Çeşmə axımlı,
şimşək çaxımlı...
Ecazkar “Şəbi-hicran...” nəzmini
füsunkar “Füzuli
kantatası”na çevirmiş Cahangir Cahangirov
Əsrlər idi ki, o əsrarəngiz nəzmdəki sehranə misralar bu xalqın kütleyi-mütaliə mərtəbəsinə yetə bilmir, eləcə, bir-birini əvəz edən nəsillərin bir qisim söz xiridarı – “arifi-əsrar”ları içərisində cilvələnirdi. Elə ki dahi Üzeyir bəy Bulağından doyunca içmiş bu bəstəkar həmin kəlamlara belə bir bəstə Məcnunluğu etdi, o “hər işi xəlqə rüsva” Aşiqin də “qara bəxti” (əlbəttə, kütləvi anlanış sarıdan) oyandı...
İlk abzasdaca işlətməli olduğum “qarabəxt”lik nüansı mənə bu bəstəkarın uşaqlıq və gənclik çağlarında yaşadığı çətinlikləri xatırlatdı. Bunları onun doğulduğu (1921) Balaxanı kəndində eşitmişdim; atası müharibədən qayıtmayıb, bircə dənə də fotoşəkli olmayan (“Mən surətimi özgə adamlara göstərmərəm, ayıbdır”) anası otuz beş yaşında vəfat edib və Cahangir üç qardaş-bacısını oxudub-dolandırmaq zorunda qalıb.
Bu korifey bəstəkarın bir insan kimi də böyüklüyünün izharı üçün sözümü bacısı (mərhum müğənni Yalçın Rzazadənin həyat yoldaşı) Roza Rzazadənin xatirələrilə davam etdirirəm.
“Cahangir bizə həm ana olub,
həm ata. Elə ilk gəncliyindən
ailəmizin yükünü
çəkib.
Çox həssas, çox ürəyiyumşağıydı Cahangirimiz. Birimizi gözüyaşlı görəndə
özünə yer tapa bilmirdi...
Onun musiqiyə yönəlməsi
bir gün anamın dükandan alıb onun yastığının altına
qoyduğu bir “balalayka”dan başlayıb...
Daha nə danışım...
Cahangirin
adı gələndə,
Cahangirdən söz düşəndə hər
şeyi unuduram. Məni o qədər çox istəyirdi ki! Elə bil
onun iki bacısından biri yox, madar övladıydım...
Üzeyir bəylə tanışlığı
15 yaşından başlayıbmış. Kimsə
Cahangirin musiqi qabiliyyətindən danışıb,
Üzeyir bəy də çağırıb
yanına, musiqisinə
qulaq asıb və yanındakılara deyib, bu böyük
uşağa həmişə,
hər yerdə diqqətlə yanaşın...
Rəşid Behbudovla “Ana” mahnısının
məşqini də yaxşı xatırlayıram. Qapıdan gizlincə
baxırdım. Mən
Rəşid böyüklüyünü
bax hələ o balaca yaşlarımdan kəşf etdim!
Təbiəti çox xoşlayırdı. Dənizə
baxmağı sevərdi,
baxanda da gözləri yol çəkərdi; bəlkə
atamızın yolunu dənizdən gözləyirmiş...
Ən çox “Ana” mahnısını zümzümə edərdi…
Ömrünün
sonlarında məni daha çox
görmək istəyirdi. Deyirdi, tez-tez gəl, gec-gec get...
Qarabağın taleyindən çox narahat idi. Bir gün də, xəstəliyinin şiddətləndiyi
vaxt, Qarabağdan, Şuşadan (hələ
işğal olunmamışdı)
bir xeyli danışdı, axırda
dedi, bilmirəm, Üzeyir bəyin ruhu hüzurunda nə danışacağam...”.
O elə yaşayıb, elə məhsuldar bir ömür sürüb ki, bizlərin deməyə sözü çox...
Öncə...
“Qaçaraq” (“başını
qaşımağa vaxt
tapmayanlarçün”) və
kütləvi xatırlanası
nümunələrdən bir
neçəsi: “Yenilməz
batalyon” filmindəki “Teymurun mahnısı”, “Koroğlu” filmindəki “Xanəndə qızın
mahnısı”, “Dəli
Kür”dəki “Ana Kür”
və s. “Bayatılar”
adıyla tanıdığımız
nəğməni, “Gül
camalın” romansını,
“Ənəlhəq” mahnı-romansını,
“Eşitməzdim” qəzəl-romansını
da yad edək.
“Ənənəvi”, “sıravi”
mahnıları isə...
Bu vurğu onun mahnılarındakı məxsusi
lad-dad elementlərilə bağlı...
