Kino zaman, vəsait və əmək tələb edən prosesdir

 

Rüfət Həsənov: “Kino tariximizdə ilk dəfə tammetrajlı animasiya filmi layihəsi hazırlamışıq”

 

 

Bayramlar müxtəlif olur. Peşəkarların bayramları onların keçdikləri yola nəzər salmağa vəsilə olur, yeni üfüqlərə, gələcək arzulara yolların axtarışına imkan yaradır. 2 avqust – Milli Kino Günü də bu sahədə çalışanların, elə kino həvəskarlarının da bayramıdır. Azərbaycan kinosunun keçdiyi yol fəxr etməyə dəyən nəticələrlə doludur. Bu peşə bayramı hər il həm də kino işçilərinin bir hesabatı kimi qeyd edilir. Azərbaycan kinosu yeni inkişaf yolundadır və əminik ki, bu yol kino sənətimizin yeni mərhələyə çıxmasına şərait yaradacaq. Əlamətdar gün ərəfəsində Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovla həmsöhbət olduq.  

 

– Rüfət müəllim, istərdim ki, son bir ildə kino sahəsində görülən işlərə nəzər salaq...

 

– Bu  vəzifədə fəaliyyətə başladığımız ilk gündən cari vəziyyəti təhlil etdik və belə bir qənaətə gəldik ki, bu sahədə bir çox islahatlara ehtiyac duyulur. İslahatları əsasən üç istiqamətdə həyata keçirməyi qərarlaşdırdıq və iş hələ də davam edir. Əsas məqam kino sahəsində planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddir. Çünki digər sahələrdə bu keçid baş verib, lakin kinoda hələ də biz köhnə, planlı iqtisadiyyatın qaydalarına əsasən işləyirik. Deməli, bu sahədə mütləq islahat lazımdır. Birinci istiqamət normativ-hüquqi bazanın təkmilləşdirilməsidir. Burada müəyyən dəyişikliklərə ehtiyac var ki, bu da daha rahat, sərbəst və müasir şəkildə kino sənayesinin inkişafına şərait yaradacaq. Buraya kino haqqında qanuna aid olan məsələlər daxildir. Qeyd edim ki, kino haqqında qanun 1998-ci ildən bəri təkmilləşdirilməyib və həmin qanunun müasir kino şəraitinə uyğunlaşdırılmasına ehtiyac var. Eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarının əlavəsi üzrə qonorarların maksimum həddinin artırılması və satınalma haqqında qanunun kino sahəsinə uyğunlaşdırılması zəruridir. Hazırda bu işlərlə bağlı bizə dəstək verilir və inanırıq ki, bu məsələlər yaxın zamanda öz həllini tapacaq.

 

İkinci istiqamət infrastrukturdur. İnfrastruktur deyəndə, sadəcə, maddi-texniki bazanı nəzərdə tutmuruq. Biz 1982-ci ildən bəri ilk dəfə “Azərbaycanfilm” Kinostudiyası üçün ən müasir avadanlıqlar aldıq. Həmin avadanlıqlar başda Almaniyadan olmaqla dünyanın qabaqcıl şirkətlərindən alınıb. Hazırda dövlət dəstəyi ilə çəkilən filmlər – Elçin Musaoğlunun “Məryəm”, Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” ekran əsərləri yeni avadanlıqlarla lentə alınır. Bundan əlavə, 1965-ci ildən bəri kinostudiyada, ümumiyyətlə, təmir-bərpa işləri aparılmırdı. Daxili imkanlarımız hesabına müəyyən təmir işlərini həyata keçirməyə başlamışıq.

 

İslahatın üçüncü istiqaməti isə insan kapitalı ilə bağlıdır. Yəni kino sahəsində çalışan insanların təlim-tədris prosesinə cəlb edilməsi və s. məsələlər.

 

 

 

– İslahatlardan söz düşmüşkən, Azərbaycan Film Komissiyası haqqında da məlumat verərdiniz.

