“Oğlum
Öməri məktəbə yollaya bilməyəcəyəm...”
44 günlük İkinci Qarabağ müharibəsi gənclərimizin qəhrəmanlıq sınağı oldu və Vətən oğulları bu imtahandan şan-şərəflə çıxdılar. Vətəni canından əziz bilən, ana yurdun azadlığı uğrunda ölümün üzərinə mərdanə gedən igidlərimizdən şəhid gizir Naiq Ələkbərov haqqında söz açacağıq.
Naiq Faiq oğlu Ələkbərov 1994-cü il avqustun 8-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 2000-2011-ci illərdə F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində feldşerlik üzrə təhsil alıb. 2014-2015-ci illərdə gizir hərbi rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində feldşer kimi xidmət edib. 2015-ci ildən etibarən müvafiq kurslardan keçərək Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) cərgələrinə qoşulub. 2016-cı ilin Aprel döyüşləri zamanı Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib.
Xidməti dövründə göstərdiyi yüksək peşəkarlığa görə Azərbaycan Ordusunun 95 və 100 illik yubiley medalları ilə təltif olunub.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində hünər meydanına atılan Naiq Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edir. Oktyabrın 9-da Cəbrayıl rayonu ərazisində şəhidlik zirvəsinə ucalır.
Döyüşçü yoldaşlarının sözlərinə görə, Naiq son nəfəsində “Oğlum Öməri məktəbə yollaya bilməyəcəyəm, şəhid oluram...” deyərək gözlərini əbədi olaraq yumub.
Şəhidin atası Faiq Ələkbərov qeyd edir ki, oktyabrın 10-u səhər saatlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən onlarla əlaqə saxlayıblar: “Söylədilər ki, oğlunuz yaralıdır, şöbəyə yaxınlaşarsınız. Həmin dəqiqə hiss etdim ki, Naiq şəhid olub. Hazırda digər oğlum Nahid də ön cəbhədə Vətənə xidmət edir. Mən oğullarımla fəxr edirəm. Naiq Vətən uğrunda şəhadətə qovuşdu. Ümid edirəm ki, övladı da böyüyəndə onun kimi igid, vətənpərvər olacaq”.
2013-cü ildə ailə həyatı quran Naiqin Ömər, Zəminə və Çiçək adlı üç övladı yadigar qalıb.
Naiq Ələkbərov oktyabrın 10-da Şamaxı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin həyat yoldaşı Əfsanə Ələkbərova söyləyir ki, Naiqdən 10 gün əvvəl öz qardaşı İlkin Zülfüqarov da Vətən yolunda şəhidlik zirvəsinə ucalıb: “Qardaşım evin tək oğlu idi. Vətən müharibəsi başlayan zaman Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi cəbhədə idi. Müharibənin ilk günlərində bir neçə döyüşdə iştirak edib. Sentyabrın 30-da Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub”.
Qeyd edək ki, İlkin Zülfüqarov oktyabrın 1-də Ağsu rayon Şəhidlər xiyabanında dəfn olunub. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Naiq, İlkin kimi qəhrəmanlar Vətən yolunda canlarını qurban verdilər. Torpaq uğrunda ölən varsa, Vətən var, deyiblər. İllər ötsə də, xalqımız belə qəhrəmanlarımızı heç vaxt unutmayacaq, əziz xatirələrini uca tutacaq.
Ruhları şad olsun.
NURƏDDİN
Mədəniyyət.-
2021.- 23 iyul. S. 6.