“Mən müstəqilliyi Azərbaycan
xalqı üçün ən böyük nailiyyət hesab
etmişəm”
Tarixi proseslərin şəxsiyyətin həyatında rolu və şəxsiyyətin tarixdə yeri, dövrün gərdişinə təsiri – dünya yaranandan bu münasibətlər məcrasında saysız müzakirələr olub, bu gün də var, sabah da olacaq.
Bu bir gerçəkdir ki, şəxsiyyəti tarix yaradır, yaşadığı dövr, mühit yetişdirir. Amma o da gerçəkdir ki, böyük şəxsiyyətlər əməlləri ilə tarix yazır, tarixi yaradır. Heydər Əliyevin Azərbaycanın tarixində yeri, gördüyü işlərin mahiyyəti zaman ötdükcə daha dərindən dərk edilən bir salnamədir. O, siyasi fəhm və bacarığı, yüksək liderlik keyfiyyətləri və zəngin idarəçilik təcrübəsi ilə Azərbaycanın müstəqilliyini qorudu, möhkəmlətdi, gənc dövlətə beynəlxalq birlikdə layiqli yer qazandırdı.
Məhz onun qurduğu təməl üzərində inkişaf edən, güclənən, yüksələn Azərbaycan müstəqilliyinin 30-cu ilinə tarixi Zəfərlə qədəm qoydu. Bu günün Azərbaycanından dönüb geriyə, tariximizin o çətin, mürəkkəb dövrünə, istiqlal və istiqbalımızın sınaq illərinə nəzər salsaq, keçdiyimiz yolun da, yetdiyimiz Zəfərin də mahiyyətini daha dərindən dərk edərik.
***
Təfərrüata varmayıb, sadəcə, bir faktın üzərində dayanacağıq. Müstəqilliyimizin bir ilindən sonra regiondakı və dünyadakı yerimizi yada salmaq üçün yetərlidir.
1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş SSRİ-nin yeni müstəqil dövlətlərinə yardım üçün “Azadlığa Dəstək Aktı” (“Freedom Support Act”) adlı sənəd qəbul etdi. Erməni lobbisinin səyi ilə sənədə 907 saylı bir əlavə edilmişdi: “Azərbaycan Ermənistanı nəqliyyat blokadasına aldığı üçün Amerikanın dövlət yardımından məhrum edilsin”. Ədalətsizliyin bundan betəri olardımı? Çünki gerçəkdə erməni tərəfi Bakıdan Naxçıvana (oradan da Ermənistana) gedən qatarların qarşısını kəsmiş, 1991-ci ilin sonundan dəmiryolunda hərəkət dayanmışdı. Nəticədə üç yandan erməni əhatəsində olan Naxçıvan blokadaya düşmüşdü.
Amma bunu yalnız biz bilirdik. Dünya gerçəklərdən xəbərsiz idi. Biz də dünyadan. Buna görə də 1992-ci ilin aprelində layihəsi hazırlanan, bir neçə ay sonra müzakirəyə çıxarılıb qəbul edilən bu sənəddən biz yalnız o, oktyabrın 24-də prezident Corc (ata) Buş tərəfindən imzalandıqdan sonra xəbər tutduq. Azərbaycanda müstəqilliyin bir ilinin tamamında dövlət səviyyəsində diplomatiya de-fakto yox idi. Türkiyənin bizə qardaş münasibətini çıxsaq, xarici siyasətin heç bir vektoru qurulmamışdı. Avropada tək Britaniya ilə sözdə dostluq (o da BP-nin neft marağı üzərində) qurulmuş, şimalda Rusiya, cənubda İranla münasibətlər bərbad idi. Daxildəki böhran ölkənin xaricinə də vurmuşdu...