 

– Film Komissiyası (“Filming Azerbaijan”) da infrastruktura aid olan bir məsələdir. Biz təkcə fiziki infrastruktur deyil, həm də müasir yanaşmalara diqqət ayırdıq. Azərbaycan ərazisində film lentə almaq üçün çox əlverişli məkanlar mövcuddur. Habelə ölkəmizin iqlim fərqliliyi, təbiətinin gözəlliyi və rəngarəngliyi xarici istehsalçı şirkətlər üçün çox böyük maraq kəsb edir. Azərbaycanı bölgə səviyyəsində bir çəkiliş məkanı kimi dünya kinematoqrafiyasına təqdim etmək və inteqrasiya istiqamətində böyük layihəmiz mövcuddur. Bildiyiniz kimi, layihənin təqdimatına Türkiyə Rusiya, Serbiya, Ukrayna və Avstriyadan tanınmış mütəxəssislər qatılmışdılar. Bu işdə artıq ilk addımlar atılıb. Sayt fəaliyyətdədir, məkanların kataloqu təqdim olunur. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparılaraq kataloqa daxil edilib. Bu yaxınlarda isə “Netflix” platformasının nüfuzlu bir layihəsi Azərbaycanda lentə alınacaq. Təəssüf ki, pandemiya səbəbindən bu istiqamətdə daha genişmiqyaslı işlər görmək mümkün deyil. Lakin pandemiyanın bitməsi ilə, əminəm ki, Azərbaycan ərazisində, bir çox dünya miqyaslı filmlər lentə alınacaq.

 

O ki qaldı bu il ərzində həyata keçirilən və davam edən islahatlara, qeyd etməliyəm ki, tam şəffaf və obyektiv kino layihələri müsabiqəsi keçirildi. Bizdə bu günə kimi ssenari müsabiqələri mövcud idi, lakin beynəlxalq təcrübəyə əsasən, kino layihələri müsabiqəsinin keçirilməsi daha məqsədəuyğundur. Əvvəlki dövrlərdə müsabiqədə qalib gəlmiş ssenari ən yaxşı halda “Azərbaycanfilm” kimi dövlət studiyalarının bazasında reallaşdırılırdı. Lakin biz dövlət-özəl əməkdaşlığının, davamlı rəqabətin və ümumilikdə özəl sektorun inkişafını prioritet kimi görürük. Özəl sektoru inkişaf etdirmək üçün belə müsabiqələr çox vacibdir. Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi haqqında da ictimaiyyətimiz artıq məlumatlıdır. Müsabiqənin pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib. Seçim münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilib və 11 layihə qalib olub. Bunların sırasında animasiya layihələrinə diqqət çəkmək istərdim ki, ən böyük vəsait də məhz bu sahəyə ayrılıb. Animasiya üzrə iki layihə qalib gəldi və ikisi də özəl sektora məxsusdur. Bu, çox önəmli addım idi.

 

 

 

– Bəs Azərbaycan Kino Agentliyinin yaradılması ilə bağlı işlər hansı mərhələdədir?

 

– Cənab nazir Anar Kərimov bir neçə müsahibəsində bu agentliyin vacibliyini qeyd edib. Bu sahə də islahatlarımızda prioritet istiqamətlərdən biridir. Artıq bu istiqamətdə bir çox işlərimiz yekunlaşıb. Layihə formasında nəzəri baxımdan hazırdır. Bu təşkilatın yaradılması Azərbaycan kino sənayesinə ciddi təkan verəcək.

 

 

 

– Filmlərimiz də onlayn beynəlxalq festivallarda uğur qazanırlar...