Məsələn, “Ana” mahnısını xəyala alın (və təbii, “əli üzündə” qalın)... Və belə bir nüansın
da fərqinə varın; bu mahnı, musiqi müəllifindən əlavə,
neçə-neçə sənətkar
üstünə də
parlaq işıq-şəfəq
saçıb! Əlbəttə, ən əvvəl, şeir müəllifi İslam Səfərlinin və o çağlar o mahnını bənzərsiz
“solo”layan tarzən Hacı Məmmədovun.
Və... bu
can nəğməni bütün
azərbaycanlı övladlar
ağzından avazlayan
unudulmaz Rəşid Behbudovun! Bu cəh-cəhlər
ustadının o mahnıdakı
sonsuz bəh-bəhlərə
layiq bir ustalığının – “Dilinin
o həzin laylasına
qurbanam” misrasındakı
işarə əvəzliyinə
(o... o... o...) əsrarəngiz bir tembrlə “züy” edib, könüllərimizə nə
toy tutduğunun fərqindəsizmi,
ey haçansa radio dinləyicisi, televiziya tamaşaçısı olmuş
(olası) hörmətli
oxucularımız?!.
Bu könüllər bəstəkarının “Alagöz”, “Ay qız”, “Dan ulduzu, bir də mən”, “Aylı gecə” və s. mahnılarının dillər əzbəri, könüllər bəzəyi olması haqda da geniş danışmağa ehtiyac yox...
Amma xüsusi bir vurğu ilə –
Deyək
ki...
Bu bəstəkar otuz
səkkiz yaşında
yazdığı “Füzuli”
kantatası ilə o dövr mühafizəkarlarının
“çoxsəslilik Azərbaycan
musiqisinə yad elementdir” fikrini alt-üst edib. Ötən
əsrin ilk onilliyinə
(milli mədəniyyət
taleyimizə möcüzətək
doğulan “Leyli və Məcnun” operasına) qədər dədə-nənələrimizin xor baxdığı bir musiqi janrında
ha! “Opera”, “balet”, “süita”,
“kapriççio” kimi
(yadel-yaddil) terminlərin
leksikonumuza oturuşmadığı
çağlarda...
Bu nüanslar sözügedən
kantatanın gah həzin-həsrəti, gah
qalib-qələbəli takt-aktlarından
da hiss olunur. Elə zaman-zaman
mətbu müsahibələrindən,
teleradio çıxışlarından
bu da məlum
olur ki, müəllifin özü
də, bu əsər üzərində
işlərkən, daha
çox, burada vurğuladığım məqamlara
üstünlük verib.
Yəni o, bu kimi çoxsəsli əsərlərin milli mədəniyyətimizə qovuşumunadək
müxtəlif səbəblərdən
(xalqın tərəkəmə-tərkeləmə
“atüstü”lüyü, dini
mərsiyə-mərasimliyi, “qırx gün-qırx gecə”lik nağıl-dastan,
toy-nişan birəntiliyi
istisna edilməklə)
Aşıq Cünun monokültürçülüyündən sintetik (ümummilli) qavranışa gəlməkdə
çətinlik çəkən
xalqımız üçün
çox gərəkli
bir işi davam etdirdiyinin fərqində olub.
Bu şəxsi-subyektiv mülahizələr
ardınca, sosial “hamılıq-ümumilik” mahiyyəti
daşıyan “XOR” haqda
–
“Solo” qeydlər...
“Xor”. Bu musiqi-mədəniyyət
termini həm də milli toparlanma məsələsini ehtiva etmirmi?
XORluq – sosial mənada birlik, birəntilik, hərbi anlamda yumruq!...
Təəssüflər ki, bu heynidə
(hə, milli əyər-əskiklərdən söz düşəndə,
ümummilli ədəb-ərkan
nəhəngimiz M.Cəlilin
ibarələrindən qaçmaq
olmur) ilk olaraq özümüzü yox, gürcüləri xatırladım. O xalqın
ev-eşik, qərib-qürbət
məclislərində (süpürgəçisindən
sərkərdəsinə, əkin-biçinçisindən
yüksək çinli
məmurunadək) buynuz
badəli əl-qollarını
çarpazlayıb, öz
brend çaxırlarından
vura-vura, etno-sosial bərabərlik xoru oxumalarının fərqindəyikmi,
cənab “heçim ayrı-köçüm ayrı”
məsəlli BİZLƏR?!...
