Sənətə
bağlı adam
Yaradıcılıq
eşqi daxili təlatüm, narahatlıq, həyata həddən
artıq diqqət və sevgidən yaranır. Yalnız belə
olan halda insan sənətə bağlana, sənətlə
yaşaya, ömrünü bütünlüklə sənətə
həsr edə bilər. Xalq artisti, kinorejissor, aktyor Ramiz
Əzizbəyli (1948–2021) də taleyinə yazılan 73 illik
ömür payının 60 ilini sənətə həsr etdi.
Sənətkarı ilk dəfə onsuz qeyd olunacaq doğum
günü (20 iyul) ərəfəsində yad edirik...
Kinoda keçən ömür
Kiçik
yaşlarından taleyi sənətə bağlı insanın
kino ilə ilk tanışlığı 9 yaşından
başlayıb. Azərbaycan Televiziya və Radiosunun uşaq
verilişlərində çıxış edən
bacarıqlı yeniyetmə, görkəmli kinorejissor Əjdər
İbrahimovun quruluş verdiyi “Bir məhəllədən iki nəfər”
(1957) filmində debüt rolunu (ayaqyalın uşaq) oynayıb.
Peşəkar kollektivlə, tanınmış sənətkarlarla
birlikdə çalışması onun hafizəsində silinməz
iz buraxır, həyatını sənətə həsr etməsinə
səbəb olur. Kinoya böyük sevgi duyan istedad sahibi tədricən “Azərbaycanfilm”də
istehsal olunan ekran əsərlərində kiçikplanlı,
epizodik rollarda yaradıcılığını təsdiqləyir,
geniş planlı, aparıcı rollara dəvət alır.
İstedadı, zəhmətsevərliyi sayəsində
çoxsaylı tamaşaçıların sevimlisinə
çevrilir, insanpərvərliyinə görə isə həmkarlarının
rəğbətini qazanır.
Yaradıcılıq
filmoqrafiyasına 100-dən artıq film daxil olan sənətkar
kino fəaliyyətində
çəkildiyi, səsləndirdiyi, rejissor kimi quruluş
verdiyi və mahnılar ifa etdiyi filmlərə fərdi dəst-xətti
ilə baxımlılıq gətirib, uğur
qazandırıb. 50-yə yaxın “Mozalan” kinosüjetində
xarakterik rollar yaradan aktyor 20-dən artıq filmdə müxtəlif
rolları, həmçinin animasiya filmlərində
personajları (“Basat və Təpəgöz”də Aruz, “Talada
ev”də Siçan) məharətlə səsləndirib. 30
filmdə irili-xırdalı rol oynayıb. Rejissor kimi 4 ekran əsərinə
(“Pirverdinin xoruzu” qısametrajlı bədii, “Bəxt
üzüyü” komediya, “Yalan” dram-müharibə,
“Qovğalı kəndinin gecələri” qısametrajlı bədii
televiziya filmləri) quruluş verib. Məlahətli, məxməri
səs diapazonuna malik, güclü musiqi duyumu olan aktyor bir
neçə filmin (“Cin mikrorayonda”, “Bəxt üzüyü” və
s.) mahnılarını obrazlı və baməzə
üslubda səsləndirib.
Sənətkar haqqında
düşüncələr
Tanınmış kino xadimlərinin
maraqlı xatirələri Ramiz Əzizbəylinin
yaradıcılıq xüsusiyyətlərini
daha geniş şəkildə səciyyələndirir.
Əməkdar
incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov:
“Ramizlə 1970-ci ildə kinostudiyaya gələndə
tanış olmuşduq və dostlaşmışdıq.
Rejissor kimi onu ilk dəfə “Arvadım mənim,
uşaqlarım mənim” kinoalmanaxına daxil olan eyniadlı
novellada Səfər roluna çəkmişəm. O, təkcə
çəkilmirdi, həm də rolla bağlı əlavələrini
edirdi. Rola aid replika deyəndə həmin fikrin 3-4
variantını deyirdi. Tərəf-müqabili Kamil Məhərrəmova
da öz tövsiyələrini verirdi. Onun özünəməxsus
ironik ifası vardı və mən bunu başqa aktyorlarda
görmədim. Onunla işləmək çox rahat idi.
İşgüzar, işıqlı, pozitiv, aktiv insan idi.
Dublyajda da çox çalışırdı. Epizod rollara
daha çox dəvət alırdı və çəkilirdi.
Hər kəslə mehriban münasibəti vardı. Buna
görə də kinostudiyada hamı onu sevirdi.
