Gəncədə şəhid mədəniyyət işçisinin barelyefi qoyulub

 

Gəncənin Cavad xan qəsəbəsində Vətən müharibəsi şəhidi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Nizami filialının bələdçisi işləmiş Hikmət Lətif oğlu Məmmədovun yaşadığı evin qarşısında barelyefinin açılışı keçirilib. Barelyef heykəltəraş Qasım Qasımov tərəfindən hazırlanıb.

 

Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə idarənin rəisi Vasif Cənnətov, mədəniyyət işçiləri, qoruğun əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Mərasimdə çıxış edən Vasif Cənnətov Vətən torpağının azadlığı uğrunda canını fəda edən qəhrəman oğulların adının əbədiləşdirildiyi, onların ailələrinin diqqət və qayğı ilə əhatə olunduqlarını bildirib. Qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən şəhid mədəniyyət işçilərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində lazımi tədbirlər görülür.

 

Digər çıxış edənlər Hikmət Məmmədovla bağlı xatirələrini bölüşüblər.

 

Qeyd edək ki, Hikmət Məmmədov Vətən müharibəsinə könüllü gedib. Oktyabrın 2-də Murovdağ istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 4-də Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.

 

Hikmət Məmmədov ölkə başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Mədəniyyət.- 2021.- 16 iyul. S. 3.