Xan qızına qəmxar olan şairə
Söz-sənət yurdu Qarabağın tanınmış qadın şairləri arasında Fatma xanım Kəminənin də adı hörmətlə çəkilir. O, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” ədəbi məclisinin fəal üzvlərindən olub. Dövrünün söz-sənət sahibləri onun yaradıcılığına böyük maraq göstəriblər. Bu il şairənin anadan olmasının 180 illiyidir.
Fatma xanım Kəminə 1841-ci ildə Şuşa şəhərində Mirzə Bəybala Tahirzadə (Fəna) adlı şairin ailəsində dünyaya göz açıb. İlk təhsilini Şuşada alıb, fars dilini mükəmməl öyrənib. Erkən çağlardan poeziyaya maraq göstərib. Ana dilində və farsca şeirlər qələmə alıb.
Bəzi mənbələrdə Fatma xanımın guya təhsilini artırmaq üçün İstanbula gedib orada oxuduğu qeyd edilsə də, tanınmış yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadə bu məlumatın həqiqətə uyğun olmadığını bildirib. Alim şuşalı şairə haqqında yazır ki, o, çox mehriban, qayğıkeş və əliaçıq insan olub. XIX əsrin görkəmli ədibləri arasında adı hörmətlə çəkilsə də, əsərləri araşdırılmayıb. 1971-ci ildə Ə.Cəfərzadənin təşəbbüsü ilə “Fatma xanım Kəminə” adlı kiçik bir kitabça nəşr edilib. Kitabçada şairənin bir neçə qəzəl, qitə, qoşma və ona həsr edilən şeirlərdən nümunələr verilib.
Həyatı müəmmalara bürünən, haqqında əfsanələr qurulan, yaradıcılığı dildə-ağızda dolaşan və xalq yaddaşında heykəlləşən F.Kəminənin müasiri, məşhur şairə, xeyriyyəçi Xurşudbanu Natəvanla yaxın rəfiqə olduğu bildirilir. Bir-birlərinə nəzirələr, qəzəl janrında məktublar yazıblar. Rəvayətə görə, X.Natəvan “Məclisi-üns”ün yığıncaqlarına buz parçaları içində nar dənələri gətizdirərmiş. Şamın işığında nar dənələri yaqut kimi parıldayar və məclisə xüsusi gözəllik verərmiş. Kəminə xanım da ədəbi məclisin iştirakçısı kimi bu qeyri-adi mənzərəyə laqeyd qalmayıb. Qəzəllərinin birində Natəvan xanımın bu zövqlü işini oxşayaraq yazıb:
Cana, bu nə cadudur, qaşu göz arasında,
Nitqim tutulur görcək hər dəm söz arasında.
Gər nə görsə Züleyxavu Yusif səni bəzmində,
Məbhut
qalar onlar yüz min qız arasında...
F.Kəminənin həyat və yaradıcılığı haqqında
Mir Möhsün Nəvvab
öz təzkirəsində,
Firidun bəy Köçərli isə
“Azərbaycan ədəbiyyatı
tarixi materialları” kitabında da məlumat veriblər. Şairənin təxminən 500-ə yaxın
şeir və qəzəli olub. X.Natəvan şairənin istedadını
yüksək qiymətləndirib.
Müasirləri arasında onu
özünə daha yaxın bilib. Natəvanın oğlu vəfat
edərkən Fatma xanım onun qədər üzülüb,
dərdinə qəmxar
olub. Şairəyə
üz verən ağır itkini mənən yaşayaraq hisslərini belə ifadə edib:
Natəvanın gözünün nuru
Abbas almadı kam,
Bircə an olmadı rahət, ömürü oldu tamam.
Çox
təəssüf ki, pənah bürcünü
Ay tərk elədi,
Möhnət üz verdi
seyid nəslinə bir nəhs axşam...
F.Kəminənin fars dilində olan qəzəllərini dilimizə
tərcümə edən
Məmmədağa Sultanov
müəllifin bu dilə dərindən bələd olduğunu bildirir: “Buna görə də yazdığı saqinamə və qəzəllərinin əksəriyyəti
bir çox fars şairlərinin əsərlərindən üstündür”.
Araşdırmalarda uzun illər şifahi xalq ədəbiyyatı nümunəsi
kimi təqdim edilən bir qoşmanın müəllifinin
də Fatma xanım olduğu aşkara çıxıb:
Ay ağalar, bir tərlanım uçubdur,
Sağ əlimdən sol əlimə
alınca.
Onu tutan xeyrin-bəhrin görməsin,
Mən fəqirin
naləsi var dalınca.
Coşqun təbli, incə zövqlü şairə öz dövründə çox məşhur olub. Yaradıcılığı müasirləri tərəfindən
yüksək qiymətləndirilib.
Dövrünün xanəndələri el şənliklərində onun
qoşma və qəzəllərinə tez-tez
müraciət ediblər.
Eyni zamanda Qarabağın bir çox tanınmış şairləri
istedadını, mərdlik
və müasirliyini dilə gətiriblər.
Xüsusilə də qadın
şairlərdən Ərdəbilli
Ziba xanım Ləli, Qəmər bəyim Şeyda F.Kəminəni özlərinə
ustad və müəllim hesab ediblər. Onun istedadını və
camalını vəsf
edən əsərlər
ərsəyə gətiriblər.
Otuz altı misradan ibarət bir mənzum məktubda “Şaxis” təxəllüslü şair
Kəminə xanımın
kasıblara əl tutan, humanist bir qadın olduğunu yazıb:
Mehri-lütfün füqəranın başına
sayə salıb,
Əzhəri-şəmsidi bu, mən necə
inkar qılım?!
Hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda
F.Kəminənin bəzi
şeir və əlyazmaları, bir sıra Qarabağ şairlərinə yazdığı
məktub və nəzirələri qorunur.
Fatma xanım
Kəminə yaradıcılığının
coşqun çağlarında,
1898-ci ildə Şuşada
vəfat edib, şəhərin Mirzə
Həsən qəbiristanlığında
dəfn olunub. Onun vaxtsız ölümü
Şuşa əhlində və onun yaxşı tanındığı yaxın-uzaq
ellərdə hüznlə
qarşılanıb. Firidun
bəy Köçərli
şairənin itkisinin
acı təəssüf
doğurduğunu qeyd edərək yazıb: “Fatma xanım həqiqətdə çox
gözəl və zərif bir can idi. Zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi
əxlaqi-həsənə sahibəsi
olub, ziyadə xoşxülq, mülayimə
və xoşrəftar
bir nadireyi-zəmanə
idi ki, onun
vəfatı cümlə-şüəranü
üzrəfayi-Qarabağda böyük
bir yas oldu”.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 23 iyun.-
S.6.