Qələbəyə
görə milli qürur hissi
Macarıstan
nəşri Azərbaycanın Qarabağ Zəfərinin təəssüratından
bəhs edir
Macarıstanın
“Madyar Nemzet” qəzetinin internet versiyasında bu yaxınlarda
reportyorlar qrupunun tərkibində Azərbaycanda səfərdə
olmuş jurnalist David Laslonun məqaləsi dərc edilib.
Müəllif
ötən ilin payızında Azərbaycanın 44 gün ərzində
Qarabağda geniş ərazilərini erməni
işğalından azad etməsini xatırladır. Qeyd edir
ki, müharibə başa çatandan yarım il sonra hərbi
əməliyyatların ab-havası bir az səngiyib, qəhrəmancasına
həlak olan döyüşçülərin xatirələri
və heyrət doğuran hərbi Qələbəyə
görə milli qürur hissləri ilə əvəz olunub.
“Azərbaycanda,
xüsusən kənd yerlərində şəhidlərin
çoxlu portretləri asılıb. Ötən ilin
payızında Qarabağ uğrunda gedən 44 günlük
müharibədə həlak olan qəhrəmanlara həsr
edilmiş lövhə və posterləri yolun kənarı
boyunca, yaşayış məntəqələrinə
girişdə, mağazaların və evlərin pəncərələrində
görmək mümkündür” – macar jurnalist yazır.
Müəllif
Bərdə rayonuna və Azərbaycanda əhalinin sayına
görə ikinci böyük şəhər olan Gəncəyə
müharibənin vurduğu yaralardan da bəhs edir. Qeyd edir ki,
Gəncə cəbhə xəttinin 80 kilometrliyində yerləşsə
də, erməni raketlərinin hücumuna məruz qalıb.
Raket atılması nəticəsində əmələ gələn
çalaların yan-dövrəsinə düzülmüş
oyuncaqlar və güllər həlak olanları
xatırladır. Xarabalıqlar içində günəbaxanlar
boy atıb və buradan keçənlər bu “memorial”a öyrəşməyə
başlayıblar.
“Bu Qələbə
Azərbaycana baha başa gəldi” deyən David Laslo “Buna dəyərmi”
sualını verdikdə sakinlər bir ağızdan “Biz
xoşbəxtik!” cavabını veriblər.
Macar
jurnalist Bakıda, “bir qədər qeyri-adi yerdə, hündür
binaların kölgəsində, sahilboyu ilə yanaşı”
yerləşən Hərbi qənimətlər parkından da
bəhs edir. Bildirir ki, park bu isti günlərdə də
şəhərlilərin diqqətini cəlb edir, ziyarətçilər
üçün əsl ailə bayramına çevrilir.
Turistlər, uşaqlar və məktəblilər buradakı nə
vaxtsa ölümsaçan texnikanın fonunda böyük məmnuniyyətlə
şəkil çəkdirirlər.
Mədəniyyət.-
2021.- 16 iyul. S. 8.