Buzovna kəndinin
əhvalatları
Bu dəfə tarixi-mədəni irs fonunda
Qəzetimizin 11 iyun tarixli sayında 95 yaşlı Buzovna kitabxanasından təqdim etdiyimiz reportajda bu qəsəbəyə səyahətimizlə bağlı əlavə yazı da vəd etmişdik. Aktyor, Əməkdar artist Mirzə Ağabəyli, söz verdiyi kimi, bizi doğma yurdu Buzovnanın gəzməli-görməli yerləri ilə qarış-qarış tanış etdi. Günəşin yüksək hərarətinə rəğmən qədim yaşayış məskəninin tarixi məkanları ilə tanış olmağımız üçün səylərini əsirgəmədi. Baxmayaraq ki, Buzovna mənə yad məkan deyildi, amma burada doğulub-böyüyüb yaşa dolmuş bir sakinin bələdçiliyində səyahət tamam başqadır...
Bakı kəndləri içərisində Buzovna kəndi (hazırda Xəzər rayonunda şəhərtipli qəsəbə) qədimliyinə, spesifik xüsusiyyətlərinə görə digərindən fərqlənir. Mənbələrdə Buzovnada əhalinin məskunlaşmasının miladdan əvvəl III əsrə təsadüf etdiyi bildirilir. Yazıda oxuculara qəsəbənin zəngin qədim tarixi-memarlıq abidələri, maraqlı məkanları haqqında söz açacağıq.
Buzovnada IX əsrə aid alban məbədi, Qarapaltar piri (1306), Bürc-qala (XV-XVI əsrlər), Xəlifə Əli və Məhəmməd Mömin türbəsi (XVII), Sahib-əz-zaman məscidi (XVII), XIX əsr İmam Həsən və Məşədi Qərib məscidi, Seyid Qasım, Şeyx Cavad, Seyid Gülşan pirləri, Həzrət Əli qədəmgahı (Əli ayağı piri), Hun qəbiristanlığı və “Təhməzov”, “Capayev”, “Hacı Nurəli” və “Məşədi Veysəl” adlı hamam binaları var.
***
Üz tutduğumuz ilk ünvan qəsəbənin Nəsranilər məhəlləsində alban məbədi – el arasında “Tərsa piri” adı ilə tanınan məkan oldu. Yerli sakinlərin inancına görə, bu ocaq qorxuluğu götürür, niyyətləri gerçəyə çevirir. Məbədin yanında çıldaq da fəaliyyət göstərir.
Tərsa pirindən sonra 206 nömrəli orta məktəbin qarşısında qəsəbənin görkəmli mədəniyyət xadimlərinin büstləri qoyulan əraziyə gəlirik. 1990-cı illərdə ucaldılan büstlərin müəllifi Xalq rəssamı Xanlar Əhmədovdur. İsmayıl Səmədzadə, Haşım bəy Saqi, Hacı Dadaş Qaib, Məşədi Azər (Buzovnalı), Nadir Axundov, Nəcibə Məlikova və Sidqi Ruhullanın büstləri gənc nəsil üçün də öz mədəni keçmişlərini bilmələri baxımından əhəmiyyətlidir.
Mirzə müəllim büst sahiblərinin bəziləri haqqında məlumat verir. Bildirir ki, Haşım bəy Saqi qəzəlxan olub. Onun “Divan”ı akademik Rafael Hüseynov tərəfindən nəfis tərtibatla çap edilib. H.Saqi həm də Buzovnanın daha bir yetirməsi, görkəmli teatr və kino aktrisası, Xalq artisti Nəcibə Məlikovanın atasıdır. Saqinin Mirzə Cəlil və o dövrün ziyalıları ilə yaxın əlaqələri olub. Məşədi Azər (İmaməliyev – Azər Buzovnalı) böyük qəzəlxan Əliağa Vahidin ustadı hesab edilir. Onun “Divanı”ı, “Oğuznamə” poeması və digər əsərləri ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilir. Nadir Axundov istedadlı klarnet ifaçısı kimi tanınıb. Azərbaycanın və SSRİ-nin Xalq artisti Sidqi Ruhulla isə teatr və kino sənətimizdə silinməz izlər qoyan sənətkarlardandır.
Büstlər Buzovnanın bir xeyriyyəçi sakini tərəfindən sifariş olunub və məktəbin qarşısındakı “Şairlər bağı” adlı məkanda qoyulub. Mirzə müəllim Məşədi Azər Buzovnalının bu məktəbdə dərs dediyini diqqətə çatdırır. Bildirir ki, Hüseyn Cavid, Mikayıl Müşfiq və Cəfər Cabbarlı bu məktəbdə olublar. Əlavə edir ki, milli mesenat Hacı Zeynalabdin Tağıyev həm Buzovna, həm də Mərdəkandan gənclərin xaricdə oxumağa göndərilməsinə dəstək olub. Həmsöhbətimiz tanınmış buzovnalılardan Azərbaycan teatr və kino sənətinin məşhur simalarından olan Xalq artisti Nəsibə Zeynalovanın atası, teatr xadimi Cahangir Zeynalovun da adını hörmətlə çəkir, xidmətlərini yada salır.
***
Növbəti baş çəkdiyimiz məkan “Təhməzov” hamamıdır. Bələdçimiz yolboyu küçələrin və məhəllələrin adları ilə bağlı məlumat verir. Bildirir ki, bu hamamın tikilməsinin maraqlı tarixçəsi var. Kəndin imkanlı şəxslərindən birinin xanımı o vaxt el hamamına gedir və həmin gün kişilərin növbəsi olduğu üçün kor-peşman qayıdır. Buna görə də xanımın həyat yoldaşı Məmmədrza Təhməzov kənddə ikinci bir hamama ehtiyac olduğunu dərk edir və bu məqsədlə yeni bina inşa etdirir. Maraqlı memarlığa malik, 150-dən çox yaşı olan hamam uzun müddət Buzovna sakinlərinə xidmət edib.