Rejissor
kimi ikinci filmi olan “Bəxt üzüyü” (1991)
tamaşaçılar tərəfindən sevgi ilə
qarşılandı. Film o dövr üçün ən
çox gəlir gətirən kassa filmi oldu. Maraqlıdır
ki, hətta rusdilli izləyicilər də bu filmə maraqla
baxır və sevir. O, heç bir filmə çəkilməsəydi,
təkcə “Bəxt üzüyü” filmini çəksəydi
belə, yenə də adı Azərbaycan kino tarixinə
klassik rejissor kimi düşəcəkdi. Çünki “Bəxt
üzüyü” filmi əsl milli filmdir. Şair, dramaturq Vaqif
Səmədoğlunun ssenarisi və Ramiz Əzizbəylinin fərdi
yaradıcılıq üslubu klassik milli filmin ərsəyə
gəlməsinə səbəb oldu. Ramiz Əzizbəyli
insanların qəlbində iz qoyub getdi”.
Əməkdar
incəsənət xadimi, kinorejissor Ziyafət Abbasov: “Ramizlə
ailəvi dost, sirdaş idik. Çox istedadlı insan idi. Həmişə
onun rolları ilə fəxr etmişəm, əksəriyyətini
də bəyənmişəm. Xeyirxah xasiyyəti vardı.
Xalq onu çox sevirdi”.
Əməkdar
incəsənət xadimi, kinorejissor Elxan Cəfərov: “Ramiz
Əzizbəylini uşaqlıqdan tanıyıram. Amma çəkiliş
meydançasında ilk görüşümüz “Şir evdən
getdi” filmində olub. O, həmişə peşəkar insan
kimi hafizəmdə iz salıb. 2010-cu ildə “Əlavə təsir”
filmini çəkəndə ona psixoloq rolunu həvalə
etdim. Obrazın öhdəsindən bacarıqla gəldi. Filmin
daxili baxışında zalda oturmuşdu. Digər həmkarlarımız
kimi bizə dəstək olmaq istəyirdi. Onun özünəməxsusluğu
onda idi ki, baxış zamanı sükutu daim pozur, elə hey
“sağ ol, Elxan, sağ ol, Nadir, sağ ol, Əli” deyərək
bizə dəstək olduğunu sübut edirdi. Çox
zarafatcıl, həssas, məsuliyyətli və
canı-qanı ilə sənətə bağlı insan idi.
Azərbaycan
kinosunu və “Azərbaycanfilm” kinostudiyasını mənə
doğma edən insanlar sırasındadır. Ümidim
vardı ki, xəstəliyinin sonunda yenə də onun gülər
üzünü görəcəyəm. Əfsuslar olsun ki, bu olmadı. Onu həmişə
böyük sevgi hissi ilə xatırlayacağam”.
Əməkdar
mədəniyyət işçisi, kinorejissor, aktyor Elman
Dadaşoğlu: “Ramiz Əzizbəyli ilə “Bəxt
üzüyü” filmində birlikdə (ikinci rejissor kimi)
işləyəndə onun istedadının bir daha şahidi
oldum. Əvvəla, onu deyim ki, filmin sevilməsinin çox səbəbi
var. Vaqif Səmədoğlunun pyesi əsasında çəkilən
filmin uğurlu olması gözlənilən idi. İki aya
yaxın ssenari üzərində iş davam etdi. Ortaya bitkin
bir komediya çıxdı. Filmdə peşəkar
aktyorların çəkilməsi ilə yanaşı, Ramizin
musiqi, rəssam işinə yaradıcı münasibət bəsləməsi
də filmin təsir gücünü artırdı.
Bildiyimiz
kimi, pyesdə hadisələr bir məkanda, bağ evində
baş verir. Ramizin özünəməxsus üslub və
forma zənginliyi, duzlu-məzəli söhbətləri filmi
sıxıcı olmaqdan uzaqlaşdırır. O, bütün
vasitələrdən istifadə edərək
tamaşaçını darıxdırıcılıqdan
qutarır. Bu pyes filmdən əvvəl Sumqayıt Dram
Teatrında səhnəyə qoyulmuşdu. Baş
rolları (Söylü, Moşu
Göyəzənli) da xalq artistləri Afaq Bəşirqızı
və Valeh Kərimov oynayırdı. Ramiz peşəkarlarla
çox işləmirdi. Obrazların kimliyi haqqında
onları məlumatlandırır,
aktyorlara sərbəstlik verir, istədiyini ala bilməyəndə
isə göstərirdi. Aktyor peşəkarlığı bu məqamda
ona çox kömək edirdi. Epizodu elə əlvan
çalarla göstərirdi ki, səhnəni hazır
görürdün. İmprovizəni çox sevirdi. Aktyor bunu
edəndə imtina etmirdi, bir şərtlə ki, süjet xəttindən
kənara çıxmasın, bayağılığa yol verməsin,
rolun daxili qatlarını açmağa köməklik etsin.
