“Qadınların sülh axtarışına töhfəsi”

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Antalya Diplomatiya Forumunda iştirak edib

 

 

 

Antalya Diplomatiya Forumunda (ADF) iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Qadınların sülh axtarışına töhfəsi” mövzusunda paneldə çıxış edib.

 

Paneldə Günay Əfəndiyeva ilə yanaşı, Moldova Respublikasının Qaqauziya Muxtar Vilayətinin rəhbəri İrina Vlah, Ukrayna xarici işlər nazirinin müavini, əslən Krım türkü olan Emine Cabbarovabaşqa qonaqlar fikirlərini bölüşüblər.

 

Çıxışında tarix boyu qadınların sülh və harmoniyanın simvolu, evin və ocağın qoruyucusu olduqlarını qeyd edən Günay Əfəndiyeva bu gün aktuallığını qoruyan gender bərabərliyi mövzusunun, Türk-İslam mədəniyyətində qədim zamanlardan mövcud olduğunu diqqətə çatdırıb. O, “Dədə Qorqud” dastanından misal gətirərək, orada cəsarətli türk qadınının obrazının verildiyini qeyd edib. Fondun prezidenti tarixdə türk qadınlarının diplomatik məsələlərdə ağıl və bacarıq nümayiş etdirdiklərini bildirərək Şərq dünyasında ilk qadın diplomat sayılan Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara xatunu misal göstərib, onun Osmanlı  Sultanı II Fatih MehmetUzun Həsən arasındakı mübahisələri uzun illər müdrik diplomatiyasülh yolu ilə həll etməyi bacardığını yada salıb.

 

Günay Əfəndiyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında müasir dövrdə Türk qadınının bariz nümunəsini göstərərək, onun xidmətlərindən bəhs edib. Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələrin ölkənin daxilində, eyni zamanda beynəlxalq aləmdə böyük rəğbət doğurduğu vurğulanıb.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən də bəhs edən Günay Əfəndiyeva qadınların mədəni, elmisosial inkişafı və təhsilə yönləndirilməsi istiqamətində fəaliyyətdən söz açıb, “Türk dünyası qadın şairləri” layihəsi çərçivəsində “Azərbaycan qadın şairlərinin antologiyası” adlı kitabın müxtəlif xarici dillərdə nəşr olunduğunu diqqətə çatdırıb.

 

Fondun prezidenti çıxışında Azərbaycanın tarixi torpaqlarının – Qarabağ və ətraf rayonların azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsindən də söz açıb, Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı ərazilərdə tarixi-mədəni abidələrə qarşı törətdiyi vandalizm əməllərindən bəhs edib.

 

***

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ADF çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev, Qazaxıstanın Baş nazirinin müavinixarici işlər naziri Muxtar Tleuberdi ilə görüşlər keçirib.

 

Görüşlərdə Fondun fəaliyyətindən bəhs edilib, türkdilli ölkələrin mədəniyyətinin, adət-ənənələrinin təbliği ilə bağlı tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən layihə və tədbirlərə ölkəsinin dəstəyini əsirgəməyəcəyini bildirib.

 

Qırğız Respublikasının XİN rəhbəri Türk dünyasının mədəni irsinin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində Fondun rolunu təqdir edərək qurumun fəaliyyəti ilə bağlı lazimi sənədlərin ölkəsi tərəfindən ratifikasiya prosesinin yaxın zamanda tamamlanacağını bildirib.

 

Qazaxıstanın xarici işlər naziritürkdilli xalqların bir-birinə yaxınlaşmasında türkdilli beynəlxalq təşkilatların xüsusi rolunun olduğunu qeyd edərək Fondun bu istiqamətdə fəaliyyətinə dəstək verəcəklərini deyib. Görüşdə həmçinin Qazaxıstanın Türküstan şəhərinin Türk dünyasının mənəvi paytaxtı, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyəti vurğulanıb, Şuşanın gələcəkdə Türk dünyasının mədəni mərkəzlərindən birinə çevriləcəyinə əminlik ifadə olunub.

 

Mədəniyyət.- 2021.- 23 iyun.- S.