Gülüşün qönçə, göz yaşın şəbnəm...”

 

 

Klassik poeziyamızın tanınmış nümayəndələrindən biriHeyran xanım Dünbülüdür. Məhəmməd Füzuli ədəbi məktəbinin davamçısı hesab edilən şairənin tərcümeyi-halı barədə səhih məlumat azdır. Şairə haqqında söz açan ədəbiyyatşünaslardan M.İbrahimov onun 80, Əzizə Cəfərzadə 70 və Cənnət Nağıyeva isə 60 il ömür sürdüyünü qeyd ediblər.

 

Heyran xanım 1790-cı ildə Naxçıvanda dünyaya göz açıb. O, məşhur və imkanlı Dünbülü tayfasındandır. Dövrü üçün mükəmməl təlim-tərbiyə alıb. Ərəb və fars dillərini dərindən mənimsəyib. Erkən çağlardan poeziyaya maraq göstərib. Rusiya-İran müharibələri (1803-1813, 1826-1828) ərəfəsində ailəsi ilə birlikdə Cənubi Azərbaycana köçüb. Bir müddət Urmiya, Xoyson olaraq Təbriz şəhərində yaşayıb.

 

Heyran xanım haqqında ilk dəfə tanınmış tədqiqatçı Məhəmmədəli Tərbiyət Təbrizi “Danişmədani-Azərbaycan” adlı qiymətli kitabında məlumat verib. Yeri gəlmişkən, qeyd edək ki, bu kitab Orta əsrlərdən üzü bəri Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələri haqqında zəngin mənbədir. M.Tərbiyət kitabında qeyd edib ki, Heyran xanım əzmkar, mübarizazadfikirli bir şairə olub. Onun şeirlərindən duyulan və görünən mənəvi keyfiyyətlər oxucuda dərin maraq doğurur. Çünki şeirlərinin mayasında bir çağırış və tələb var. O sanki insanları qəflət yuxusundan oyanmağa, hüquqlarını müdafiə və haqlarını tələb etməyə səsləyir. Yaradıcılığı ilə tanış olduqca hiss edirsən ki, Heyran xanım taleyindən heç də razı olmayıb.

 

Ömrünü taleyindən gileyliküskün başa vurub. Araşdırmalarda bu, onun övladının olmaması ilə əlaqələndirilib. Bildirilir ki, şairəyə sevdiyi həyat yoldaşı xəyanət edir. O, bu vəfasızlıqdan bərk sarsılır. Ailəsinin dağılmasını heç cür qəbul edə bilmir, özünü bədbəxt hesab edir. Aldandığını özünə bağışlamayan, vəfasızlıqdan və talesizlikdən sarsılan Heyran xanım deyir:

 

Vurdun ol qədər sən vəfadan dəm,

Xatirimdə nə şübhə qaldı, nə qəm.

Gülüşün qönçə, göz yaşın şəbnəm,

Məni aldatdı, bilmədim nə edim,

Qəlbimi zar, qərqi-xun etdi.

 

Şairə bir neçə əsərində bu kimi şikayətləri ilə sevdiyi şəxsə münasibətlərini, puç olan ümid və arzularını bütün təfərrüatı ilə bəyan edir.

 

Ömrünün sonuna kimi Təbriz şəhərində yaşayan Heyran xanım bu qədim vətən torpağında da bir rahatlıq tapmır. Sanki özünü zindandakı kimi hiss edir. Bir tərəfdən də təbrizli qadınların inkişafdan qalması və hüquqsuzluğu onu narahat edir. O, yaradıcılığında xalqının bu problemlərinə də yer ayırır. Onların hüquqsuzluğundan narahatlığını dilə gətirir:

 

Yoxdur o sənəm, onda əbruyi-xəminə,

Biz səcdə edək, qoy bütü bütxanə dağılsın.

Heyran, çü yanarsan o qədər şəmə müqabil,

Bir vəz ilə çək şölə ki, pərvanə dağılsın.

 

Eyni zamanda romantik şairə olan Heyran xanım həyat yoldaşının timsalında eşqə qiymət verib. Onu hər şeydən uca dəyərləndirib. M.Füzulinin məşhur qəzəlinə nəzirə olaraq yazıb:

 

Olubdu qəm yatağı şad gördüyüm könlüm,

Dağıldı qüssədən abad gördüyüm könlüm...

 

Yaradıcılığı janr, üslub, bədii sənətkarlıq baxımından çox zəngin olan Heyran xanım klassik poeziya ənənələrini uğurla davam etdirib, Azərbaycan şairlərinin irsi ilə yaxından maraqlanıb. O, klassik poeziyanın qəzəl, müxəmməs, müstəzad, rübai və məsnəvi janrlarında əsərlər qələmə alıb. Özündən sonra 4500 beytdən ibarət divanı qalıb.

 

Nəsimiyə yüksək dəyər verən şairə onun kimi insanı uca varlıq hesab edib. Nəsiminin bənzərsiz yaradıcılığından təsirlənsə də, hürufilik ideyalarını təkrar etməyib... Heyran xanım Molla Pənah Vaqif, Qövsi Təbrizi və Hafiz Şirazi poeziyasını da təqdir edib.

 

Taleyi ilə barışmayan şairə ümidini Tanrıya bağlayır. Müəllif “Ağlayıram” qəzəlində deyir:

 

Könül ki, hicrdən oldu fikar, ağlayıram,

Bütün vücudum olub biqərar, ağlayıram.

Nədən şikayət edim, bəxtidən və ya göydən?

Məni əzir sitəmi-ruzigar, ağlayıram.

 

Şairə ömrünün müdrik çağlarında ikən Təbrizdə dəhşətli zəlzələ baş verir. Şəhər böyük dağıntıya məruz qalır və xeyli insan həlak olur. Bundan bərk təsirlənən Heyran xanım “Təbrizdə zəlzələ” adlı əsərini qələmə alır:

 

Oldu, yarəb, həlak insanlar!

Suvarıb torpağı qızıl qanlar.

Oldu çöllər cavanlara mədfən,

Çoxlarına nə qüsl var, nə kəfən.

 

Sinəsi dağlı, gözləri giryan,

Minlər ilə ana edər əfqan.

Bala dərdilə cümləsi ağlar,

bir ehsan, nə xətmi-Quran var...

 

Əsərlərini zəmanəsinə görə aydın bir dildə yazan, bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə edən Heyran xanım 1848-ci ildə Təbrizdə dünyasını dəyişib, bu şəhərdə də dəfn olunub.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.6.