“Xaricdə təhsil alıb musiqimizi layiqincə təmsil etmək istəyirəm”

 

Mədəniyyət Nazirliyi sistemində 200-dən artıq uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir. Yeni nəsillərin istedadının üzə çıxarılması, peşəkar inkişafının istiqamətləndirilməsi məqsədilə mütəmadi olaraq festival, müsabiqə və sərgilər təşkil olunur. Həmçinin onların xarici ölkələrdə keçirilən sənət yarışmalarında iştirakı təmin edilir.

 

Artıq ikinci ildir ki, koronavirus pandemiyası ilə əlaqədar dünyada festival və müsabiqələr əsasən onlayn şəkildə keçirilir. Sənət təhsili müəssisələrinin yetirmələri virtual formatda təşkil olunan beynəlxalq festivallara qatılaraq yüksək nəticələr əldə edirlər.

 

Nuray Allahverdiyeva 2007-ci il iyunun 31-də Sumqayıt şəhərində musiqiçi ailəsində anadan olub. Gözünü açanda evlərində piano görübbu alətin dilləri üzərində anası Lalə Allahverdiyevanın barmaqlarının gəzdiyinə şahid olub. Lalə xanım 30 ildir Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbində müəllimə işləyir. Nuray da kiçik yaşlarından musiqiyə maraq göstərib. Qızının musiqi duyumunu hiss edən anası 2015-ci ildə onu Ceyranbatan Uşaq incəsənət məktəbinin fortepiano ixtisasına yazdırıb. Hazırda Nuray məktəbin 6-cı sinfində təhsil alır. O, burada təhsilə başladığı vaxtdan sevib-seçdiyi pianoya bağlanıb, gündən-günə bacarığını artırıb. Uğura gedən yolda inamla addımlayıb.

 

2017-ci il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən görkəmli bəstəkar, Xalq artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş pianoçuların IV Respublika elmi-ifaçılıq müsabiqəsinə qatılıb. Öz yaş qrupunda laureat adına layiq görülür. Həmçinin 2018-ci ildə yenə Bakı Musiqi Akademiyasında keçirilən “Akademik xalqcaz musiqisiRespublika festivalında uğurlu nəticə göstərərək diplomant adını qazanıb.

 

Nuray indiyədək 10-dan çox beynəlxalq və ölkə səviyyəli müsabiqədə iştirak edərək uğura nail olub. Yeniyetmə pianoçu bu ilin may ayında “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 7-ci “Art Olimpia 2021” Beynəlxalq onlayn incəsənət yarışmasında fortepiano nominasiyasında öz yaş kateqoriyası üzrə 1-ci yeri qazanıb. Bundan əvvəl isə Astanada Qazaxıstan və Macarıstanın birgə təşkilatçılığı ilə keçirilən “Macar rapsodiyası” pianoçuların I beynəlxalq onlayn müsabiqəsində 11-13 yaş kateqoriyası üzrə 1-ci dərəcəli laureat adına layiq görülüb. Nurayı sözügedən onlayn festivallara ixtisas müəllimi Yasəmən Bəşirova hazırlayıb. Şagirdinin uğuruna görə Yasəmən xanıma Astanadan təşəkkürnamə göndərilib.

 

Yasəmən müəllimə bizimlə söhbətində Nuraydan başqa dərs dediyi başqa şagirdlərinin də beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə etdiklərini, yetirmələrinin uğurlarından qürur duyduğunu dedi.

 

Nuray gələcəkdə musiqi təhsilini xaricdə davam etdirmək, ölkəmizi beynəlxalq miqyaslı yarışlarda yüksək səviyyədə təmsil etmək istəyir. Bizbu yolda yeniyetmə pianoçuya uğurlar arzulayırıq.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.5.