi Repressiya Qurbanları Muzeyi 2019-cu ilin 24 mayında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə
həsr edilən tədbirlər çərçivəsində
yaradılıb. Ötən əsrin 30-cu illərində
siyasi repressiyalar zamanı bütün məhbuslar burada saxlanılıb. Bu həbsxanada onlara fiziki, mənəvi işgəncələr verilib,
güllələnib, yaxud
da sürgün olunublar. Muzeyin yaradılmasında əsas məqsəd həmin illərdə baş verən hadisələri insanlara çatdırmaq və repressiyaya məruz qalan soydaşlarımızın
xatirələrini yaşatmaqdır.
“Sibir” və “32 000”
Muzeyə daxil olarkən qatarın pəncərəsində
insan barmaqları təsvir edilmiş iki maraqlı kompozisiya ilə qarşılaşırıq. Birinci kompozisiyada
barmaqların üzərində
“Sibir” yazısı, digərində isə “32
000” rəqəmi əks
olunub.
Muzeyin rəisi qeyd edir ki, “Sibir”
yazısı repressiya
illərində sürgün
olunan insanların cəzaçəkmə yerlərinə
göndərilməsi ilə
bağlıdır: “1937-ci ildə
SSRİ Xalq Ədliyyə
Komissarlığı tərəfindən
o vaxt Azərbaycana rəhbərlik etmiş
Mir Cəfər Bağırova
məktub göndərilir.
Məktubda qeyd olunur ki, 1934-37-ci illərdə kənd yerlərində bir çox insan haqsız yerə məhkum olunub, həmin insanların işlərinə
yenidən baxılsın.
Məktubda 32 minə yaxın
insanın adı qeyd olunur. Kompozisiyadakı rəqəm bununla
bağlıdır”.
Dindirilmə otağına yollanırıq. Həmsöhbətimiz bildirir ki, həmin
illərdə istintaqa
cəlb olunan şəxslərin izahatları
bu otaqda alınıb. Burada simvolik
quraşdırılan maket
izahatı alınan görkəmli şair-dramaturq
Hüseyn Cavidi əks etdirir. Cavid iki il bu qaranlıq
və soyuq zindanda saxlanıldıqdan
sonra Sibirə – Maqadana sürgün edilib. Soyuq Sibir
mütəfəkkir şairə
məzar olub...
“Xalq düşməni”nin həyat yoldaşına mühakiməsiz
sürgün
Muzeyin daxilində
kitabxana da mövcuddur. Kitabxanada repressiyaya məruz
qalan soydaşlarımızın
bəzilərinin şəxsi
işləri saxlanılır.
Burada eyni zamanda həmin
dövrə aid 100-ə yaxın
kitabı da görmək mümkündür.
Bələdçimiz deyir
o dövrdə belə
bir qayda vardı ki, “xalq düşməni” kimi güllələnən
şəxsin həyat
yoldaşı məhkəməsiz,
mühakiməsiz səkkiz
il sürgün
olunmalı idi. Şəxsin
3 yaşına qədər
övladı yaxın
qohumlarına, 3-15 yaş
arası uşaqlar isə uşaq evinə verilirdi. Bu cür sürgün olunan qadınlar üçün Qazaxıstanda
Akmola vilayətində
qısa adı
ALJİR adlı (Akmolinskiy
laqer jen izmennikov rodinı – Vətən xainləri qadınlarının Akmola
düşərgəsi) olan
xüsusi düşərgə
yaradılmışdı: “Hazırda o düşərgə
ərazisində repressiya
muzeyi fəaliyyət göstərir. Həmin muzeylə əlaqə
saxlayaraq xahiş etdik ki, orada
cəza çəkmiş
azərbaycanlı qadınların
sənədlərini bizə
göndərsinlər. Bu günə kimi
44 nəfər azərbaycanlı
qadının məlumatını
əldə etmişik.
Bu qadınların böyük əksəriyyəti
respublikanın tanınmış
şəxslərinin ailə
üzvləri, yaxınları
və ya tanışları olublar.
Onların bir çoxu
həmin düşərgədə
vəfat edib, bəziləri isə evlərinə dönə
biliblər”.
Muzeydə film otağı da var. Burada ziyarətçilər
üçün repressiya
dövrünə dair
30-a yaxın sənədli
film nümayiş olunub. Mirabbas müəllim
qeyd edir ki, muzey fəaliyyətə
başlayandan kompleksdə
10-a yaxın sənədli
film çəkilib.
Güllələnmə təxirə salınmır...
Muzeyin ən dəhşət
və vahimə saçan otağına yollanırıq. Söhbət Azərbaycan xalqının
işıqlı gələcəyi
üçün qələm
çalan, ömrünü
elmə, təhsilə
sərf edən günahsız insanların
ömrünü yarıda
kəsən güllələnmə
otağından gedir.