Ermənistanın yaxın-uzaq havadarlarının dəstəyi ilə ölkəmizə qarşı işğalçılığını dayandırmaq, eyni zamanda Azərbaycanı beynəlxalq təcriddən qurtarmaq lazım idi. Bunu etmək isə o vaxt hakimiyyətdə olanların fərasəti xaricində idi. 1993-cü ilin iyununda ölkə, Ermənistanın işğalçılığı bir yana, vətəndaş müharibəsinin də eşiyinə gəlmişdi. Öncə müstəqilliyi, dövlətçiliyi xilas etmək lazım idi, əks halda gənc respublika kənar təhdidlərlə parçalanacaqdı...
“Azərbaycanın bugünkü ağır, mürəkkəb vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm. Azərbaycan bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcəkdir”.
Heydər Əliyev 1993-cü ilin 15 iyununda fəlakətlə üzbəüz qalan dövlətin sükanı arxasına bu sözlərlə keçdi. Qarşıda Azərbaycanın həm istiqlalı, həm də istiqbalı üçün tarixin imtahanı vardı: sabitliyi yaratmaq, müstəqilliyi möhkəmlətmək, milli maraqlara tən gələn uzlaşdırıcı xarici siyasət qurmaq, ölkəni inkişaf relsinə çıxarmaq.
Heydər Əliyevin dediyi sözlər müstəqillik tariximiz üçün həqiqət anı idi. Sonrakı mərhələdə Azərbaycanın qət etdiyi yolun mahiyyətini dərk etmək üçün 15 iyun tezislərinə diqqət yetirmək lazımdır.
Birinci tezis: Ermənistanın kənar havadarların köməyi ilə ölkəmizə qarşı apardığı işğalçılığı dayandırmaq üçün region ətrafındakı güclərlə münasibətlər qurmaq.
“Rusiya çox böyük dövlətdir, şimal qonşumuzdur. Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər daha geniş, səmərəli olmalıdır. Qonşu İran İslam Respublikası ilə münasibətlərimiz yaxşılaşdırılmalıdır. Amerika ilə münasibətlər inkişaf etdirilməlidir. Avropa ölkələri ilə əlaqələrimiz genişlənməlidir”.
İkinci tezis: Türkiyə ilə yanaşı, digər türkdilli ölkələrlə sıx əlaqələr qurulmalı, ümumtürk həmrəyliyi şüardan real əməkdaşlığa keçməlidir.
“Türkiyə Cümhuriyyəti ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bu əlaqələri qırmaq olmaz”.
Üçüncü tezis: Azərbaycan postsovet məkanındakı respublikalarla əlaqələri, geniş iqtisadi bağları olmuş münasibətləri inkişaf etdirməlidir.
“Keçmiş Sovet İttifaqına daxil olan, indi müstəqil dövlət olan dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Baltikyanı dövlətlər, Moldova ilə biz daha geniş əlaqələr yaratmalıyıq. Bizim üçün bu, çox lazımdır. Çünki bu dövlətlərlə iqtisadi, mədəni, insani əlaqələrimiz uzun illər çox yaxın olub”.
Dördüncü tezis: Azərbaycan dünyəvi, demokratik inkişaf yolunu seçib. Bu, strateji xətdir. Eyni zamanda müsəlman dünyası ilə tarixi-mədəni köklərə söykənən münasibətlər inkişaf etdirilməlidir. Şərqlə Qərb arasında körpü olmaq Azərbaycanın tarixi missiyasıdır.
“Azərbaycanda demokratik respublika quraraq, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Bunun üçün elmimiz, mədəniyyətimiz, tarixi ənənələrimiz, dini mənbəyimiz olan İslam dini çox böyük əsas yaradır”.
Beləliklə, müdrik dövlət xadimi 1993-cü il 15 iyun tarixli çıxışında ölkənin beynəlxalq münasibətlərinin başlıca istiqamətlərini bəyan etmişdi. Bu, realist və milli maraqları təmin edən siyasət idi. Azərbaycanın regional və beynəlxalq münasibətləri balanslı dəngələr üzərində qurulmağa başlandı.
