Dostlar dar gündə tanınır
Vətən müharibəsində Türkiyə və
Pakistanın Azərbaycana verdiyi dəstək bunun təsdiqi
oldu
Azərbaycan, Türkiyə və
Pakistan arasında qardaşlıq əlaqələri
mövcuddur. Həm Türkiyənin, həm də Pakistanın
Vətən müharibəsinin ilk anlarından Azərbaycana
verdiyi dəstək mühüm önəm kəsb edirdi.
Bu fikir iyulun 27-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə
Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa
Şentopun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşündə vurğulanıb.
Qeyd edək ki, iyulun 27-də
Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin
üçtərəfli görüşü keçirilib.
Görüşdən öncə Azərbaycan Prezidenti
Türkiyə və Pakistan nümayəndə heyətlərini
qəbul edib.
TBMM-in sədri Mustafa Şentop
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
salamlarını dövlətimizin başçısına
çatdırıb. Prezident İlham Əliyev Türkiyənin
dövlət başçısının salamlarına
görə minnətdarlığını bildirib, onun da
salamlarını Rəcəb Tayyib Ərdoğana
çatdırmağı xahiş edib.
Görüşdə TBMM sədrinin
ölkəmizə səfərinin Azərbaycanla Türkiyə
arasında əlaqələrin daha da möhkəmlənməsi
işinə töhfə verəcəyi qeyd edilib. Mustafa
Şentopun başçılıq etdiyi nümayəndə
heyətinin Şuşaya edəcəyi səfərin önəminə
toxunularaq bildirilib ki, Azərbaycan və Türkiyə prezidentləri
arasında imzalanan müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin
daha yüksək səviyyəyə qalxmasına xidmət
edir. Söhbət zamanı Azərbaycanla Türkiyə
arasında bütün sahələrdə uğurlu
işbirliyinin olduğu vurğulanıb.
Bakıda keçiriləcək Azərbaycan,
Türkiyə və Pakistan parlament sədrlərinin birinci
üçtərəfli görüşünün önəmi
qeyd edilərək bildirilib ki, bu görüş üç
ölkə arasında mövcud olan birliyi nümayiş
etdirir. Üç ölkə arasında əməkdaşlığın
geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri
formalaşdırdığı bildirilib.
Görüşdə Azərbaycan
və Türkiyə parlamentlərarası əməkdaşlığının
da uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin
bundan sonra da möhkəmlənəcəyinə və
genişlənəcəyinə əminlik ifadə olunub.
***
Pakistan Milli Assambleyasının sədri
Əsəd Qeysər 44 günlük Vətən müharibəsində
qazanılan Qələbə münasibətilə Prezident
İlham Əliyevi təbrik edərək Pakistan
xalqının bu Zəfəri Azərbaycan xalqı ilə
birlikdə qeyd etdiyini vurğulayıb.
Əsəd Qeysər Pakistan
İslam Respublikasının Prezidenti Arif Alvinin və Baş
nazir İmran Xanın salamlarını Azərbaycan Prezidentinə
çatdırıb. Prezident İlham Əliyev onun da
salamlarını Arif Alvinə və İmran Xana
çatdırmağı xahiş edib.
Görüşdə Pakistan Milli
Assambleyası sədrinin ölkəmizə səfərinin
ikitərəfli münasibətlərin gələcək
inkişafı baxımından önəmi qeyd edilib. Pakistan və
Azərbaycanın bütün məsələlərdə hər
zaman bir-birini dəstəkləyən qardaş ölkələr
olduğu bildirilib. Həmçinin Pakistan, Türkiyə və
Azərbaycan parlament sədrlərinin üçtərəfli
görüşünün əhəmiyyəti
vurğulanıb.
Görüşdə İkinci
Qarabağ müharibəsi zamanı Pakistanın dəstəyinə
görə minnətdarlıq ifadə edilib, müharibənin
ilk günlərindən dost ölkənin rəhbərliyinin
Azərbaycanın ərazi bütövlüyü ilə
bağlı önəmli bəyanatlar verdiyi qeyd olunub. Ölkələrimizin
bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədikləri
bildirilib.
Görüşdə Pakistan Milli
Assambleyası sədrinin Şuşaya səfərinin əhəmiyyəti
də qeyd edilib, bunun ölkələrimiz
arasında münasibətlərin inkişafının bariz
nümunəsi olduğu vurğulanıb.
Mədəniyyət.-
2021.- 28 iyul. S. 1; 2.