“Azərxalça” uşaqların
bayramını təbrik edib
1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub. Bu gün münasibətilə “Azərxalça” ASC, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) və “McDonalds” şirkətinin əməkdaşlığı ilə UAFA–nın Bakının Yasamal rayonunda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Azərxalça”nın Qobu emalatxanasına səyahət təşkil olunub.
Uşaqlar hanalarda xalça toxuyub, milli xalça naxışları və çeşnilərin boyanmasında iştirak ediblər.
UAFA-nın kommunikasiya məsələləri üzrə məsul şəxsi Çingiz Rahmanov bildirib ki, Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərən qurumun əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasıdır: “UAFA gələcəkdə davamlı olaraq uşaqları xalça toxunması, milli ornamentlərin necə ərsəyə gətirilməsilə bağlı fəaliyyətlərə cəlb olunmasına dəstək göstərəcək. İstəyirik ki, uşaqlar öz təsəvvürlərini incəsənət vasitəsilə inkişaf etdirib cəmiyyətə çatdırsınlar, yaradıcı potensiallarını ortaya qoysunlar. Çünki incəsənət vasitəsilə uşaqların cəmiyyətlə ünsiyyəti daha asandır”.
“Azərxalça” ASC-nin mətbuat
katibi Xatuna Abdullayeva bildirib ki, təmsil etdiyi qurum və UAFA regionlarda da xüsusi qayğıya
ehtiyacı olan uşaqlarla
layihəni davam etdirməyi
planlaşdırır.
Mədəniyyət.- 2021.- 2 iyun.- S.2.