 

– Son illərdə ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Təsadüfi deyil ki, son altı ay ərzində dövlət sifarişi və dəstəyi ilə nəzərdə tutulan film layihələri dünyanın ən nüfuzlu film festivallarında ölkəmizi təmsil edir. Bakı Media Mərkəzi ilə birgə istehsal olunmuş “Sonuncu” sənədli filmi Rotterdam Film Festivalında, gənc rejissor Azər Quliyevin “Təngnəfəs” qısametrajlı bədii filmi 27-ci Sarayevo Beynəlxalq Film Festivalında əsas müsabiqə proqramında təqdim olunub. “Debüt” studiyasında çəkilən film son illər Azərbaycan kinosunun uğurlu layihələrindən sayılır. “Təkbətək”, “Göy köynəkli adam” film layihəmizin Sarayevo Film Festivalında iştirakını, “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunacaq “Mərmər soyuğu” bədii film layihəsinin Rusiyanın dövlət film təşkilatı “Roskino” və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketinə seçilməsini göstərmək olar.

 

 

 

– Milli Kino Günündə kinosevərləri hansı yeniliklər gözləyir?

 

– Kinomuzun bayramında fərqli yanaşma və fərqli proqramla kinosevərləri, sözün yaxşı mənasında, təəccübləndirmək istəyirik. Həmin gün YARAT Müasir İncəsənət Məkanı ilə birgə hələ də geniş ictimaiyyətə təqdim olunmamış filmlərin nümayişini həyata keçirəcəyik. İki tammetrajlı və iki qısametrajlı film təqdim olunacaq. Bu filmlər ölkəmizi beynəlxalq festivallarda təmsil edən filmlərdir. Avqustun 2-də saat 19:00-dan Dənizkənarı Milli Park ərazisində dörd film açıq havada quraşdırılmış böyük ekranda geniş auditoriyaya təqdim olunacaq. İnanıram ki, bu əsl kino bayramı əhvalı yaradacaq.

 

 

 

– Kinoteatrların açılması nə vaxta nəzərdə tutulur?

 

– İlk növbədə mən rejissor kimi kinoteatrların açılmasını istəyirəm. Bu yaxınlarda Avropa Film Festivalında olduğum zaman böyük ekranda filmləri izləmək o qədər xoş idi ki, gün ərzində dörd filmə baxırdım. Kino sahəsinin insanları olaraq biz böyük ekranlar üçün çox darıxmışıq. Yenə də deyirəm, burada artıq əsas mövzu insanlarımızın sağlamlığıdır və biz bu mövzuda əlaqədar qurumlara müraciət etmişik, danışıqlar da olub. Ümidvarıq ki, yaxın zamanda bu məsələ ilə bağlı müsbət xəbər ala biləcəyik.

 

 

 

– Son dövrdə bəzi müvafiq qurumlarla ortaq layihələr də həyata keçirilir...

 

– Bəli, bizim ortaq kino layihələrimiz var. İctimai Televiziya ilə birlikdə reallaşdırılan “Bizim kino” çox önəmli bir layihədir. Eyni zamanda “Sabaha saxlamayaq – kino” layihəmiz də var. “Xosrov və Şirin” serialı da lentə alınır. Milli Kino Günündə kinosevərləri “Azərbaycanfilm”in İTV ilə ortaq maraqlı bir layihəsi ilə də sevindirəcəyik. Bundan əlavə, Fariz Əhmədovun “Sonuncu” filmi Bakı Media Mərkəzlə ortaq istehsal edilən ekran əsəridir. Orman Əliyevin təqdimatını keçirdiyimiz “Biz” filmini və daha iki layihəni bu il ərzində təqdim etməyi planlaşdırırıq.

 

 

 

– Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə oldu və diqqət kino sahəsinə yönəlmişdi. Hansı konkret nəticələr əldə edildi?

