Ukraynalı jurnalist: “Şuşa, həqiqətən də, Qarabağın incisidir”

 

Şuşa Qarabağın əsl incisidir və Azərbaycanın onun bərpasına göstərdiyi və hələ göstəriləcək bütün səylərə layiqdir. Şəhərin yenidən qurulacağı və yerli sakinlərin oraya qayıdacağı zaman bu şəhərə yenə gəlməyi çox istərdim. İnanıram ki, bu, tezliklə baş verəcək.

Bu günlərdə Şuşada olmuş Ukraynanın “Kanal 5” telekanalının müxbiri Yevgeniya Kitayeva təəssüratını bölüşərkən belə deyib.

O qeyd edib ki, şəhərin bərpası üçün Azərbaycanın, əlbəttə ki, iddialı planları var: “Biz hələ hərbi əməliyyatların ilk günlərində – sentyabr ayının sonunda işgüzar səfərə gələndə, mən insanlardan “Biz Şuşa şəhərini qaytarmalıyıq” cümləsini çox eşidirdim. O zaman mən bu şəhərin azərbaycanlılar üçün hansı məna kəsb etdiyini hələ tam anlamırdım, amma onsuz da jurnalist marağım mənə rahatlıq vermirdi. Şuşa haqqında çox oxumağa başladım. 44 günlük müharibə bitdikdə və şəhərin artıq Azərbaycanın nəzarətində olduğu məlum olduqda, oraya getmək və hər şeyi öz gözlərimlə görməyi çox istəyirdim. Fevral ayında Prezident İlham Əliyev mətbuat nümayəndələri ilə görüşəndə mən özümü saxlaya bilmədim və ondan jurnalistlər üçün Şuşaya səfərlə əlaqədar soruşdum. O, söz verdi. İyul ayının əvvəlində mən orda oldum. Dağıntılara baxmayaraq, şəhər çox gözəldir”, – deyə Yevgeniya Kitayeva bildirib.

Ukraynalı jurnalist Şuşada çox sayda memarlıq və tarixi abidənin olduğunu vurğulayıb: “Biz şəhərdə hər şeyi mümkün qədər tez bərpa etməyə çalışan hərbçiləri və inşaatçıları gördük. Ancaq, həqiqətən, orada çox iş var. 28 illik işğaldan sonra binaların əksəriyyəti dağıdılıb. Biz Şuşada olduğumuz zaman mən düşünürdüm ki, bir çox Şuşa sakini buraya gəlməyi xəyal edir, mən isə artıq bu küçələr boyu gəzirəm”.

 

Mədəniyyət.- 2021.- 16 iyul. S. 8.