Mirzə müəllim diqqətə çatdırır ki, Buzovna bir sıra yerli və xarici filmlərdə bəzi kadrların lentə alındığı məkanlardandır. Azərbaycan kinosunun incilərindən olan “Uzaq sahillərdə” və “Fətəli xan” filmlərinin bəzi kadrları burada lentə alınıb. Gürcü rejissorların çəkdiyi “Məmlük” filmində Nadir Axundov “Bayatı-kürd” muğamını burada ifa edib, Bolqarıstan və Rusiya kinematoqrafçılarının çəkdikləri “Mustafa Şokay” filmi də Buzovnada kinolentə köçürülüb. Bundan əlavə, “Yeddi oğul istərəm” filminin bəzi kadrları, son illərin ekran işlərindən olan “Axırıncı dayanacaq” filmi və s. bu kənddə tarixin kino yaddaşına yazılıb.
Daha sonra yolumuzu “Cabayev” adlanan hamam binasından
salırıq. Tikilinin içərisinə girməyə imkan olmadığından kiçik
pəncərədən içəri
boylanırıq. Lakin
fotoqrafımız, çətinliklə
olsa da, içəri keçib hamamın daxilini kadra ala bilir...
***
Bura isə Buzovnanın ən hündür yeri, “Hun qəbiristanlığı” adlı
ərazidir. Mənbələrdə e.ə. III əsrə
aid olduğu qeyd edilən qədim qəbiristanlığın ərazisində
Xəlifə Əli və Məhəmməd Mömin türbəsi də yerləşir.
Daşlar özü bir
tarixdir. Mirzə müəllim
türbənin üzərindəki
yazı və işarələrə baxaraq
unudulmaz Vaqif Mustafazadənin “Tikmədim
özüm qalam, tikdim ki, izim
qala” musiqi kompozisiyasından imitasiyalar
da edir. Bərpaya ehtiyacı olan bu abidə də
qədim tariximizin bir parçasıdır.
Bir neçə il əvvəl
türbənin üzərində
günbəz inşa olunub. Lakin qeyri-peşəkar
şəkildə ağ daşdan hörülən günbəzin
qədim abidənin memarlığına uyğun
gəlmədiyi ilk baxışdan
hiss olunur. Onu da qeyd edim ki, bu
haqda Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinə də məlumat verdik.
Ərazidəki qəbirlərin və abidələrin üzərindəki yazılar mərhum epiqrafçı alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova tərəfindən oxunub, araşdırılıb. Türbədəki sinə daşlarının quruluşu sufi mədəniyyətini xatırladır. Qəbir daşlarının üzərində təsbeh, möhür, at rəsmlərinə rast gəlmək olur. Xəlifə Əli və Məhəmməd Mömin türbəsinin içərisində Seyid Qasım adlı şəxsin məzarı yerləşir. Abidənin divarları iqlim şəraiti ilə əlaqədar aşınmaya məruz qalıb.
İndi isə qəsəbənin
“Xan bağı” deyilən ərazisindəyik.
Buranın da maraqlı tarixi var. Deyilənə görə,
bu ərazi Abbasqulu ağa Bakıxanovun babasının
bağ sahəsi imiş. Hazırda qəsəbə sakinlərinin yaşadığı
ərazidə hasarların
bəzi yerləri qədim tarixdən xəbər verir. Mirzə müəllim zarafatla deyir ki, bu evin
sakinləri də bir az imkanlı olsalar, gördüyümüz daşları
söküb tarixi “yeniləyəcəklər”. Bu yerdə onu da öyrəndik ki, Seyid Əzim
Şirvaninin oğlu Cəfər də Buzovnada dəfn olunub.
Ən son dayanacağımız
Mir Mövsüm ağanın
qardaşı nəvəsi
Mir Mövsüm Ziya ağa ziyarətgahı oldu. Bu abidə dövrün tələblərinə
uyğun inşa edilib. Bələdçimiz
deyir ki, abidənin daşları İranın İsfahan şəhərindən gətirilib...
Bizə gözəl bələdçilik
edən, qəsəbənin
mədəni mirası
ilə bağlı maraqlı məlumat verən Mirzə Ağabəyli ilə sağollaşıb ayrılırıq.
***
Sonda isə Buzovnanın tanınmış
sakinlərindən bir
neçəsini xatırlatmaq
istəyirəm. Görkəmli iqtisadçı alim, akademik Ziyad Səmədzadə, Xalq artisti, tarzən Firuz Əliyev, Əməkdar artist Mirnazim
Əsədullayev, xanəndə-pedaqoq,
Əməkdar müəllim
Nəriman Əliyev, Əməkdar rəssam
Rafael Muradov, ilahiyyatçı
alim Hacı Soltan Əlizadə, şair-qəzəlxan, klassik
ədəbiyyatın bilicilərindən
Arif Buzovnalı və başqaları öz fəaliyyət sahələrində seçilən
insanlardır.
Bir günümüzü
Buzovnaya həsr etdik. Vaxt tapan kimi sizi Bakının
başqa maraqlı məkanları ilə tanış etmək arzusu ilə
Lalə AZƏRİ
Mədəniyyət.-
2021.- 16 iyul. S. 6.