Qobustanda “Hindistan mədəni irsinin inciləri”
Qobustan Milli Tarix-Bədii Qoruğunun və Hindistanın Azərbaycandakı Səfirliyinin
birgə təşkilatçılığı
ilə Qobustanda “Hindistan mədəni irsinin inciləri” adlı sərgi açılıb.
Qobustan Milli Tarix-Bədii Qoruğundan verilən məlumata görə, sərgi Hindistanın mədəni
irsini Azərbaycanda tanıtmaq və iki ölkənin mədəni irsin təbliği sahəsində
əlaqələrini inkişaf
etdirmək məqsədi
daşıyır.
Tədbirdə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev iki ölkə arasında əlaqələrdən danışıb. Bildirib ki,
2022-ci ildə Hindistan
müstəqilliyinin 75 illiyini
qeyd edəcək və yubileylə bağlı tədbirlərə
bu ildən start verilib. Qobustan qoruğunda “Hindistan
mədəni irsinin inciləri” adlı sərgi də bu yubileyə töhfə olaraq təşkil edilib. Direktor sərginin iki ölkə arasında mədəni irs sahəsində
əlaqələrin daha
da genişlənməsinə
təkan verəcəyinə
inamını ifadə
edib.
Hindistanın Azərbaycandakı səfiri
Bavitlunq Vanlalvavna ölkəsinin müstəqilliyinin
75 illiyinin eyni zamanda Hindistan xalqının tarixini, mədəniyyətini və
qazandığı uğurlarını
diqqətə çatdıran
bir festival şəklində
qeyd ediləcəyini deyib. Diplomat Qobustanda
açılan sərginin
də buraya gələn ziyarətçilərə
Hindistanın zəngin
mədəni irsini təqdim edəcəyini və ölkələrimiz
arasında mədəni
bağlantı rolunu oynayacağını bildirib.
Səfir Qobustan qoruğunun Hindistanın ən məşhur tarixi abidə və məkanlarının əks
olunduğu sərgi üçün çox uyğun bir məkan olduğunu vurğulayıb. Qeyd edib ki, sərgidə yer alan 16 şəkil-plakat məşhur Tac-Mahal, Qırmızı qala və Cənubi Hindistanın məbədləri
kimi məkanları əhatə edir. Qobustan qoruğu kimi bu məkanlar da UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Diplomat Hindistanın ümumilikdə 40 tarixi abidə və mədəni məkanının
UNESCO-nun siyahısında olduğunu
diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Ağacavid
Ramazanov mədəni irsin hər bir xalqın, dövlətin tarixinin elmi cəhətdən öyrənilməsi işində
mühüm mənbələrdən
biri olduğunu qeyd edib. O, sərgini
zəngin dəyərlərə
malik olan Hindistanla mədəni yaxınlıq və bu sahədə əməkdaşlıq baxımından
yüksək qiymətləndirib.
Sonra Hindistanın
tarix və mədəniyyət abidələrini
əks etdirən videoçarx təqdim olunub. İştirakçılar Hindistan musiqisinin sədaları altında sərgi ilə tanış olub, Azərbaycan milli şirniyyatları və Hindistanın milli mətbəxinə aid təamların dadına baxıblar.
Qobustan qoruğunda
“Hindistan mədəni irsinin
inciləri” adlı sərgi avqustun sonunadək
davam edəcək.
Mədəniyyət.- 2021.- 30 iyul.-
S.8.