Jurnalistlər Ağdamda
Zəfər muzeyi və İşğal
muzeyinin layihələri ilə
tanış olublar
Xəbər verildiyi kimi, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Ağdama səfəri zamanı burada yaradılacaq Zəfər muzeyi və açıq hava altında təşkil ediləcək İşğal muzeyi ilə bağlı təqdimat olub.
Mayın 31-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağdam rayonuna səfər edən jurnalistlər Zəfər muzeyi və İşğal muzeyinin yaradılacağı ərazidə də olublar, hər iki layihə ilə bağlı işlərin gedişi ilə maraqlanıblar.
Məlumat verilib ki, Zəfər və İşğal muzeyləri kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanıb.
İşğal muzeyi Ağdam Dram Teatrının binasının qalıqları olan ərazidə yerləşəcək. Erməni vandalizminin qurbanı olan binadan yalnız giriş qapısının olduğu bir divar hissəsi qalıb. Burada göl yaradılacaq. Teatrdan qalan qapılar, eləcə də işğal dövründə dağıdılmış kitabxana, poçt binası, hotel və balaca dükanın görüntüsü xüsusi rəqəmsal işıqlandırma vasitəsilə gölün üzərində əks olunacaq. Dağıdılmış digər evlər də memorial bağda saxlanılacaq.
Jurnalistlərə İşğal muzeyinin strukturu haqqında da məlumat verilib. Muzeyin giriş hissəsində nəhəng ekranlar quraşdırılacaq. Orada işğal dövrünün ağrılı-acılı günləri nümayiş etdiriləcək. Birinci zalda Qarabağın, Ağdamın tarixi faktlarla göstəriləcək, ikinci zalda 360 dərəcəlik rəqəmsal ekranlarda müharibə dövrünün ağır günləri, dairəvi zalda Ağdamın dağıdılması, yerlə yeksan edilməsi göstəriləcək. Bu vəhşiliklərin hamısı videolarla və hekayələrlə təqdim olunacaq. Dördüncü zal işğal dövrü qurbanlarının xatirəsinə həsr olunub. Beşinci zal isə Xocalı soyqırımından xilas olmaq üçün Ağdama üz tutmuş sakinlərin keçdiyi əzablı yolu əks etdirəcək. Həmin hissləri yaşatmaq üçün otaqda çox soyuq temperatur olacaq ki, insanlar, ziyarətçilər o soyuğu hiss etsin. Burada sükunət zalı da olacaq, dağıntılar, evlərin yanması əksini tapacaq. Böyük otaq insanlara həmin o hissi yaşatmaq üçün effekt verəcək. Arxiv zalında isə tarixi faktlar əks olunacaq. Memorial bağ səma altında muzey olacaq.
Zəfər muzeyi isə digər tərəfdə, Bayraq meydanının yanında yerləşəcək, yaxınlıqda isə Zəfər arenası olacaq. Vaxtilə burada olmuş Çörək muzeyi də bərpa ediləcək. Zəfər muzeyinin simvolikası Şuşa qalasının qapısını və Qələbə rəmzini təcəssüm etdirəcək.
Zəfər tağı kimi nəzərdə tutulan simvolika ağ və qara fonlarda hazırlanacaq. Bakıda yaradılacaq Zəfər muzeyində də həmin simvolikadan istifadə olunacaq. Zəfər muzeyi həm abidə, həm də muzey olacaq. Üstündəki tağ Günəşin ardınca hərəkət edəcək, Günəş enerjisi ilə işləyəcək. Bu, o anlama gəlir ki, Zəfərimiz, Qələbəmiz əbədidir. İçərisindəki muzey dəmir və şüşə konstruksiyalardan ibarətdir. Dəmir “Dəmir yumruq” əməliyyatını, şüşə isə bizim müharibənin, bizim Qələbəmizin ədalətli, saf olduğunu təcəssüm etdirir.
Burada bir neçə sərgi zalı da olacaq. Giriş zalında
nəhəng rəqəmsal
ekranlar quraşdırılacaq.
Ondan sonra pilotsuz uçuş aparatları,
ən müasir hərbi texnika, müharibə zamanı istifadə olunan nadir hərbi əməliyyatlar
taktikası və simulyasiya otaqları nəzərdə tutulur.
Ən vacib otaq isə
qəhrəman oğullarımızın
adı həkk edilmiş divarda sakit axan şəlalə,
üstündə qırmızı
güllər olacaq.
Bu, şəhidlərimizin xatirəsini daim yad etmək anlamı daşıyır.
Rəqəmsal masalarda isə
hər bir əməliyyat barədə
geniş məlumat veriləcək. Zəfər arenası
amfiteatr şəklində
qurulacaq. Buradan həm
Zəfər muzeyi, həm də Bayraq meydanı görünəcək. Üzərində avtomatik rejimdə açılıb-yığılan damörtüyü olacaq.
Mədəniyyət.- 2021.- 2 iyun.- S.4.