Hissləri ilə oxuyanların kitabxanası

 

Respublika Gözdən Əlillər Kitabxanasının 40 yaşı tamam oldu

 

Ölkəmizdə sağlamlıq imkanları məhdud insanların həyat şəraitinin yaxşılaşdırılması, onların təhsili, reabilitasiyası, asudə vaxtının səmərəli təşkili dövlətin diqqət mərkəzindədir. Bu mənada gözdən əlil vətəndaşların da təhsil, elm və mədəni mühitdən lazımınca faydalanmaları məqsədilə müxtəlif layihələr həyata keçirilir.

 

Gözdən əlil insanların təhsili, mütaliəsi həmişə marağımı cəlb edib. Daha doğrusu, onların oxu prosesi mənə möcüzəli proses kimi gəlib. Çağımızda çoxlarının mütaliəsizlikdən dad-aman elədiyi, xüsusilə də pandemiya bəlasının kitabxanaların qapısını üzümüzə bağladığı bir zamanda dünya işığından məhrum insanların məxsusi kitablarla ünsiyyəti necə davam edir? Bu sualımıza kitabxanaların fəaliyyətinin bərpa olunduğu, öz oxucularını ənənəvi qaydada qəbul etdiyi vaxtlarda cavab tapacağıq. İndilik isə biz iyunun 1-də 40 yaşı tamam olan Respublika Gözdən Əlillər Kitabxanası haqqında söz açacağıq.

 

Kitabxana “Gənclik” metro stansiyası yaxınlığındakı dördmərtəbəli binanın zirzəmisində yerləşir. Bizi direktor Şəhla Vəliyeva qarşıladı, kitabxananın tarixi barədə məlumat verdi.

 

Bu unikal mədəniyyət ocağının yaranması gözdən əlillərə kitabxana-informasiya xidmətini daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Korlar Cəmiyyətinin Bakı şəhərindəki obyektlərində yerləşən kitabxana və fonotekaların mərkəzləşdirilməsi zərurətindən irəli gəlib. Azərbaycan SSR Korlar Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət heyəti 23 may 1980-ci il tarixində bununla əlaqədar qərar verir və 1 iyun 1981-ci ildə kitabxana fəaliyyətə başlayır. Lakin sonralar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin maliyyə çətinliyi yarandığı üçün kitabxananın maddi cəhətdən təminatı mümkün olmur. Buna görə də kitabxana 1994-cü il yanvarın 1-dən Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.

 

1999-cu ildən kitabxanaya Rusiyadan alınan yeni kitablar daxil olub. 2002-ci ildən Gözdən Əlillər Cəmiyyətində yaradılmış studiyada Azərbaycan dilində materialların hazırlanması, 2006-cı ildən isə yeni yaradılmış nəşriyyatda Brayl şrifti ilə Azərbaycan dilində kitabların çapına başlanılıb.

 

Mədəniyyət Nazirliyinin himayəsi ilə kitabxananın əsaslı təmir olunaraq 2005-ci ildə istifadəyə verilməsi bu mədəniyyət müəssisəsinin fəaliyyətinin daha da genişləndirilməsinə zəmin yaradıb. Hazırda nazirlik tərəfindən kitabxana yeni texniki avadanlıqlarla təchiz olunur, maddi-texniki bazası daha da gücləndirilir.

 

Danışankitablar

 

Kitabxananın əsas prinsipi respublikada olan gözdən əlilləri Brayl yazı sistemi ilə çap olunmuş ədəbiyyatla danışankitablarla (audiokasetlər, CD-lər) təmin etməkdir.

 

Öyrəndik ki, kitabxananın fondu əsasən ölkəmizdə  ərsəyə gələn nəşrlər hesabına zənginləşir. Yalnız rus dilində olan kitablar Mədəniyyət Nazirliyi tərəfindən Rusiyadan sifariş olunur.

 

Burada ümumilikdə 35 mindən çox kitab var. Onlardan 70 faizi səsli (audiokaset, CD), 30 faizi isə Brayl əlifbası ilə Azərbaycan, rus, türk ingilis dillərində olan nəşrlərdir. Kitabxananın 2000-ə yaxın üzvü var.

 

Şəhla xanım deyir ki, kitabxanaya üzv olanlar kitabları buradan götürərək evlərində ya kitabxananın oxu zalında rahat şəkildə oxuya bilər. Bundan başqa, kitabxananınYoutubekanalında Facebooksosial şəbəkəsində ayrıca səhifələri mövcuddur. Pandemiya şəraitinə görə kitabxanaya gələ bilməyən oxucular kitabları sosial şəbəkə üzərindən səsli şəkildə dinləyirlər. Həmçinin bölgələrdə yaşayan sağlamlıq imkanları məhdud insanların mütaliəsi üçün rayonlarda fəaliyyət göstərən mərkəzi kitabxanalara da kitablar göndərilir.

