“Nizaminin süjet və obrazları”

 

Heydər Əliyev Mərkəzində sərgi sentyabrın 26-dək davam edəcək

 

Heydər Əliyev Fondunun və  Rusiya Dövlət Şərq Muzeyinin (Şərq Xalqları İncəsənəti Muzeyi) birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Nizaminin süjet və obrazları” adlı sərgi keçirilir. İyulun 22-də açılışı olan sərgi dahi Azərbaycan şairi və  mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

 

Açılış mərasimində çıxış edən Rusiya Dövlət Şərq Muzeyinin sərgi tərtibatçısı Kyuna Kazakova bildirib ki, sərgi bu ilin mart ayında Moskvada nümayiş olunub. İndi isə Rusiyanın 4 muzeyi tərəfindən həmin sərgiyə təqdim edilən eksponatlar Bakıya gətirilib. Sərgidə Rusiya Dövlət Şərq Muzeyi, Rusiya Dövlət Ermitaj Muzeyi, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi, A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyinin kolleksiyalarından istifadə olunub: “Biz çox şadıq ki, bu sərgi, nəhayət, Bakıda keçirilir. Bizim tərəfdaşımız olan Heydər Əliyev Mərkəzi bu sərgiyə peşəkarlıqla yanaşıb. Ümid edirəm iki ay davam edəcək sərgi mədəniyyət xadimlərinin, Bakını ziyarət edən qonaqların və eyni zamanda bütün vətəndaşların zövqünü oxşayacaq”.

 

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

 

Sərgi haqqında məlumatda diqqətə çatdırılır ki, dahi şair və mütəfəkkir Nizami Gəncəvi gələcək nəsillərə “Xəmsə” adlanan poetik əsərlər toplusunu miras qoyub. Buraya beş müstəqil poema-məsnəvi daxildir – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”. Sərgidə nümayiş etdirilən eksponatlar Nizami Gəncəvinin əsərlərinə illüstrasiya ənənəsini təqdim edir. Ekspozisiyadakı əlyazma, xalça, keramika və kətan üzərində təsvir edilən qəhrəmanları izləməklə tamaşaçı şairin ədəbi dünyasına səyahət etmək imkanı qazanır. Bununla da ziyarətçilər dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş Nizaminin yaradıcılığı ilə tanış olurlar. Həmin sənət nümunələri həm də Nizami Gəncəvi yaradıcılığının təsviri incəsənətə göstərdiyi sərhədsiz təsiri əks etdirir.

 

Nizami Gəncəvinin poemalarında rast gəlinən süjetlər onun əsərlərinin özünəməxsus “vizit kartı”na çevrilib. Şirinin bulaqda çimdiyi səhnə və ya Bəhram Gurun kənizi – çiynində öküz daşıyan Fitnənin təsvirləri bu qəbildəndir. Sərgidə ən qədim eksponat XIII əsrin əvvəlinə aid gildən hazırlanan, üzərində “Xosrov və Şirin” poemasından səhnələrin təsvir olunduğu qabdır.

 

Ekspozisiyada Azərbaycan, Rusiya, İran, Özbəkistan təsviri incəsənət ustalarının əsərləri nümayiş olunur. Rəssamlardan Ravil Xəlilovun, Rəşid İsmayılovun, Sergey Biqosun qrafik işləri Nizami yaradıcılığının müasir qavranılma mərhələsi üçün xarakterik olan iki əks tendensiyanı təsvir edir. Bir tərəfdən, ənənəvi mövzuların seçimi tanınmış ikonoqrafiyaya müraciətə gətirib çıxarır, digər tərəfdən, təsvir edilən süjet dairəsinin genişləndirilməsinə cəhd müşahidə edilir. Buna müvafiq olaraq yeni kompozisiya şəkilləri meydana gəlir. Bu baxımdan Nikolay Rerixin “İsgəndər və dərviş” adlı kətan üzərindəki əsəri xüsusi qeyd oluna bilər.

 

Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək sərgidə 50-dən çox eksponat nümayiş edilir. Eksponatların əksəriyyəti ilk dəfə tamaşaçılara təqdim olunur.

 

Mədəniyyət.- 2021.- 28 iyul. S. 8.