“Tarixi
səhnə”də xatırlanan
anlar
Artıq
bir neçə müddətdir ki, “Mədəniyyət” kanalı
ölkənin əsas
konsert salonu olan Heydər Əliyev Sarayının 50 illiyi münasibətilə “Tarixi
səhnə” adlı layihəni təqdim edir. Layihənin növbəti qonağı
Xalq artisti İlham Namiq Kamal olub. Sənətkar sarayın səhnəsində
çıxışları, bu səhnədə yaşadığı ən
gözəl xatirələri
dilə gətirib.
“Möhtəşəm Heydər
Əliyev Sarayı...
Bu sarayın özünəməxsus
işığı, nuru
var” deyən Xalq artisti bu
məkanda ilk çıxışının
1974-ci il mayın 31-də olduğunu
xatırlayır: “Azərbaycan
Teatrının 100 illik
yubileyi ilə əlaqədar təşkil
edilən tədbirdə
ulu öndər Heydər Əliyev də iştirak edirdi. Bu, ömrümün
unudulmaz anlarından biri kimi qəlbimdə
yaşayır”.
Sənətkar deyir ki, Heydər Əliyev Sarayının, bu tarixi səhnənin bir sehri var
və bu sehrdə hər kəs özünü xoşbəxt hiss edir: “Burada Azərbaycan kinosunun 100 illiyinə həsr olunan tədbiri də xatırlayıram. Həmin tədbirin
ssenarisində Cahangir Aslanoğlu çox maraqlı nüansları qeyd etmişdi. Azərbaycan filmlərinin adlarından ibarət çox maraqlı bir monoloq yazmışdı
ki, həmin monoloqu demək də mənə qismət oldu... Yəqin ki, sənətsevərlər
xatırlayar, sarayın
qarşısında bir
afişa var idi – “Mahnı. Yumor. Rəqs”.
Bu konsert həmişə
anşlaqla qarşılanırdı.
Hacıbaba Bağırov,
Hüseynağa Sadıqov,
Gülşən Qurbanova,
Telman Adıgözəlovla
bu konsertlərdə tərəf-müqabil olmuşam.
O dövrdə direktor
Kərim Kərimov, rejissorlar Gülçöhrə
Şəfiyeva və Cahangir Aslanoğlunun burada hazırladığı
gecələri xatırlamamaq
mümkün deyil”.
“Tarixi səhnə” ilə bağlı ən duyğusal xatirələrini bölüşən aktyor yaradıcılığında mühüm mərhələ olan, tamaşaçılar tərəfindən sevilən və yaddaşlarda qalan “Dadaşbala əməliyyatı” tamaşasının Heydər Əliyev Sarayında 6 dəfə anşlaqla nümayişindən də söz açır: “Tamaşaçılar bu səhnədən tamaşanı sevə-sevə izlədi və o bütün Azərbaycanda məşhur oldu. Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun “Qarğa, məndə qoz var” musiqili komediyasının da premyerası bu səhnədə olmuş və böyük maraqla qarşılanmışdı. Düşünürəm ki, bu səhnədə çıxış etməyin bir xofu vardı, bu məsuliyyətin öhdəsindən hər zaman yalnız peşəkar sənət insanı gələ bilər”.
Xalq artisti
deyir ki, ulu öndər Heydər Əliyevin mədəniyyətimizə
göstərdiyi diqqət və qayğı, dəfələrlə
bu sarayda sənət
xadimləri ilə görüşləri bu
ocağı daha da
işıqlı edirdi: “Ulu
öndər yumoru çox
sevirdi. Hər il burada dövlət tədbirlərindən, partiya plenumlarından sonra
bədii hissə təşkil edilirdi. Ulu öndər deyirdi
ki, konsert proqramına yumor da daxil edilsin.
Salam Qədirzadə, Cahangir
Aslanoğlu konsertlər
üçün yumor
parçaları yazardılar.
Çox
maraqla qarşılanırdı”.
Vaxtilə rəhbərlik etdiyi
“İlham” Miniatür Teatrı ilə birlikdə sarayın baş redaktoru və rejissoru Cahangir Aslanoğlunun 75 illik yubileyinin keçirilməsini də
xatırlayan sənətkar
mədəniyyət naziri
olan Polad Bülbüloğlunun həmin
tədbirdə çıxışını
yada salır.
Bütün veriliş boyu xatirələrini böyük
sevgi ilə dilə gətirən İlham Namiq Kamal bildirir ki, gələn il Heydər
Əliyev Sarayının
50 illik yubileyi qeyd ediləcək. Bu yubileydə hər
bir sənət adamının deməyə
sözü olacaq.
Veriliş boyu aktyorun sarayın
səhnəsindəki çıxışlarından
videolentlər də təqdim olunub.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 18 iyun.-
S.5.