“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi qəbul olunub

 

 

Milli Məclisin yaz sessiyasının sonuncu günü – mayın 31-də keçirilən iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

 

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb. Milli Məclisdə qəbul edilən qanun Şuşa şəhərinin bu statusunun hüquqi əsaslarını müəyyən edir.

 

Mayın 25-də Milli Məclisdə birinci oxunuşu keçirilən qanun layihəsi parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında, həmçinin ikinciüçüncü oxunuş öncəsi Mədəniyyət komitəsində geniş müzakirə olunub.

 

Üçüncü oxunuş üçün layihəni parlamentin plenar iclasının müzakirəsinə təqdim edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deputatlar tərəfindən səsləndirilən  təkliflərin əksəriyyətinin nəzərə alındığını deyib.

 

Komitə sədri bildirib ki, bu təklifləri üç qrupda sistemləşdirmək olar: “Birincisi, qanun layihəsində əksini tapan, lakin daha geniş izah tələb edən məsələlərdir. İkincisi, birbaşa qanun layihəsi ilə bağlı olmasa da, çox vacib təkliflərdir. Dövlət qurumlarının həmin təklifləri nəzərə almasını ümid edirik. Bu təkliflər istiqamətində addımlar atılacağına inanırıq. Üçüncü isə qanun layihəsində olmayan, amma deputatların qanun layihəsində olmasını istədiyi təkliflər idi”.

 

On beş maddədən ibarət qanun layihəsində  Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsasları əksini tapıb. Qanuna əsasən, şəhərin inzibati hüdudları daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq. Şuşa şəhərinin inzibati hüdudlarına bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olanya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

 

Qanun Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini, Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni, abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini, ətraf mühitin mühafizəsini, Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini, nəqliyyatın təşkilini, mənzil fondunun idarə edilməsini, sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri, həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər məsələləri tənzimləyəcək.

 

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.3.