“Sənətin ardınca gəl”
Tahir Salahovun məşhur əsəri Rusiyada art-logistika şirkətinin layihəsində
Rusiyada fəaliyyət göstərən “Fine Art Way” art-logistika şirkəti başladığı yeni layihə ilə dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun xatirəsini yad edib. Rəssamın 1961-ci ildə çəkdiyi monumental “Sənə, bəşəriyyət!” rəsm əsəri şirkətin incəsənət əsərlərini daşıyan xüsusi avtomaşını üzərində nümayiş etdirilir.
Bununla bağlı məlumatda diqqətə çatdırılır ki, incəsənət əşyalarının daşınması ilə məşğul olan şirkət incəsənətin özünü də təbliğ etmək, irəli aparmaq qərarına gəlib. “Follow Art” (“Sənətin ardınca gəl”) layihəsi bu məqsədə xidmət edir. Layihənin məramı isə onun adında ifadə olunub. Sənət əsərlərinin muzey və qalereyalara daşınması üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələri eyni zamanda onların hər kəsin görə biləcəyi nümayiş yerinə çevrilir.
“Fine Art Way” şirkətindən bildiriblər ki, hazırda layihə üçün məşhur rəssamların adı verilmiş üç xüsusi avtomobil ayrılıb. Layihədə istifadə olunan ən böyük avtomobil – doqquz metr uzunluğunda art-trak “Salahov” adını daşıyır. Avtomobilin üzərində Tahir Salahovun ən məşhur əsərlərindən birinin – “Sənə, bəşəriyyət!” tablosunun (180 × 594 sm) reproduksiyasının əks olunması bu yaxınlarda dünyadan köçmüş sənətkara ehtiram və minnətdarlıq əlamətidir.
Tahir Salahovun
bu əsəri ilk dəfə
1961-ci il aprelin 12-də,
Yuri Qaqarin kosmosa uçan gün Bakıda
təşkil edilmiş respublika
bədii sərgisində nümayiş etdirilib. Rəssam əsər üzərində
1959-cu ildə, insanın kosmosa uçuşundan iki il əvvəl işləməyə
başlamışdı. Tablo hazırda
Bakıda, Azərbaycan Milli İncəsənət
Muzeyində saxlanılır.
Mədəniyyət.- 2021.- 30 iyul.-
S.8.