Televiziya kanalları ilə əməkdaşlığa dair işçi qrupunun iclası

 

Bu ilin fevral ayında mədəniyyət naziri Anar Kərimovun ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşündə geniş müzakirələr aparılmış, müxtəlif təkliflər irəli sürülmüş, həmçinin nazirliklə televiziyalar arasında işçi qrupun yaradılması, birgə fəaliyyət planının hazırlanması ilə bağlı fikirlər səsləndirilmişdi. Vurğulanmışdı ki, səslənən təkliflərin həyata keçirilməsi həm nazirliyin, həm də televiziyaların fəaliyyətinə töhfə verəcək.

 

İyulun 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin Televiziya kanalları ilə əməkdaşlığına dair işçi qrupunun ilk iclası keçirilib. İclasda AzTV, İctimai TV, Real TV, Xəzər TV, ATV, CBC TV kanallarının nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə iclası açaraq televiziya işçiləri ilə belə bir formatda görüşdən məmnunluğunu bildirib. O, ölkə Prezidentinin gənclərin maarifləndirilməsi, dilimizin zənginliyinin, saflığının qorunması ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, televiziya kanalları ilə əməkdaşlıqda bu məqamları rəhbər tutmağın vacibliyini qeyd edib.

 

Mədəniyyət naziri Anar Kərimovun 16 fevral 2021-ci il tarixində televiziya kanallarının rəhbərləri ilə görüşünü xatırladan Vasif Eyvazzadə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Müzakirə və fikir mübadiləsi şəklində davam edən iclasda mədəniyyətin müxtəlif sahələrinin, xüsusilə kino, incəsənət, memarlıq irsimizin təbliğatının vacibliyindən söz açılıb.

 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə dilimizin, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsində televiziyanın əvəzsiz rolundan bəhs edib.

 

Televiziya təmsilçiləri Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın, o cümlədən işçi qrupu formatında görüşün önəmini qeyd ediblər. Əməkdaşlığı dərinləşdirmək üçün hədəf qruplarının yaradılması və birgə layihələrin hər bir televiziyanın öz auditoriyası ilə uzlaşdırması kimi mühüm məsələlər müzakirə edilib. Sonda qarşılıqlı əməkdaşlığa dair yol xəritəsi müəyyən olunub.

 

Mədəniyyət.- 2021.- 28 iyul. S. 3.