“Qasid, gedər olsan bizim ellərə...”
XIX əsrdə Göyçə
aşıq mühitinin
yetirdiyi ünlü sənətkarlardan biri də Aşıq Alı olub. Ədəbi irsi
bütövlükdə günümüzə
gəlib çıxmasa
da, el arasında təcnis ustadı kimi tanınıb. Qoşma, bayatı, gəraylı, müxəmməs, divani və ustadnamələri dillərdə dolaşıb.
Ustad aşıq həm də “Təcnis Alı”, “Loğman Alı”, “Dədə Alı”, “Şıx Alı” deyə çağırılıb.
Haqqında “Aşıq Alı
və Əsmər xanım” dastanı bağlanıb. Görkəmli sənətkarı anadan olmasının 220 illiyi münasibətilə yada saldıq. Bu il həm də Aşıq Alının ən məşhur yetirməsi Aşıq Ələsgərin
200 illiyidir və ustadla şəyirdin adı, şöhrəti birgə vurğulanacaq...
Alı Mirzə
oğlu 1801-ci ildə
Göyçə mahalının
Qızılvəng kəndində
dünyaya göz açıb. Əvvəlcə mollaxanaya gedir,
sonra ibtidai məktəbi bitirir.
Aşıq musiqisinə maraq
göstərir, el şənliklərində
ustad sənətkarları
dinləyir. Yeri düşdükdə
özü də saz havalarını zümzümə edir.
Getdikcə bu ulu sənətə qəlbən
bağlanır. Atası
Alını Kərkibaş
kəndində yaşayan
Ağ Aşığa
şəyird verir. Ustad sənətkar onun istedadlı bir gənc olduğunu
ilk gündən hiss edir.
Qısa müddətdə əksər
saz havalarını Alıya öyrədir.
Deyilənlərə görə, Aşıq Alı ucaboy, enlikürək və çox yaraşıqlı
bir gənc olub. Məlahətli səsi, dastan
söyləmək qabiliyyəti
onu hər kəsə sevdirib. Çox keçmir bu gənc aşığın
səsi-sorağı Göyçənin
hüdudlarını aşır.
Araşdırmalarda göstərilir ki,
Aşıq Alı Göyçə mahalının
Çamırlı kəndində
Niftalı adlı varlı bir kişinin qızı Bəstini istəyir.
Ancaq başlıq pulunu verə bilmədiyi üçün doğma kəndi tərk edir. Pul qazanmaq üçün
Naxçıvana, oradan
da Türkiyəyə
gedir. Gedərkən sevdiyi xanıma
iki ilə qayıdacağına söz
verir. Dolaşdığı diyarlarda həm
ozan-aşıq sənətini
və öz məharətini nümayiş
etdirir, eyni zamanda güzəranını
yaxşılaşdırır. Ancaq vədinə əməl edə bilmir. Göyçə mahalına bir
qədər gec qayıdır. Valideynləri Bəstini başqa birisinə vermək qərarına gəlirlər.
Aşıq Alı Türkiyədə
olarkən bir məclisdə həmyerlisi
ilə qarşılaşır.
Ailəsinə xəbər göndərir
ki, bədgüman olmasınlar, tezliklə vətənə dönəcək.
O, “Deyinən” rədifli
qoşmasını da
həmin vaxt qələmə alır:
Qasid, gedər olsan bizim ellərə
Bu naməni o canana
deyinən.
Qohum-qardaş, dost-müsahib olanlar,
Göz dikməsin başqa yana deyinən.
Aşıq Alı Türkiyədə
olarkən bir çox məclislər yola verir, ustad
aşıqlarla görüşür. Hətta bir
neçəsi ilə
deyişir də.
Söz meydanında onları bağlayır və sazlarını əllərindən
alır. Ustadın
bu saz-söz cahangirliyini şəyirdi Aşıq Allahverdi çox sonralar belə qələmə alıb:
Mahalımın şah tavarı,
Alqış sənə, Aşıq Alı.
Saldın
kəməndə Yığvalı,
Alqış sənə, Aşıq Alı.
Duraxan da gəldi dada,
Əsməri də saldın oda.
Ağ Aşığın bu dünyada
Şöhrətisən, Aşıq Alı,
Alqış sənə, Aşıq Alı.
Sənətkarın həyatının Türkiyə
dövrü haqqında
ayrıca “Aşıq
Alının Türkiyə
səfəri” dastan-rəvayəti
yaranıb. Dastan ustad sənətkarın
həyatından fraqmental
bəhs etsə də, sənət dünyası haqqında geniş təsəvvür
yarada bilir.
Aşıq Alı şair olmaqla bərabər, həm də saz havalarının yaradıcısı kimi şöhrət qazanıb. Onun “Göyçə Şərili”,
“Göyçəgülü”, “Ağır Şərili”,
“Göyçə qaytağı”,
“Qəhrəmanı”, “El bayatısı”
və “Gilənar” saz havaları dinləyicilər tərəfindən
maraqla qarşılanaraq
yaddaşlara köçüb.
Aşıq-şair ustalıqla ipə-sapa
düzdüyü qoşmalarında
təbiət gözəlliklərini
poetik bir dillə təqdim edir:
Süsənli, sünbüllü, tər
bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin
kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.
Sənətkar bir el müdriki kimi yaradıcılığında
gəncləri də unutmayıb. Onları enişli-yoxuşlu həyat
yollarında ayıq-sayıq
olmağa səsləyib:
Havalanma,
dəli könül,
Zorunan işin
nədi?
Mənsurtəki Hələbdə
Darınan işin nədi?
Tut orucun, qıl namazın,
Şükür et Allahına,
Yoxsulsan,
alçaqdan yeri,
Varnan işin
nədi?
Mənbələrdə göstərilir ki, Aşıq Alının öz dəst-xətti ilə yazdığı üç əlyazma şəklində şeirlər
kitabı və Ağ Aşıqdan bəhs etdiyi kitab (əlyazma) 1938-ci ilədək Kəlbəcərdə
Aşıq Nəbidə
olub. Həmin nüsxə anlaşılmazlıq
üzündən yanıb.
Müstəqillik illərində Aşıq
Alının əsərləri
bir neçə dəfə nəşr olunub.
Ustadlar ustadı,
Azərbaycan aşıq
sənətinə Dədə
Ələsgər kimi
saz-söz nəhəngi
bəxş edən Aşıq Alı enişli-yoxuşlu, acılı-şirinli
uzun bir ömür yolu keçir. İxtiyar çağlarında gözlərinin nuru itir. Təxminən
15-16 il işıqlı
dünya onun üçün zülmət
səltənətinə çevrilir.
İşıqlı dünyaya
qəlbinin gözü
ilə baxan aşıq deyir:
Çəkmə xəcaləti, unutma
arı,
Saxla bu sinədə ar, Aşıq Alı.
Bir zaman aqildim, başda əyləşən
İndi
də ayaqda kor Aşıq Alı...
Ulu aşıq
sənətinin inkişafında
böyük xidmətləri
olan, sözlə sazın vəhdətində
yeni bir dünya yaradan Aşıq Alı 1911-ci ildə vəfat edib, Qızılvəng kəndində dəfn olunub. 2011-ci ildə böyük sənətkarın
210 illiyi ölkəmizdə
geniş şəkildə
qeyd edilib.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2021.- 28 iyul. S. 1; 6.