Nəhayət...
Sənət səhnəyə qayıdır...
XII Qəbələ
Musiqi Festivalı beş gün davam edəcək
2009-cu ildə əsası qoyulan,
ötən müddətdə dünya və Azərbaycan
musiqisinin görüş yerinə çevrilən Qəbələ
Musiqi Festivalı 2020-ci ildə pandemiya səbəbindən
keçirilmədi. COVİD-19 nəinki festivalları,
ümumilikdə musiqini, incəsənəti səhnədən,
kütləvi tamaşaçıdan uzaq salıb.
İlyarımdır davam edən bu məcburi ayrılıqdan
sonra, nəhayət, sənətin səhnəyə qayıdışı
üçün bir imkan...
Qəbələ
Musiqi Festivalı yenidən sənətsevərlərin
görüşünə gəlir. Məlum səbəblərdən
festivala xarici ölkələrdən iştirakçılar dəvət
olunmasa da, musiqi bayramının proqramı zəngindir. Üstəlik,
bu dəfə Qəbələ
Musiqi Festivalı əlamətdar yubileyə – Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100
illiyinə həsr olunub.
Heydər
Əliyev Fondunun təşkilatçılığı, Təhsil
Nazirliyi, Mədəniyyət
Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyası və “Gilan Holdinq”in dəstəyi ilə
keçirilən XII Qəbələ Musiqi Festivalı iyulun
31-dən avqustun 4-dək davam edəcək.
Məlum
olduğu kimi, bu il Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının 100 illik yubileyidir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 26 may 2021-ci il
tarixində yubileyin keçirilməsi haqqında sərəncam
imzalayıb. Bununla bağlı respublikamızın bir
çox bölgələrində, musiqi-tədris
ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi
nəzərdə tutulub. Bir il aradan sonra yenidən təşkil
olunan Qəbələ Musiqi Festivalı da məhz bu yubileyə
töhfə olacaq.
Sənətsevərlər
beş gün davam edəcək festivalda musiqi kollektivlərinin
və tanınmış ifaçıların maraqlı
konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə
yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil
olunacaq.
İlk
olaraq iyulun 31-də saat 17:00-da Qəbələ şəhərindəki
Heydər Əliyev Konqres Mərkəzində Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyası tələbələrinin
konserti keçiriləcək. Konsertdə respublika və beynəlxalq
müsabiqələr laureatları çıxış edəcəklər.
XII Qəbələ
Musiqi Festivalının təntənəli
açılışı həmin gün saat 21:00-da
açıq səhnədə (“Qafqaz Resort” hoteli) Müdafiə
Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin
iştirakı ilə baş tutacaq. Bədii rəhbər,
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi
Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor
Yusif Axundzadə, orkestr rəisi Əməkdar incəsənət
xadimi, polkovnik-leytenant Rüfət Axundzadə və hərbi
dirijor baş leytenant Elnur Qurbanovun rəhbərliyi altında
Arslan Növrəsli (tar), Aynur İsgəndərli (vokal), Kənan
Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq
Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara)
ifaları səslənəcək.
1
avqust saat 17:00-da Heydər Əliyev Konqres Mərkəzində
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin
daha bir konserti olacaq.
Həmin
gün saat 21:00-da eyni məkanda Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin “Bakı Kamera Orkestri”
çıxış edəcək. Bədii rəhbər Xalq
artisti Fərhad Bədəlbəyli, baş dirijor Əməkdar
artist Fuad İbrahimov, dirijor Cavad Tağızadədir. Solistlər
Xalq artistləri Murad Adıgözəlzadə (piano), Murad
Hüseynov (piano), Yeganə Axundova (piano), Əməkdar artistlər
İlham Nəzərov (vokal), Rövşən Quliyev (truba),
Əziz Pənahdır (qoboy).
2
avqust saat 17:00-da Heydər Əliyev Konqres Mərkəzinin səhnəsində
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası müəllimlərinin
konserti təqdim olunacaq.
Saat
21:00-da isə açıq səhnədə (“Qafqaz Resort”) “Zəfər”
muğam kompozisiyası” adlı muğam axşamı
keçiriləcək. Proqramda Xalq artistləri Mənsum
İbrahimov (xanəndə),
Elçin Həşimov (tar), Əməkdar artistlər Təyyar
Bayramov (xanəndə), Elnur Əhmədov (kamança), eləcə
də Gülzar Fərəcova (xanəndə), Günay
İmamverdiyeva (xanəndə), Kənan Bayramlı (xanəndə),
Ceyhun Qurbanov (sintezator), Siyavuş Kərimov (nağara) çıxış edəcəklər.
3
avqust saat 17:00-da Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyası müəllimlərinin daha bir konserti keçiriləcək.
Sənətsevərlər Xalq artistləri Murad Adıgözəlzadə
(piano), Ülviyyə Hacıbəyova (piano), Elnarə
Dadaşova (piano), Gülnaz İsmayılova (vokal), Əvəz
Abdulla (vokal), Əməkdar artist Fəridə Məmmədova
(vokal), Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev
(piano) və beynəlxalq müsabiqələr laureatı Nərmin
Nəcəflinin (piano) ifalarını dinləyəcəklər.
Həmin
gün saat 21:00-da açıq səhnədə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti
Rauf Abdullayev) müşayiəti, Xalq artisti Yalçın
Adıgözəlovun dirijorluğu ilə Əməkdar artist,
istedadlı violin ifaçısı Elvin Qəniyevin konserti
baş tutacaq.
Festivalın
sonuncu günü, 4 avqustda saat 17:00-da Heydər Əliyev
Konqres Mərkəzində respublika və beynəlxalq
müsabiqələr laureatı Eldəniz Ələkbərzadənin
ifasında fortepiano musiqisi axşamı keçiriləcək.
Festivalın
bağlanış konsertində saat 21:00-da açıq səhnədə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin (dirijor Xalq artisti Fəxrəddin Kərimov)
müşayiəti ilə tamaşaçılara “Viva opera”
adlı proqram təqdim olunacaq. Solistlər: Xalq artistləri
Gülnaz İsmayılova, Samir Cəfərov, Əvəz
Abdulla, Əməkdar artistlər Fəridə Məmmədova,
Səbinə Əsədova, respublika və beynəlxalq
müsabiqələr laureatları Elmina Həsənova, Adil
Axundov, Mahir Tağızadə, Atəş Qarayev.
XII Qəbələ
Musiqi Festivalının bədii rəhbəri Xalq artisti,
professor Fərhad Bədəlbəyli, icraçı direktoru
Əməkdar artist Səbinə Əsədova, koordinatoru Azərbaycan
Dövlət Akademik Filarmoniyasının quruluşçu
rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyədir.
Təşkilat komitəsinin üzvləri: Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının tədris işləri
üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə
Quliyeva; BMA-nın beynəlxalq əlaqələr, ictimai əlaqələr
və sosial məsələlər üzrə prorektoru, Xalq
artisti, professor Yeganə Axundova; Azərbaycan Dövlət
Akademik Filarmoniyasının direktor müavini Afət
Mikayılov; festivalın aparıcıları: Xalq artisti,
professor Zəhra Quliyeva, Əməkdar artist Oleq Əmirbəyov.
Mədəniyyət.-
2021.- 28 iyul. S. 1; 2.