Dünya
İrs Komitəsinin 44-cü sessiyası onlayn rejimdə
keçiriləcək
İyulun
16-da Çin Xalq Respublikasının Fuçjou (Fuzhou) şəhərində
UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyası
işə başlayır. İyulun 31-dək davam edəcək
sessiya onlayn rejimdə keçiriləcək.
Xatırladaq
ki, Dünya İrs Komitəsinin növbəti (illik)
sessiyasına Çinin ev sahibliyi etməsi barədə qərar
2019-cu ildə komitənin Bakıda keçirilən 43-cü
sessiyasında qəbul edilmişdi. Lakin 2020-ci ildə pandemiya
buna imkan vermədi. Bununla belə, bir il ertələnmədən
sonra da sessiya onlayn formatda reallaşacaq.
Sessiyanın
gündəliyinə ötən ildən
yığılıb qalan məsələlər də daxil
edilib. O cümlədən Dünya İrsi Siyahısına
2020 və 2021-ci illər üzrə irəli
sürülmüş nominasiyalara birlikdə baxılacaq.
Ümumilikdə 42 nominasiya nəzərdən keçiriləcək
ki, bunun da 24-ü 2020-ci ildən qalıb. Təqdim olunan
nominasiyalardan 35-i mədəniyyət, 6-sı təbiət,
1-i qarışıq (mədəniyyət və təbiət)
irs nümunəsidir. Onların arasında Türkiyənin
Malatya bölgəsindəki Arslantəpə qədim şəhər
yeri, Trans-İran dəmiryolu və Hawraman/Uramanat mədəniyyət
landşaftı (hər ikisi İran), Oneqa gölü və
Ağ dəniz petroqlifləri (Rusiya), Kolxida tropik meşələri
və su-bataqlıq əraziləri (Gürcüstan) kimi
nominasiyalar var.
Mədəniyyət.-
2021.- 16 iyul. S. 1.