 

– Müştərək layihələr artıq mövcuddur. Buna misal “Fulya” filmini göstərə bilərik. Film hazırda post-prodakşn mərhələsindədir. Əslində, üzərində çalışdığımız bir neçə iddialı layihələrimiz də var. Beynəlxalq təcrübə də göstərir ki, bir il ərzində film çəkilmir, yəni bu müddət ərzində ərsəyə gəlməsi, demək olar, mümkün deyil. Ən yaxşı halda iki il ərzində hazırlıq işləri gedir. Fondlara müraciət, vəsaitin toplanması, hüquqi aspektləri və s. Bu iş zaman, vəsait və əmək tələb edən bir prosesdir.

 

 

 

– İslahatların üç istiqamətindən biri kimi insan kapitalını qeyd etdiniz. Bu sahədə gənc kadrların yetişdirilməsi və təhsil məsələləri də yəqin ki, diqqət mərkəzindədir?

 

– Əlbəttə. İnsan kapitalından danışırıqsa, bu il ərzində iki “İnterakt online” layihəsi təqdimatını qeyd edə bilərik. Bu layihədə BAFTA və Kann film festivallarının laureatları, Andrey Zvyagintsev, Matyo Darras kimi adlar, prodüserlər, festival təşkilatçıları 100-ə yaxın dinləyiciyə onlayn təlim keçdilər. Hazırda ikinci “İnterakt online” layihəsinin proqramına Oskar, Kann, BAFTA və Emmi mükafatlı filmmeykerlərin keçirəcəyi ustad dərsləri ilə yanaşı, peşəkar tyutor tərəfindən aparılan ssenari üzrə vorkşop da əlavə olunub. Bu layihədə bizim gənclərlə Oskar, Kann və BAFTA mükafatlı ssenarist Kristofer Hempton, Kann kinofestivalında “Ən yaxşı qısametrajlı film” nominasiyası üzrə “Qızıl palma budağı”nı qazanan Sameh Alaa öz təcrübələrini bölüşdülər.

 

Ötən il isə “İnterakt” layihəsi həyata keçirildi. O da çox uğurlu alındı. Kinoda nəzəri deyil, təcrübə daha önəm kəsb edir. Bu layihə əsasında 15-ə yaxın tələbə iştirak etdi və hazırda onların hamısı çəkiliş meydançalarında çalışır. Bu tələbələr 3 hissəyə bölünərək “Məryəm”, İTV-də lentə alınan yeni serialda və “Həyat, deyəsən, gözəldir” filmində fəaliyyət göstərirlər. Yəni onlar nəzəri ustad dərslərindən birbaşa təcrübəyə – çəkiliş meydançasına yönəldildilər. Kinoda yüzlərlə insan çalışır və bizim hazırda boşluğumuz ikinci heyətdədir və çalışırıq bu sahədə kadrlar yetişdirək. Bizim daha böyük bir təlim-tədris layihəmiz var ki, yaxın zamanlarda da bu haqda məlumat veriləcək. Təhsil sahəsində həm Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu, eləcə də Türkiyə və Gürcüstanla əməkdaşlıq üçün danışıqlarımız davam edir.

 

 

 

– Yeri gəlmişkən,  bu yaxınlarda Gürcüstan səfəriniz necə keçdi?

 

– Bu gün ən üzdə olan nümunə Gürcüstan təcrübəsidir. Məsələn, onlarda artıq neçə illərdir Milli Kino Mərkəzi fəaliyyət göstərir. Biz bu təcrübədən yararlanmaq istədik. Danışıqlar apardıq. Qanunvericilik tərəfləri, logistika və digər incəlikləri öyrənməyə çalışdıq. Bundan əlavə, Gürcüstan animasiya sahəsi üzrə ixtisaslaşıb. Bir neçə istiqamətdə müzakirələr oldu. Birinci, müştərək istehsal barədə. Belə ki, biz bir bölgəni əhatə edirik. Əgər Balkan, Skandinaviya və s. bölgələrə nəzər yetirsəniz, filmlərin çox hissəsinin böyük ehtimalla müştərək istehsal olunduğunu görəcəksiniz. Bizdə də bu potensial var və planlarımızda bu istiqamətdə işlər görmək nəzərdə tutulub. İkinci istiqamət üzrə onların Milli Kino Mərkəzinin fəaliyyətini öyrəndik və Kino Agentliyinin yaradılması üçün təcrübə mübadiləsi apardıq. Üçüncüsü Azərbaycan Film Komissiyası və Gürcüstan Film Komissiyasının ortaq layihələri və sonda animasiya sahəsi üzrə müzakirələr etdik.