Ancaq həm də alqışlar ki, cəmiyyətimizin məişət
mədəniyyəti odasına
gecikən bu cəm-canlıq, birlik-birəntilik
iksiri, Yaxın Şərqdə ilk olaraq bizim sənət mədəniyyətimizə yol
tapdı; əsasını
ötən əsrin əvvəllərində öz
“Leyli və Məcnun” baniliyi (və dahiliyi!) ilə Üzeyir bəy Hacıbəyli qoydu, Cahangir Cahangirov isə öz “Füzuli” kantatası şedevrilə
davam etdirdi.
XORluq xüsusundan bunu da deyək ki,
dahi Eşq kanı-söz Sərdarı
Məhəmməd Füzuli,
sözün bu məqamında bəy bəstəkar Cahangir Cahangirov və xanım-xatın nəğməkar
Şövkət Ələkbərova
birəntiliyindən yaranmış
“Füzuli” kantatası
xəlqi bir ruh toplumu...
Bu sənət toplumunun “səri-kuyinə” varaq... Kimin də avaz
gücü nəyə
yetir, bu ilahi misraları zümzümələsin:
Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım...
Davamını nəzm ilə yazmaq əzmim tükəndi...
Nədən ki, “Oyadar xəlqi əfğanım”
nişanlı üçüncü
misradan sonrakı xitab-sual alovu adamın əhədini kəsir!
...Ay beş yüz
ildi o əfğandan oyanıq xəlq, eşidirsən? Hiss edirsənmi,
duyursanmı, görürsənmi
– Füzuli kəlamlı,
Cahangir rübablı,
Şövkət sədalı
o “Qara bəxtim oyanmazmı” xitabını?!...
Sonralar üslub, tərz-təranə
yolu neçə-neçə
gənc bəstəkar
tərəfindən davam
etdirilən C.Cahangirov
bu kantatadan on il öncə solist, xor və
simfonik orkestr üçün yazdığı
“Arazın o tayında”
adlı vokal-simfonik poemasını bitirəndə
hələ iyirmi səkkiz yaşı tamam deyildi. Amma bu əsər
ondan xeyli yaşlı SSRİ-nin mərkəzi Moskvada “qocaman düşüncələr
poeması” kimi qarşılanmışdı (Ümumittifaq
Radiosunun “qızıl
fond”una daxil edilib, müəllif
SSRİ Dövlət mükafatı
laureatı adına
layiq görülüb).
Çoxları gözləyirmiş ki, həmin uğurundan sonra bu gənc
nəfəsdərməz bir
templə yazıb-yaradacaq. Amma yox,
Cahangir növbəti mükəmməl-fenomenal xor
nümunəsi olan “Füzuli” kantatasına qədər bu janrda onlarca miniatür, neçə-neçə
qor mahnılar yaza-yaza gəlib çıxıb – dünyəvi
musiqi mədəniyyəti
karvanına qoşulan
“Füzuli” zirvəsinə.
Poeziyamızın möcüzəvi Füzuli kəlamlarından ilhamlanaraq yazdığı bu triumfal əsərilə bəstəkar Cahangir Cahangirov sözün məcazi, müstəqim və “coğrafi” anlamında ayaq izi dəyməmiş bir zirvəyə yüksəlib (mənə qalsa, “musiqi Füzuliliyi”nə yetib).
Korifey sənətkar bu əsərdən on dörd il sonra yazdığı “Nəsimi”, bir qədər sonrakı “Aşıq Alı” kantataları, 1962-ci ildə tamamladığı “Sabir”, 1984-də bitirdiyi “Hüseyn Cavid” oratoriyaları ilə həmin sənət nəhənglərimizi yeni və daha lətif bir vasitəylə - musiqi diliylə geniş oxucu-dinləyici auditoriyasına təqdim etdi. “Azad” (1957) və “Xanəndənin taleyi” (1978) operaları ilə “Üzeyir bəy Hacıbəyli davamçısı” statusuna nail oldu.
“Şəbi-hicran”...
Dörd yüz ildən çox idi ki, bu əsrarəngiz misralar bu xalqın kütlə səddini aşa bilmir, yalnız bir-birini əvəz edən nəsillərin bir dəstə söz xiridarına, “arifi-əsrar”larına çatırdı. Nədən ki, o vaxt aşiqlər Aşiqi Füzuli bu möcüzə kəlamları təkcə-tənhaca (uzaqbaşı Məcnunla “müştərək”) bəyan etmişdi. Elə ki 38 yaşlı Cahangir bunu mümkün “səhnə xalqı”nın ifasına təqdim etdi, - hamıya çatdı...
Bu məqamda, 1992-nin martında dünyasını dəyişmiş, Fəxri xiyabanda dəfn edilmiş bu sənətkarımızı birlikdə xatırlayıb, xorla deyək: Allah rəhmət eləsin...
Tahir ABBASLI
Mədəniyyət.- 2021.- 18 iyun.-
S.5.