Çünki Azərbaycanın Ermənistanla müharibədə zəif düşməsində düşmənin kənardan aldığı dəstəyin həlledici rolu olmuşdu. Amma biz müstəqilliyimizin ilk dövründə düşmənə edilən bu havadarlığı neytrallaşdırmaq üçün real siyasət yeritmək əvəzinə, meydan eyforiyası ilə davrandıq. Nəticədə şimaldan və cənubdan Azərbaycana separatizm toxumları səpildi. Qərblə münasibətlər, qeyd etdiyimiz kimi, Britaniya ilə neft qoxulu diplomatiyadan o yana getməmişdi.
Türkiyədən savayı digər türk respublikaları ilə münasibətlərin gözardı edilməsi bu istiqamətdə də boşluqlara yol açmışdı. Müsəlman dünyası ilə münasibətlər qurulmamışdı. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasında üç müsəlman ölkəsi olduğu halda, Qarabağa dair qətnamələrdə yalnız Pakistan bizə dəstək vermişdi. Halbuki Azərbaycan formal olaraq 1991-ci ilin dekabrından 50-dək ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvü idi.
Heydər Əliyev addım-addım, səlis diplomatik gedişlərlə xarici siyasətdəki bütün bu boşluqları doldurdu. Öncə yaxın çevrədə münasibətlər möhkəmləndirildi. 1993-cü ilin sentyabrında Azərbaycan MDB-yə üzv oldu, ölkə bu formatda zəruri iqtisadi əlaqələrlə yanaşı, işğalçı Ermənistana qarşı ən azı siyasi tribuna əldə etdi.
1994-cü ilin fevralında Türkiyəyə səfər edən ulu öndər iki ölkənin strateji tərəfdaşlığının tarixi formulunu bəyan etdi: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. İstanbulda keçirilən Türk sammitində Mərkəzi Asiya respublikaları ilə səmimi dostluq bağları quruldu.
Rusiya ilə münasibətlər sahmanlanmağa başlandı. 1994-cü ildə BMT TŞ-nin beş daimi üzvündən biri olan Çin Xalq Respublikasına səfərlə xarici siyasətin daha bir mühüm vektoru təmin edildi. Cənub qonşumuzla qarşılıqlı etimada söykənən münasibətlərə yol açan Tehran səfəri gerçəkləşdi. Səudiyyə Ərəbistanına səfər ərəb dünyası ilə sıx əlaqələrə zəmin yaratdı, 1994-cü ildə Mərakeşdəki sammitdə müsəlman ölkələri Qarabağ məsələsində Azərbaycana tam dəstək verdi...
Ümumilikdə bir ilin içində Azərbaycanın xarici siyasətində əsas dəngələr düzəldildi. Bu xüsusda 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi”ni ayrıca qeyd etmək gərəkdir. Heydər Əliyevin böyük strateq kimi tarixi uzaqgörənliyinin nəticəsi olan bu anlaşma Azərbaycanın təkcə iqtisadi dirçəlişinin deyil, uzunmüddətli beynəlxalq münasibətlərinin də “yol xəritəsi” oldu. Azərbaycan bu müqaviləyə regionun və dünyanın böyük güclərini cəlb etməklə enerji diplomatiyasını xarici siyasətdə əsas güc alətinə çevirdi.
Azərbaycanın bir nömrəli probleminin həllində də son sözü güc deyəcəkdi. Bu gücü isə həm iqtisadi potensial, həm qüdrətli ordu, həm də çevik, dövrün çağırışlarına cavab verən diplomatiya təmin etməli idi və edirdi. 2020-ci ilin 44 günündə bu hər kəsə əyan oldu...
***
1993-cü ildə Azərbaycan xalqını rəzalətdən, Azərbaycan dövlətini fəlakətdən xilas edən Heydər Əliyev bizə möhkəm özüllü, istiqrarlı, sabit inkişafı təmin edilmiş bir dövlət qoyub getdi. Bu dövlətin uğurları ilə onun qurucusunun da ruhu şad olur...
“Bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm... Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün!” – Heydər Əliyev yolunun davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 8 noyabrında dediyi bu sözlər də Azərbaycan tarixinin həqiqət anı idi. Ən yeni tariximizin həqiqət anı...
Vüqar ORXAN
Mədəniyyət.-
2021.- 11 iyun.- S.4.