Qarabağın yeni
növrağı: işıq, yol, bərpa,
quruculuq
“Müharibədən
cəmi 8 ay keçib,
amma görün nə
qədər böyük işlər görülür”
Biz müntəzəm olaraq Azərbaycan ictimaiyyətini gedən işlərlə bağlı məlumatlandırırıq. Görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir. Əlbəttə, o bölgələrdən olan insanlar – keçmiş köçkünlər bu layihələrin icrasında iştirak edirlər, onların rəyi mütləq nəzərə alınır. Müharibədən cəmi 8 ay keçib, amma görün nə qədər böyük işlər görülür.
Prezident İlham Əliyev bu sözləri iyulun 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərindən danışarkən deyib.
Dövlət başçısı vurğulayıb ki, biz, ilk növbədə, minatəmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq: “Bu həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib”.
Mina xəritələrinin Azərbaycana verilməməsinin və bunun hansısa şərtlərlə verilməsinin Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq, vicdansızlıq olduğunu deyən İlham Əliyev bildirib ki, bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyinin təzahürüdür: “Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Müharibə qurtarıb, biz qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə barışıb, barışmalı olub, məcbur etdik. İndi mina xəritələrini verməməsi nə məqsəd güdür? Daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Bu, düşmənçilik deyil, nədir? Bu, bir daha onların xislətini göstərir”.
Prezident qeyd edib ki, bu ilin sonuna qədər azad edilmiş torpaqlarda – həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq. Buraya yeni ötürücü xətlərin çəkilməsi, transformatorların, yarımstansiyaların qurulması, eləcə də ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyasının bərpası və s. işlər daxildir: “Beləliklə, bu, əsas məsələdir. Çünki bu olmasa, heç bir inkişafdan söhbət gedə bilməz”.
Bundan sonra yaşıl enerji layihəsinin icra ediləcəyini diqqətə çatdıran dövlət başçısı deyib ki, artıq bir xarici şirkət tərəfindən maraq göstərilib. “200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır... Biz onları da dəvət edirik, gəlsinlər, investisiya qoysunlar. Bizim şaxələndirilmiş enerji şəbəkəmiz var, bizim bütün qonşu ölkələrlə Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli enerji xətlərimiz var. Biz istənilən yerə enerjini ötürə bilərik”, – deyə İlham Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur: “Burada da 8 ay ərzində görün nə qədər böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə edilməyib. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək”.
Dövlət başçısı, həmçinin bildirib ki, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.
Prezident diqqətə çatdırıb ki, Azərbaycanın Ermənistanla sərhədindəki yüksək dağ silsilələrindəki nöqtələrinə çıxmaq may ayında, qarın əriməsindən sonra mümkün olub: “Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik”.
Qeyd edək ki, artıq Kəlbəcər rayonuna elektrik enerjisinin verilməsinə başlanılıb. “Azərişıq” ASC tərəfindən Kəlbəcər rayonunun mərkəzində daxili şəbəkə, küçə işıqlandırılması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətləri bərpa edilib və işıq verilib.
İşıq və yol otuz ilə yaxın işğalın qaranlığında qalıb xarabazara çevrilmiş yurd yerlərinə həyatın, inkişafın, quruculuğun, o cümlədən mədəniyyətin qayıtması deməkdir...
Mədəniyyət.-
2021.- 23 iyul. S. 1.