Otağa
daxil olarkən ilk olaraq həkim geyimində insan maketi qarşımıza çıxır. Öyrənirik ki, güllələnmə
icra olunduqdan sonra həmin şəxsin ölüb-ölməməyini
təsdiq etmək üçün otaqda həkim də fəaliyyət göstərib.
O, ölən şəxs
haqqında arayış
yazaraq imzalayırdı.
Ölüm hökmü yerinə
yetirildikdən sonra meyit naməlum bir ərazidə basdırılırdı. Bu
günə kimi həmin şəxslərin
harada basdırılması
barədə dəqiq
məlumat yoxdur.
Həmsöhbətim vurğulayır ki,
otaqda təmizlik işləri apararkən
60-70 sm dərinlikdə
torpaq qatında qan aşkar olunub. Otaqda güllələnməyə hazır insan maketi nakam şairimiz
Mikayıl Müşfiqi
xatırladır. Maketə
baxarkən bir anlıq düşünürük
ki, şair üsyan edib deyəcək:
Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır, qara
yel, əsmə,
Mənim
bu dəryada bir sandalım var...
Muzeyi dolaşdıqca
sanki kitablardan oxuduğumuz o dəhşətli
dövrə qayıdırıq. Qulaqlarımızda
repressiya dövründə
olmazın işgəncələrə
məruz qalmış
soydaşlarımızın ah-naləsi eşidilir...
Cüzi işıq, böyük azadlıq istəyi
İndi isə muzeyin
karserlər olan bölməsindəyik. Mirabbas müəllim
bildirir ki, məhkumlar müstəntiqlərə
istədikləri cavabları
vermədikdə günlərlə
karserlərə atılıb,
burada ac-susuz saxlanılırdılar. 3-4
gün ərzində onlara yalnız bir tikə çörək
verilirdi. Hətta məhkumlar
işgəncə məqsədilə
günlərlə divarlarda
quraşdırılan zəncirlərdə
asılı vəziyyətdə
saxlanılıblar.
Gördüklərimdən, eşitdiklərimdən sonra
artıq hiss edirəm
ki, nə yeriməyə, nə də danışmağa taqətim qalıb. Muzeyin zalına doğru aram addımlarla
hərəkət edirik.
Burada kameraların qapılarındakı
kiçik pəncərələr
diqqətimizi çəkir.
Həmin
pəncərə açılanda
kameraya cüzi işıq düşür.
Məhkumlar işığa,
azadlığa can atsalar
da, qorxunc rejimin pəncəsindən
qurtulmaq şansları
yox idi...
Çamadanlar – bir daha evə dönməmək
Muzeydə diqqətçəkən kompozisiyalardan
biri çamadanlarla bağlıdır. Öyrənirik ki, repressiya
dövründə hər
hansı bir şəxsi istintaqa çağıranda, o artıq
bir daha evə qayıtmayacağını
bilirdi. Ya həbsxanaya gedəcək,
ya da sürgün
olunacaq. Ona görə
də həmin şəxslər hazır
çamadan düzəldib
saxlayırdılar. İstintaqa çağrılanda
həmin çamadanları
da özləri ilə götürürdülər.
Kompozisiyada çamadanların nizamsız
şəkildə təsviri
günahsız insanların
acı taleyini əks etdirir.
Əsas zalda müxtəlif məlumat lövhələri
də yerləşdirilib. Həmin
lövhələrdə repressiyaya
məruz qalmış
azərbaycanlı hərbi
xadimlər, Azərbaycan
Xalq Cümhuriyyəti
tərəfindən xaricdə
təhsil almağa göndərilmiş tələbələr,
güllələnmiş mədəni-maarif
və ictimai-siyasi xadimlərdən
Xədicə Qayıbova,
Mədinə Qiyasbəyli,
Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova
haqqında məlumatlar
əksini tapıb.
Hər bir divarı, otağı özündə həmin qara, zəhər dadlı illərin ağrı-acısını əks
etdirən muzeydə olarkən vaxtın necə keçdiyini bilmədik. Amma burada min bir əzaba məruz qalan “günahsız müqəssirlər”in bir
dəqiqəsi bəlkə
də bir ilə bərabər olub...
Sonda muzeyin iş qrafikini də öyrəndik. Muzey həftənin beş
günü, saat
8:00-dan axşamçağı 17:00-dək
fəaliyyət göstərir.
Muzeyə baş çəkmək
istəyənlər qabaqcadan
məlumat verməklə
kompleksi ziyarət edə bilərlər.
Nurəddin
MƏMMƏDLİ
Mədəniyyət.-
2021.- 16 iyul. S. 1; 6.