“Filming Azerbaijan” dünya kino istehsalçılarını ölkəmizə
gətirəcək
Əcnəbilər çəkiliş üçün
paytaxtımıza daha çox
maraq göstərirlər
Ötən ay Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimat mərasimi keçirildi. Komissiyanın yaradılması beynəlxalq və yerli peşəkar icmalara ölkəmizi çəkiliş məkanı kimi kəşf etməyə imkan verəcək. “Filming Azerbaijan”ın fəaliyyəti barədə direktor İlkin Məmmədli ilə həmsöhbət olduq.
– İlkin müəllim, Azərbaycan Film Komissiyasının fəaliyyəti əsasən nələri ehtiva edir?
– Film Komissiyası dünyada geniş tətbiq olunan praktikadır. Əsas işi audiovizual məhsul istehsalçılarının
(kino, klip, reklam, televiziya və s.) işini asanlaşdırmaq və rahat çəkiliş üçün bütün
lazım olan şəraiti yaratmaq, xüsusilə də əcnəbiləri ölkəmizə
çəkilişlərə cəlb etməkdir.
– Komissiyanın fəaliyyəti
kino sahəsinə və ümumilikdə iqtisadiyyata nə dərəcədə təsir
imkanlarına malikdir?
– Film Komissiyası ölkəyə
əlavə sərmayə
cəlb etməyə,
onun dünyada tanınmasına, turizmin inkişafına kömək
edir. Məsələn, Türkiyədə məşhur hind filmlərinin
çəkilməsi qardaş
ölkəyə Hindistandan
gələn turist axınının dəfələrlə
artmasına səbəb
olub. Film komissiyası həmçinin
audiovizual sahəmizin iqtisadi və peşəkar inkişafına
zəmin yaradır.
Ölkəmizdə bu sahədə
çalışan mütəxəssislərin,
aktyorların tanınmış
əcnəbi prodakşn
və studiyalarla birgə işləməsi
onlar üçün
əvəzolunmaz təcrübə
və əlavə gəlirlər deməkdir.
Bu, hazırda kino sahəsinin dirçəlməsi üçün
çox vacibdir.
– Bəs yaradılan bu imkanlardan yerli kinematoqrafçılar
nə qazanacaqlar?
– Bir ildən çoxdur komandamızla Azərbaycanın potensial çəkiliş məkanı
bazasının yaradılması
üzərində işləmişik
və ölkəmizi qarış-qarış gəzmişik.
Deyə bilərəm ki, Vətənimizi özüm
üçün yenidən
kəşf etdim.
Azərbaycan bir çoxlarımızın
tanımadığı unikallıqlarla
çox zəngindir.
Azərbaycanın çəkiliş potensialı düşündüyümüzdən
də böyükdür.
Biz yerli kinematoqrafçılara
dəstək oluruq.
Çəkiliş iznləri və
məkan seçimləri
üçün bizim
bazamızdan yararlanırlar.
– Bildiyim qədər, artıq bir sıra müqavilələr
də bağlanıb.
Yəni iş prosesinə başlanılıb...
– Bəli, müqavilələr
artıq imzalanır, ancaq təəssüflər
olsun ki, mövcud pandemiya şəraiti işimizi xeyli çətinləşdirir.
Hindistanın nəhəng kino
istehsalçıları ölkəmizdə
çəkilişlər aparmağı
çox istəyirlər.
Təəssüf ki, koronavirusun yeni “Delta” ştammına görə
xüsusilə Hindistan vətəndaşlarının
ölkəyə girişi
məhduddur.
– Sizcə, ölkəmizin ən çox hansı regionlarına müraciət olunacaq?
– Artıq müəyyən
təcrübəmizə əsaslanaraq
deyə bilərəm
ki, əcnəbilər
üçün bir nömrəli məkan Bakı şəhəridir.
Paytaxtımız hamını heyran
edir, burada qədim Şərq memarlığı və müasirlik bir məkanda cəmləşib.
Regionlarımızdan əcnəbilərin diqqətini cəlb edən Xızı dağları, Quba-Qusar və Şamaxı-Qəbələ
zonasıdır. Sadəcə, bu regionların populyarlığı logistika
ilə əlaqəlidir.
Əcnəbi çəkiliş heyətlərinin tələblərindən
biri məkanın Bakıdan maksimum 2 saatlıq yol məsafəsində olmasıdır.
Ancaq, bu o demək deyil ki, digər
regionlarımız kənarda
qalacaq. Bu hələ işimizin başlanğıcıdır, qeyd
etdiyim kimi, ölkəmizin bütün
regionlarının öz
unikallığı və
böyük potensialı
var. Biz gələcəyə nikbin baxırıq.
– “Filming Azerbaijan”ın təqdimatında Bakıya
sorğuların daha çox olduğunu vurğuladınız. Tanıtım çarxı və
jurnal da təqdim etmisiniz. Saytınız da fəaliyyətdədir.
Əcnəbilər bu
yeniliklərlə necə
tanış olur?
– Həm sosial şəbəkələrdə reklamlarla, həm də birbaşa əlaqə ilə çatdırılır. Bu işdə xarici ölkələrə ezamiyyətlər,
beynəlxalq sərgi və festivallarda iştirakımız mütləqdir.
Əsas hədəfimiz Azərbaycanı
unikal təbiət və memarlığa
sahib, çəkiliş üçün
əlverişli və
rahat bir ölkə kimi tanıtmaqdır.
– İşğaldan azad olunmuş ərazilərimiz çəkilişlər üçün istifadə edilə bilərmi?
– Əlbəttə. Hətta deyərdim ki, buna əcnəbilər tərəfindən maraq da var. Biz Vətən müharibəsi bitər-bitməz Qarabağa üz tutduq və çəkilişlərə başladıq. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də razılaşmalara əməl etmir və işğaldan azad olunmuş ərazilərdəki minaların xəritələrini təqdim etmir. Bu da, sözsüz ki, işimizi çətinə salır.
– “Netflix” platforması ilə əməkdaşlıq haqqında məlumat verə bilərsinizmi?
– Təəssüflər olsun ki, konfidensiallıq (məxfiliyin qorunması – red.) haqqında imzaladığımız sənədlərə görə bu barədə ətraflı məlumat verə bilməyəcəyəm. Sadəcə, deyə bilərəm ki, böyük layihədir və çəkilişlər Bakıda baş tutacaq.
– Film Komissiyasının yerli kino istehsalına təsiri olacaqmı? Yəni daxil olan maliyyədən Azərbaycanın kino sənayesi üçün vəsait nəzərdə tutulurmu?
– Bu sualı
cavablandırmaqda çətinlik çəkirəm. Buna yaradılacaq Kino Agentliyi qərar verəcək.
– Layihə əsasında
ilk filmin çəkilişi
təqribən nə vaxta nəzərdə tutulub?
– İlk çəkilişlərə
avqust ayından başlanılacaq. Digər layihələrimiz də, əvvəl qeyd etdiyim kimi,
COVİD-19 pandemiyası ilə
əlaqədar vəziyyətə
bağlıdır.
– Müsahibə üçün
təşəkkür edirəm.
– Çox sağ
olun.
Lalə AZƏRİ
Mədəniyyət.-
2021.- 28 iyul. S. 5.