“El sənətdən,
sənət eldən ayrılmaz...”
Ötən əsrdə mahir ifası və bədii yaradıcılığı ilə aşıq sənətində iz qoyan, ustad ünvanı almış sənətkarların adı çəkiləndə Əməkdar mədəniyyət işçisi Aşıq İmran da yada düşür. O, qədim Göyçə elimizdən qopan, saz ifaçılığı ilə poetik irsi bir-birini tamamlayan aşıqlardandır.
İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində anadan olub. Məlumdur ki, Göyçə eli Azərbaycan aşıq sənətinə görkəmli sənətkarlar bəxş edib. Bu mühit aşıq sənətinə Dədə Ələsgər kimi ustad yetirib. Uşaqlıqdan aşıq sənətinə maraq göstərən İmran da ustadlardan dərs alıb, bu ulu mirası yaşatmaq istəyirdi. O, saz sənətinin incəliklərini ilk olaraq əmisi Aşıq Dünyamalıdan öyrənir. Daha sonra gədəbəyli Hüseyn Quliyev, göyçəli Məhərrəm Hacıyev və Hüseyn Dəmirçi kimi sənətkarlardan yaradıcı şəkildə bəhrələnir.
Gənc İmran el şənliklərində yaxından iştirak edir. Şaqraq və məlahətli səsi onu musiqisevərlərin sevimlisinə çevirir. Zil tembrli səsə malik olduğuna görə müasirləri ona hələ sağlığında “Koroğlu aşığı” deyirlər.
İmran Həsənov 1950-ci ildə Tovuz rayonuna köçür. Bu aşıqlar yurdunda da hörmət və məhəbbətlə qarşılanır. İlk olaraq ustad sənətkarlar Aşıq Əsəd və Aşıq Mirzə ilə tanış olur. Onlarla birlikdə el şənliklərinə və dövlət tədbirlərinə qatılır. İstedadlı sənətkar kimi tanınmağa başlayır.
Aşıq İmran
1956-cı ildə Bakıda təşkil olunan
respublika müsabiqəsində 1-ci dərəcəli
diploma və qızıl medala
layiq görülür.
Bir il sonra
Moskvada keçirilən ümumittifaq
müsabiqəsində də eyni uğura nail olur. O, rəhbərlik etdiyi
Tovuz aşıqlar ansamblı ilə
1957-ci ildə Moskvada keçirilən tələbə
və gənclərin 6-cı ümumdünya
festivalına qatılır. Bu festivalda da qızıl medal və 1-ci dərəcəli
diploma layiq görülür. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan
mədəniyyəti və
incəsənəti ongünlüyünə
qatılır. Uğurlu çıxışına
görə “Şərəf
nişanı” ordeni və fəxri fərmanla təltif edilir. Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə
görə əməyi
yüksək qiymətləndirilən
sənətkar 1967-ci ildə
“Əməkdar mədəniyyət
işçisi” fəxri
adını alır.
Aşıq İmran Azərbaycan
aşıqlarının III və IV qurultaylarının
iştirakçısı olub.
Aşıq İmran həm də yaradıcı sənətkar olub. “Qaçaq Kərəm və İsrafil ağa” dastanı, “Qarabağ”, “Yusif və Züleyxa” adlı poemaları qələmə alıb.
Aşıq-şairin şeirlərində həyatın çətinlikləri
zəngin poetik dillə ifadə olunub. Müəllif
“Qocalmaz” rədifli şeirində yazır:
Dünyada olmasa hicranlar, qəmlər,
İnsanın ürəyi, gözü qocalmaz.
Saçın ağarması zirvə
qarıdır,
Arzu-diləklərin düzü qocalmaz.
“Ayrılmaz” şeirində
isə şair aşıq sənətinə
olan el məhəbbətinə
toxunur, sənəti xalqdan ayrı təsəvvür etmir:
Elin istəyidir mənim sənətim,
El sənətdən, sənət eldən ayrılmaz.
Könül duyğusudur, könül
həmdəmi,
Onun səsi
heç könüldən
ayrılmaz.
Onda yatır qoç Koroğlu nərəsi,
Kərəmin, Dilqəmin qəmi, qüssəsi.
Qurbaninin
sözü, Abbasın
səsi,
Ana laylasıdır, dildən
ayrılmaz.
Sənətkarın xüsusilə ustadnamələri insanları
doğruluğa, saflığa,
səmimiyyətə səsləyir:
Ədalıq eyləmə ellər
içində,
Təmiz arzulu ol, saf
niyyətli ol.
Şərdən uzaq dolan, fitnədən kənar,
Böyükdən alqış al, ziyarətli
ol.
Azərbaycan Aşıqlar Birliyinin
sədri, professor Məhərrəm
Qasımlı Aşıq
İmranın bənzərsiz
sənət dünyasından
danışarkən qeyd
edib ki, unudulmaz sənətkar yeddi saz havasının
yaradıcısı, “Sənətimin
sultanıyam”, “Ustadların
yolu ilə” adlı şeirlər kitabının müəllifi
olub. O, eyni zamanda 12 aşığa ustadlıq edib. Uzun müddət yaşayıb-yaratdığı
Tovuz rayonunda Aşıqlar ansamblının
rəhbəri olub.
Çoxşaxəli yaradıcılığa malik sənətkar aşıq şeirinin müxtəlif janrlarında
qələmini sınayıb.
Bir-birindən gözəl şeir
nümunələri qələmə
alıb. Aşıq-şairin divani, təcnis, çığalı təcnis,
qoşayarpaq, ustadnamə,
gəraylı, gözəlləmə,
qıfılbənd, müxəmməsləri
ifadə zənginliyi və axıcılığı
ilə seçilir.
Klassik aşıq yaradıcılığının
mahir bilicisi, ustad sənətkar, Əməkdar mədəniyyət
işçisi Aşıq
İmran Həsənov
15 dekabr 1999-cu ildə,
71 yaşında vəfat
edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 18 iyun.-
S.6.