Arzular ömrün
vəfası qədərdir...
Mədəniyyət tariximizdə həyat və fəaliyyəti xalqa xidmətdə keçən ziyalılarımızdan biri tanınmış biblioqraf alim Əliheydər Qəhrəmanovdur. O, respublikada ilk görkəmli biblioqraf alim, ədəbiyyat sahəsində gözəl mütəxəssis olub. Biblioqrafiyaşünaslıq, kitabxanaşünaslıq və kitabşünaslıq sahələrinin inkişafına mühüm töhfələr verib. Bu il mərhum mütəxəssisin anadan olmasından 110 il ötür.
Əliheydər Baba oğlu Qəhrəmanov 1911-ci ildə Bakının Biləcəri kəndində dünyaya göz açıb. 1925-ci ildə orta təhsilini başa vurub, Pedaqoji Texnikuma qəbul olunur. Texnikumda oxuya-oxuya Abbas Səhhət adına kütləvi kitabxanada (paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərib, 2005-ci ildə bağlanıb) işə düzəlir.
1929-cu ildə texnikumu müvəffəqiyyətlə başa vuran Əliheydər Qəhrəmanov həyatını kitabxana işi ilə bağlamağa qərar verir. Beləliklə, gələcəyin tanınmış biblioqrafı kitabxanada işini davam etdirir. Ali təhsil almaq istəyi onu rahat buraxmır, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinin qiyabi şöbəsinə daxil olur. Bir müddət sonra uzun illər çalışdığı Abbas Səhhət adına kitabxanaya direktor təyin edilir.
Ali təhsilini başa vuran Əliheydər Qəhrəmanov 1940-cı ildən Bakı Mədəni-Maarif Texnikumunda müəllim kimi işə düzəlir. İlk gündən savadlı və bacarıqlı bir mütəxəssis olduğunu göstərir. Daha sonra texnikumun direktoru vəzifəsi ona həvalə edilir. O, eyni zamanda 1944-cü ildən indiki Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim işləyir. 1947-ci ildə onun səyləri ilə BDU-nun Filologiya fakültəsində kitabxanaşünaslıq şöbəsi açılır. Həmin ildən Əliheydər Qəhrəmanov fakültədə biblioqrafiya kursu üzrə mühazirələr oxuyur. 1948-ci ildən ömrünün axırına kimi universitetin Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasına rəhbərlik edir.
Respublika Kitab Palatası ilə daim əməkdaşlıq edən Əliheydər Qəhrəmanov 1942-ci ildə idarənin elmi katibi təyin olunur. O, palatanın çap etdirdiyi “Azərbaycan kitab salnaməsi”, “Azərbaycan qəzet məqalələri salnaməsi”ni tərtib edir.
Onun işinə qəlbən bağlanması və yorulmaz fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilir. Bir il sonra palatanın direktoru vəzifəsinə başlayır.
Əliheydər Qəhrəmanov bir mütəxəssis kimi həm də sahəvi biblioqrafiyanın inkişafında əlindən gələni əsirgəmir. Eyni zamanda bədii ədəbiyyata, görkəmli ədəbi simaların bədii irsinə aid tərtib etdiyi 8 retrospektiv və şəxsi biblioqrafik göstərici elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. O, yalnız biblioqrafik göstəricilər tərtib etməklə kifayətlənmir, həm də tarixi və əlamətdar günlər, yazıçıların yubileyləri münasibətilə dövri mətbuatda fəal çıxış edir. Respublikada biblioqrafiya işinin təbliğində və geniş yayılmasında böyük səylər göstərir.
Əliheydər Qəhrəmanov biblioqrafiyadan ilk dərsliklərin, “Kitabxana-biblioqrafiya terminləri lüğəti”nin müəllifidir. Bu, onun elmi yaradıcılıq fəaliyyətinin nə qədər dərin olmasından, böyük araşdırıcılıq səriştəsindən xəbər verirdi. Ancaq ömür vəfa etmir, bu sahələrdə uğurları yarıda qalır. Azərbaycanın ilk görkəmli biblioqraf alimi, pedaqoq, kitabxana-biblioqrafiya sahəsində kadrların hazırlanmasında mühüm zəhməti olan Əliheydər Qəhrəmanov 1959-cu ildə, 48 yaşında dünyasını dəyişir. 1962-ci ildə onun namizədlik (fəlsəfə doktoru) dissertasiyasının birinci hissəsi “Azərnəşr” tərəfindən “Rus-Azərbaycan ədəbi əlaqələrinə dair” adı altında çap olunur.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 4 iyun.-
S.6.