95 yaşlı kitabxanadan
təəssürat
“Oxucu
marağını ödəmək özü
bir məsuliyyətdir. Elə oxucularımız
var ki, istədikləri
kitabı digər filiallardan tapıb təqdim
edirik”
Bu gün sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Dünyada və ölkəmizdə baş verən ən son yenilikləri də çox zaman sosial şəbəkələr üzərindən əldə edirik.
Bir neçə gün əvvəl Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 saylı filialı – Buzovna qəsəbəsindəki kitabxananın 95 illik yubileyi ilə bağlı xəbər də elə “Facebook”da qarşıma çıxmışdı. Düşündüm ki, onsuz da pandemiya səbəbindən kitabxanalarımız bir ildən çoxdur ənənəvi fəaliyyətini davam etdirə bilmir. Heç olmasa, bu yubiley pandemiya şəraitində kitabxananın tarixi üçün əlamətdar olar...
Kitabxananın şöbə müdiri Qızılgül Məmmədova ilə əlaqə saxlayıb yubileylə əlaqədar yazı hazırlayacağımı dedim. Razılaşdıq. Fotoqrafımızla birlikdə üz tutduq Bakının qədim yaşayış məntəqələrindən sayılan Buzovnaya.
Qeyd edək ki, Xəzər rayon MKS Mərkəzi kitabxana və yeddi kitabxana filialını əhatə edir. Buzovna kitabxanası 2011-ci ildən MKS-nin 3 saylı filialı kimi fəaliyyət göstərir. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə kitabxananın binası təmir olunub.
95 il, o qədər
də az zaman deyil. Azərbaycanda, xüsusən də Bakı kəndlərində
kitabxana işinin inkişafı baxımından
bu fakt böyük
əhəmiyyət kəsb
edir. 1926-cı ildə ölkəmizdə
kitabxana işi elə də geniş yayılmamışdı.
Bununla əlaqədar bəzi mənbələrdə
bu barədə maraqlandım və qarşıma belə bir məlumat çıxdı: “XX əsrin
əvvəllərində Bakıda
neft sənayesinin inkişafı Bakı kəndlərinin ictimai mühitinə və mədəni inkişafına
müsbət təsir
etmişdi. Bakı ilə yanaşı,
ətraf kəndlərdə
də məktəblər,
mədrəsələr açılır,
mədəni-maarif müəssisələrinin
yaranmasına təşəbbüs
göstərilirdi. Bakı kəndlilərinin
bir çoxu neft mədənlərində,
yeni yaradılan fabrik və zavodlarda fəhlə işləyirdilər. Kəndlərdə savadlı adamların sayı artmağa başlamışdı. Bakı mühiti
kəndlərə ciddi
təsir göstərirdi.
Kəndlərdə ab-hava tamamilə dəyişmişdi. 1905-1907-ci illər inqilabı dövründə Bakı
kəndlərində inqilab
ərəfəsində gedən
oyanış daha da genişlənmişdi.
Kəndlilər iqtisadi tələblərlə
yanaşı, maarif və mədəniyyət
sahəsində də
tələblər irəli
sürür, kəndlərdə
məktəblər və
mədəni-maarif müəssisələri
yaratmaq istəyi ilə çıxış
edirdilər. Həmin dövrdə
Bakı kəndlərində
böyük ziyalılar
ordusu yetişmişdi.
Məhz bu ziyalılar Bakı kəndlərində
maarif və mədəniyyətin inkişafına
böyük təkan verməyə, yeni məktəblər, kitabxanalar
və qiraətxanalar təşkil etməyə
ciddi səy göstərmişlər”.
Mənbələrdə qeyd olunur ki,
Bakı kəndlərində
kitabxana və qiraətxanalar əsasən
məktəblərin yanında
yaradılırdı. Bakıətrafı
böyük kənd və qəsəbələrdən
Mərdəkan, Maştağa,
Balaxanı, Əhmədli,
Sabunçu və s. yaşayış məntəqələrində
məktəblərin yanında
kiçik kitabxanalar fəaliyyət göstərməyə
başlayıb. Belə kitabxana
və qiraətxanaların
yaranmasına kənd ziyalıları da maddi köməklik göstəriblər. Bundan əlavə,
Bakı və onun kəndlərində fəaliyyət göstərən
cəmiyyətlər, ayrı-ayrı
qabaqcıl ziyalılar
da öz vəsaitləri hesabına
ictimai kitabxana-qiraətxanalar
təşkil ediblər.
Mərhum
kitabxanaşünas alim,
professor Abuzər Xələfov “Azərbaycanda
kitabxana işinin təşkili” adlı dərsliyində yazır:
“1926-cı ildə Azərbaycan
SSR-də olan 121 qiraət komasının
115-i Azərbaycanın qəzalarında,
6-sı Bakı qəzasında
yerləşmişdi. Bunlardan 32-si nümunəvi
qiraət koması,
3-ü kəndli guşələri
idi. 1926-cı ilin ikinci yarısında
təkcə Bakı və onun rayonlarında
4 kitabxana açılmışdı.
Maraqlı burasıdır ki,
bu kitabxanalardan ikisi Bakı qəzasının Buzovna və Zərgərli kəndlərində təşkil
edilmişdi”.
