“Kəndimizdəyəm, evimiz hansı tərəfdədir?”

 

44 günlük II Qarabağ müharibəsi Vətən oğullarının cəsarət və mübarizliyini ortaya qoydu. Biz də torpağı müqəddəs bilib uğrunda canını-qanını əsirgəməyən igidlərimizi tanıtmağa davam edirik. Bu dəfə şəhid baş leytenant Teymur Məcidzadə haqqında söz açacağıq.

 

Teymur Tehran oğlu Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin 23 avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonu işğal olunuronun ailəsi də isti ocağından qaçqın düşərək Bakıya pənah gətirir. Teymur paytaxtın Xətai rayonundakı 25 saylı liseydə təhsil alır. Coğrafiya və Azərbaycan dili üzrə fənn olimpiadasında iştirak edərək birinci yerə layiq görülür. 2010-cu ildə təhsilini başa vurub Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur. Ali məktəbi bitirərək Vətən borcunu ödəmək üçün Füzuli rayonundakı N saylı hərbi hissədə xidmət keçir. Bir addımlığında ata yurdunun düşmən tapdağında olması onun qüruruna toxunur, qəlbini ağrıdırdı. Hərbi xidmətini uğurla başa vurduqdan sonra bir sıra sahələrdə işləyir. Lakin yurd nisgili, hərb sahəsinə olan sevgisi bu şanlı formanı yenidən geyinməsinə rəvac verir. 2018-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində üçaylıq xüsusi təlim keçərək leytenant rütbəsi alır. Tağım komandiri kimi Bakı şəhərindəki N saylı hərbi hissədə xidmətə başlayır. Xidməti dövründə nizam-intizamı ilə seçilir. Eyni zamanda italyan dilindən xüsusi kursa göndərilir...

 

Ötən ilin 27 sentyabrında başlanan Vətən müharibəsində öz şəxsi heyəti ilə ön cəbhəyə yollanır. Cəbrayılın, Füzulinin azad olunması uğrunda gedən ağır döyüşlərdən sonra uğurlu əməliyyat Xocavənd rayonu istiqamətində davam etdirilir. Daha sonra öz şəxsi heyəti ilə birlikdə Şuşa şəhərinin azad olunması uğrunda döyüşlərə qoşulur, böyük şücaət göstərir. Hərbi və coğrafi bilikləri sayəsində tabeliyində olan 104 nəfərlik şəxsi heyəti təhlükəsiz mövqeyə yerləşdirməyi bacarır.

 

Teymurun son döyüşü arzularımızın şəhəri Şuşanın azadlığı uğrunda olur. Noyabrın 8-də – Ali Baş Komandanın Şuşanın azad olunması müjdəsini verdiyi gün mənfur düşmənin tör-töküntülərinin qala-şəhərimizdən tamamilə təmizlənməsi üçün gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir.

 

Şəhidin atası Tehran Nəcəfov qeyd edir ki, Füzulidə olarkən oğlu onunla əlaqə saxlayıb: “Zəng elədi ki, ata, kəndimizin girəcəyində qoyulan heykəlin yanındayam, evimiz hansı tərəfdədir? Kənddə evlərin hamısı yerlə yeksan edilib. Söylədim ki, oğlum, 28 il keçib, heç mən gəlsəm, evimizi tapa bilmərəm. Oğlumla sonuncu dəfə oktyabrın 30-da əlaqə saxlaya bildik. Dedi ki, narahat olmayın, Ordumuz inamla irəliləyir”.

 

Anası Yasəmən Camalova oğlunun uşaqlıqdan futbola böyük həvəsi olduğunu deyir: “TeymurNeftçiklubunun sadiq fanatlarından idi. Teymur kimi mərd oğulların sayəsində qaçqın-köçkün adından azad olduq. Yaxın zamanlarda da doğma yurdumuza qayıdacağıq. Allah Teymurabütün şəhidlərimizə rəhmət eləsin”.

 

Teymur Məcidzadə noyabrın 9-da Bakıda II Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

Nurəddin

Mədəniyyət.- 2021.- 30 iyul.- S.6.