 

Altı nöqtədən ibarət əlifba ilə bilik dünyasına...

 

Kitabxanada Brayl əlifbası ilə hazırlanan kitablar da kifayət qədərdir. Şəhla xanım bu barədə məlumat verir. Deyir ki, bu əlifba özü gözdən əlil olan, tanınmış fransız tiflopedaqoq (gözdən əlillərə təhsil tərbiyə verən mütəxəssis) Lui Brayl tərəfindən tərtib edilib. 6 nöqtədən ibarət əlifba cihazı qrifel (daşaoxşar xüsusi materialdan düzəldilmiş yazı taxtası üzərində yazmaq üçün daş qələm) deyilən iki yazı ləvazimatı vasitəsilə yazılır. Bu əlifbanı oxumaq üçün ölkəmizdə xüsusi məktəblər fəaliyyət göstərir. Brayl əlifbası sol əlin ikinci barmağı ilə oxunur. Həmin məktəblərdə dərs alan uşaqlara barmaqlarındakı hissiyyat analizatorlarını gücləndirmək məqsədilə darı, yumru düyü, noxud, mərcimək verilir. Uşaqlar bunları baş barmaqları ilə birinci barmağın arasında oynadırlar. Daha sonra uşaqlara Brayl əlifbası öyrədilir. Onlar artıq o nöqtələrə toxunmaqla hərfləri bilirlər. Kitabxanada Brayl nəşrləri ilə yanaşı, gündəlik ənənəvi mətbu nəşrlər, adi kitablar da saxlanılır.

 

Qəlbəyatan səslərini əsirgəməyənlər...

 

Direktorla söhbət edə-edə kitabxananın studiyasına daxil oluruq. Burada beynəlxalq təcrübəyə uyğun olaraq gözdən əlillərə kitab oxumaq istəyən könüllülər üçün şərait yaradılıb. Könüllü şəxslər ya diktorlar mikrofon qarşısında mətnləri oxuyur onun səs yazısı montaj olunaraq kitabxananın fonduna əlavə edilir. Studiyada Brayl əlifbasında kitab nəşr etmək üçün printer yerləşdirilib.

 

Məlum olduğu kimi, gözdən əlil insanlar səsə daha çox həssasdırlar. Buna görə kitabların səsləndirilməsi üçün aydın səsi səlis tələffüzü olan könüllülərə daha çox üstünlük verilir. Bundan əlavə, kitabxanada mərhum diktor, Əməkdar artist Aydın Qaradağlı, Xalq artisti, diktor Ofeliya Sənani, Xalq artisti Rasim Balayev kimi sənətkarların səsləndirdiyi audiokitablar var. Hazırda isə Azərbaycan Radiosunun diktorlarıXalq artisti Eldost Bayramov, Zərifə Ağahüseynqızı kitabxanada bu işlə məşğul olurlar.

 

KitabxananınNizami Gəncəvi İli”nə öz töhfəsi olacaq. Eldost Bayramov tərəfindən səsləndirilənNizami lirikasıCəfər Cabbarlının külliyyatıkitablarının son tamamlama işləri gedir. Yaxın zamanlarda bu kitabların təqdimatı keçiriləcək.

 

Direktor söyləyir ki, pandemiyadan əvvəl kitabxanada mütəmadi olaraq müxtəlif tədbirlər, görüşlər keçirilib. Kitabxanada Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Vahid Əziz, detektiv yazar Elxan Elatlı, şərqşünas alim Qəzənfər Əliyev, uşaq yazıçısı Gülzar İbrahimova, Xalq artistləri Rasim Balayev, Yaşar Nuri, Arif Quliyevlə görüşlər keçirilib, uşaqlar arasında bilik yarışması, şeir müsabiqələri təşkil olunub.

 

Vətən müharibəsi qazilərinə çağırış

 

Direktorun sözlərinə görə, kitabxanada oxucularla yanaşı, işçilərin əksəriyyəti gözdən əlildir: “Hazırda kitabxanada 19 işçi çalışır. Onların 13-ü gözdən əlildir. Buna baxmayaraq, işlərini sevərək yerinə yetirirlər”.

 

Kitabxanaçı Nazlı Əliyeva ilə söhbət etdik. O həm səsli variantda, həm Brayl əlifbası ilə hazırlanmış Qurani-Kərimi göstərdi. Nazlı xanım qəzetimiz vasitəsilə Vətən müharibəsi qazilərinə səsləndi: “Çox istərdik ki, Vətən müharibəsində gözlərinin nurunu itirmiş igid oğullarımız boş vaxtlarında kitabxanamıza gəlsinlər. Bizlər də sevə-sevə onlara xidmət edərik”.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 9 iyun.- S.5.