 

 

 

– Animasiya ilə bağlı hazırda bizdə hansısa yeni layihə varmı?

 

– Animasiya sahəsində islahat paketi hazırlayırıq. Onu da deyə bilərəm ki, Azərbaycan kino tarixində ilk dəfə olaraq tammetrajlı animasiya filmi layihəsi hazırlamışıq. Çox istedadlı bir qrupla bu filmi reallaşdırmağı düşünürük. Filmin mövzusu Azərbaycan nağıllarından ilhamlanaraq müasir gəncliyə yönəldilmiş bir layihədir. Uşaqlarımız gələcəyimizdir və onların tərbiyəsinə investisiya qoyulması vacibdir.

 

 

 

– “Azərbaycanfilm”də lentə alınan yeni filmlər barədə məlumat verə bilərsinizmi?

 

– Mənə belə gəlir ki, son bir ildə rekord sayda filmlər lentə alınır. Hazırda 4 tammetrajlı film çəkilməkdədir və hər biri müştərək istehsaldır. Bundan əlavə, “Salnaməfilm” studiyasında bir neçə film lentə alınır. Məlumdur ki, cənab Prezidentin sərəncamı ilə bu il Aşıq Ələsgərin 200 illiyi qeyd olunur. Rejissor Nizami Abbasın böyük sənətkar haqqında çəkəcəyi film də bu sıradadır. Bu il kinomuz üçün məhsuldar olacaq.

 

 

 

– Bayaq qeyd etdiyiniz “Böyük Qayıdış” layihəsi üzrə filmlərin çəkilişi nə vaxta nəzərdə tutulur?

 

– Əksəri payız mövsümündə istehsalata buraxılacaq. Çünki “Böyük Qayıdış” Qarabağ mövzusudur və Vətən müharibəsi dövrünü əhatə edəcək aylarda lentə alınacaq. Bizim bu layihələrdən gözləntilərimiz böyükdür. Çox uğurlu layihələr seçildiyi üçün müsbət nəticə gözləyirik.

 

 

 

– Ənənəvi festivallar bərpa olunacaqmı?

 

– Ümumiyyətlə, festival strategiyası ilə bağlı bizim bir sıra layihələrimiz hazırlanır. Mənə belə gəlir ki, festivallarda strategiya, vizyon və istiqamət olmalıdır. Hazırda bölgənin ən güclü iqtisadiyyatına malik bir ölkə olaraq nüfuzlu bir film festivalımız da olmalıdır. Bununla bağlı böyük bir layihə üzərində işləyirik. Hələ ki addım-addım bu işlərlə bağlı planları reallaşdırmağa çalışırıq. Biz sizinlə müsahibə boyu bir çox istiqamətlərdən danışdıq. Göründüyü kimi, kinonun bütün sahələri üzrə işlərimiz var və zamanla bütün nəzərdə tutulan layihələrin gerçəkləşməsinə çalışacağıq. Bütün bu işləri operativ və cəld həyata keçirmək üçün bizə alət lazımdır. Həmin alət isə Kino Agentliyi ola bilər. Kino Agentliyi bizim müxtəlif istiqamətlərdə iddialı layihələri reallaşdırmağa bir vasitədir.

 

 

 

– Müsahibə üçün təşəkkür edir, qarşıdan gələn Milli Kino Günü münasibətilə təbrik edirəm.

 

– Sağ olun. Kino sahəsində çalışan hər kəsi təbrik edir və uğurlar arzulayıram.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.5.