***
Bəli,
düz 95 il
əvvəl təməli
qoyulan kitabxananın qarşısında bizi gülərüz və çox səmimi bir kollektiv qarşıladı.
Hər bir əməkdaşın
işinə məsuliyyəti
və kitab məbədini layiqli şəkildə təqdim
etmələri üçün
çalışmağı diqqətimizi çəkdi.
Kitabxananın direktoru Ülviyyə
Xudaverdiyeva elm, bilik məbədinin tarixi haqqında məlumat verir. Bildirir ki, 1996-cı ildən
kitabxanaya rəhbərlik
edir. Kitabxananın zəngin fondu
var. Bədii, elmi ədəbiyyat fondu üstünlük təşkil
edir. Oxucuların
sayı da az deyil.
Kitabxananın yerləşdiyi ərazidə
kitaba tələbat yüksəkdir.
Həmsöhbətim deyir ki, kitabxana
əvvəlcə kolxozun
binasında təşkil
edilib. Fondu böyüdükcə bir
müddət qəsəbə
klubunda fəaliyyət
göstərib: “Oxucu və kitab sayı
artdığına görə
Buzovnada kolxoz sədri işləyən
Ruhulla Atakişiyev kitabxana üçün xüsusi bina ayırıb. Hazırda kitabxanamızın 49 min kitab
fondu var. Fondun 20 mini rus şöbəsinə,
29 mini isə Azərbaycan
şöbəsinə aiddir.
Oxucularımız Buzovna ərazisi
ilə məhdudlaşmır.
Ətraf
qəsəbələrdən və şəhərdən
gələn oxucular da var. İl ərzində kitabxananın
3-4 min arası oxucusu olur”.
Bu məqamda söhbətimizə
kitabxananın Oxuculara
xidmət şöbəsinin
müdiri Həqiqət
Ağabəyova da qoşulur. O, qıraq qəsəbələrdən və
şəhərdən oxucuların
bu kitabxanaya üz tutmasının səbəbini əməkdaşların
xoş və isti münasibəti, keyfiyyətli xidməti ilə əlaqələndirir:
“Oxucu marağını
ödəmək özü
bir məsuliyyətdir.
Elə oxucularımız var ki, onların istədikləri kitabları
digər filiallardan tapıb təqdim edirik. Mübadilə yolu ilə də kitablar götürürük. Oxucular da
sağ olsun, kitabları vaxtında və səliqəli şəkildə geri qaytarırlar. Hədiyyə edilən kitablarımız
da çoxdur. Bilirsiniz ki, Buzovna çox
sayda tanınmış
elm, mədəniyyət xadimləri
yetişdirib. Xalq
artistləri – tarzən
Firuz Əliyev, qoboy ifaçısı Kamil Cəlilov, Xalq rəssamı Mirnadir Zeynalov, akademik Ziyad Səmədzadə, Əməkdar
rəssam Rafael Muradov,
Əməkdar artistlər
– aktyor Mirzə Ağabəyli, kamança
ifaçısı Mirnazim
Əsədullayev və
digər onlarla insan bizim kitabxanaya
öz əsərlərini
və şəxsi kitablarını hədiyyə
ediblər. Hər halda onların
yetişməsində kitabxanamızın,
az da olsa,
rolu olub”.
***
Sonuncu dəfə
nə vaxt kitabxana üçün nəşrlərin alındığını
soruşuram və məlum olur ki, bu ilin
aprelində kitab kollektorundan 200 nüsxə
kitab alınıb. Söhbətimiz zamanı o da bəlli olur ki, oxucular ən
çox detektiv əsərlərə maraq
göstərirlər.
Pandemiya dövründə kitabxana
onlayn layihələr təqdim edib. Hazırda 30 faiz
işçi heyəti
ilə işini davam etdirən kitabxana kollektivi yenidən normal fəaliyyətə
qayıtmağı səbirsizliklə
gözləyir.
Kitabxana Buzovna Mədəniyyət
evi ilə birlikdə çoxsaylı
tədbirlər də
həyata keçirib. Xəzər rayon MKS-nin direktoru vəzifəsini
icra edən Jalə Əliyeva da ziyarətimizdən xəbər tutub kitabxanaya gəlmişdi.
O, yubileylə əlaqədar
“Mədəniyyət” qəzetinin
göstərdiyi diqqətə
görə təşəkkürünü
bildirdi.
Sonra əməkdaşlar bizi kitabxananın zəngin fondu ilə tanış etdi.
Sonda onu da öyrəndik
ki, 5 il əvvəl kitabxananın
90 illik yubileyində əməkdaşlar Bakı
Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsi və Buzovna bələdiyyəsi tərəfindən
fəxri fərmanla təltif olunublar.
Xoş təəssüratlarla ayrılmağa hazırlaşırdıq ki, sevilən aktyor, Əməkdar artist Mirzə Ağabəyli kitabxanada olduğumuzdan xəbər tutub bizimlə görüşməyə gəldi. Mirzə müəllimlə Buzovna səyahətimiz barədə ayrıca yazıda.
Lalə AZƏRİ
Mədəniyyət.-
2021.- 11 iyun.- S.1;4.