Çəkiliş
meydançasında onu səsini qaldıran, əsəbiləşən
görmədim. Filmdə dənizkənarı kafedə
dostların söhbəti səhnəsi ssenaridə yox idi.
Barmağını stola döyəcləyərək söhbət
etmək şakəri olan obrazı ifa edən aktyor həvəskar
idi. Ramiz onunla məşq edir, istədiyini ala bilmirdi. Həmin
kadr 10 dubldan sonra çəkildi.
Filmdə
maraqlı kadrlardan biri də Söylünün Moşunun dənizdə
batdığını eşidib qaçmasıdır.
Havalanmış kimi qaçan Söylü yolda gedən iki nəfəri
itələyir. Biri yıxılır, başına daş
düşür, digərinin əlindəki içki
şüşəsi sınır. Söylünün
qaçışının effektliyini artırmaq
üçün Ramiz bu mizanı fikirləşmişdi.
Çox
zarafatcıl insan idi, amma zarafatının yerini bilirdi.
Özünəməxsus lətifə danışmaq
bacarığına görə ssenaridə olmayan
zarafatları əlavə olaraq çəkə bilirdi. “Bəxt
üzüyü”ndə milis işçisinin (Xalq artisti Arif
Quliyev) qonşuları milis bölməsinə aparanda faşist
paltarında görünmə səhnəsi də filmə əlavəsi
idi.
Gözəl
musiqi duyumu, şirin məlahətli səsi vardı. Çox
məşğul olsaydı, bəlkə də məşhur
müğənni olardı. Bəstəkarla xüsusi həssaslıqla
işləyirdi. Mahnıların yazılışının əksəriyyətində
yaxından iştirak edirdi. Onun rəssamlıq qabiliyyəti də
vardı. Kompozisiyadan tutmuş kadrlardakı xırda
detalların düzülüşünə qədər hər
bir tərtibata rəssam gözü ilə baxırdı.
Çəkiliş meydançası onun üçün hər
şey idi. Yorulmadan çalışırdı. Bəzən
fəhlənin görməli olduğu işi də özü
görürdü.
“Bəxt
üzüyü” filminin finalına yaxın qonşular
arasında olan narazılıqdan sonra küsülü
münasibət yaranır, daş hasar tikilir. Çəkilişdən
bir gün əvvəl hasar tikilməli idi. Həmin gün də
filmin direktorunun (Akif Musayev) səhhətində problem yaranmışdı.
Usta və fəhlələri o gətirməli idi. Günortaya
qədər gözlədik. Məlum oldu ki, fəhlələr
hansısa səbəbdən gəlməyəcək. Çəkilişi
başqa günə salmaq qərarı verildi. Ramiz bildirdi ki,
hasarı özümüz tikəcəyik.
İşıqçı Daşdəmir hörgü işini
bacarırdı. Ramiz, mən və Daşdəmir həmin
bağ evinə yollandıq. Ramiz sementlə qumdan
palçıq hazırladı, mən də daşları
daşıdım. Daşdəmir isə divarı
hördü. Axşama yaxın hasarı hörüb
qurtardıq. Bir qədər sonra filmin direktoru gələndə
Ramiz ona zarafatla “yəqin külək sənə bitirdiyimizi
çatdırıb” deyə gülümsədi. O, əmin idi
ki, bu film uğur qazanacaq. Çünki çəkiliş
vaxtı bəzi səhnələrə özümüz də
gülürdük. Ramiz adi lətifəni elə gülməli
danışırdı ki, ona gülməmək mümkün
deyildi. İrili-xırdalı epizodları zərgər dəqiqliyi
ilə, komik ruhla, baməzə əhvalla işləyirdi. Buna
görə də tamaşaçıların sevdiyi bir film ərsəyə
gətirdi.
Onun
şairliyi də vardı. Qəzəllər, sərbəst
janrda, heca vəzində şeirlər, hətta həcvlər
yazırdı. Kiçik yaşlarından televiziya və radio
proqramlarında çıxış etdiyindən, sənətlə
məşğul olduğundan film dublyajında xüsusi yeri
vardı. Elə vaxt olurdu ki, bir filmdə iki-üç rolu səsləndirirdi.
Səsini məharətlə dəyişə bilirdi. Geniş
anlamda çox istedadlı, zəhmətkeş bir insan idi. Təəssüf edirəm ki,
rejissor kimi az film çəkdi...”.
Şəhla
ƏMİRLİ
Mədəniyyət.-
2021.- 16 iyul. S. 1; 7.