Qahirədə Nizami
Gəncəviyə həsr olunmuş tədbir
keçirilib
Qahirədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir ölkəmizin Misirdəki səfirliyi və Azərbaycan dilini təbliğ və tədris etmək məqsədilə Qahirədə yaradılmış EPS dillər mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə ESP dillər mərkəzində Azərbaycan dili kurslarında təhsil alan misirli gənc qızlar dövlət himnimizi səsləndiriblər.
Azərbaycan səfirliyinin əməkdaşı Emil Rəhimli çıxış edərək dahi Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Şərq poeziyası və fəlsəfi fikrinin İntibah dövrünün ən böyük nümayəndələrindən olmuş şairin yubileyi münasibətilə Misirdə silsilə tədbirlər keçirilir.
EPS dillər mərkəzinin rəhbəri İsra Adil bildirib ki, Nizaminin yubileyi münasibətilə keçirilən tədbirlər dil kurslarına gələn gənclərə Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında dərin biliklər verməyə imkan yaradır. Azərbaycan dilini öyrənən tələbələr artıq dahi şairin əsərlərini ana dilimizdə oxuya bilirlər.
Sonra misirli gənclər Nizaminin “Leyli və Məcnun” poeması əsasında hazırlanan səhnəcik təqdim ediblər. Səhnəciyi hazırlayan və rolları ifa edən tələbələrə Azərbaycan səfirliyi tərəfindən hədiyyələr və təşəkkürnamə təqdim olunub.
Mədəniyyət.-
2021.- 23 iyul. S. 8.