Kanadadan göndərilən xəncərlər

 

Silah ustası soydaşımız əl işlərini Milli Xalça Muzeyinə hədiyyə edib

 

Kanadada yaşayan soydaşımız, tanınmış silah ustası Emin Məmmədov iki qiymətli əl işini Azərbaycan Milli Xalça Muzeyinə bağışlayıb. İyunun 24-də muzeydə məşhur silahsazın hədiyyə etdiyi xəncərlərin təqdimatı keçirildi. Mərasim 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuşdu.

Tədbiri giriş sözü ilə açan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova təqdim olunan nümunələrlə bağlı məlumat verdi. Bildirdi ki, Azərbaycanın ənənəvi bədii silah işi ustası Emin Məmmədovun muzeyə hədiyyə etdiyi xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb. Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub. Xəncərin tiyəsinin hər iki üzündə bir ədəd oxluq var. Burada kətəbələrin içərisində ərəb əlifbası ilə xəncər ustasının adı – “Emin Məmmədov” və “Azərbaycan” sözləri həkk olunub.

İkinci xəncərin bədii quruluşu isə Qacar dövrünün silahları üçün xarakterikdir. Onun qını və dəstəyi gümüşlə inkrustasiya olunub, zərif buta və digər nəbati naxışlarla bəzədilib. Xəncərin tiyəsinin hər iki üzündə üç ədəd oxluq var. Burada zərvərəqlə ərəb əlifbası ilə “Allah türkləri qorusun” kəlməsi, kətəbələrin içərisində xəncər ustasının adı və “Azərbaycan” yazısı həkk olunub.

Muzeyin direktoru vurğuladı ki, hər iki xəncərin hazırlanmasında Dəməşq (Suriya) poladı, qızıl inkrustasiya, buynuz sümüyüs. materiallardan istifadə edilib. Müasir dövrdə qədim sənət ənənələrimizin yaşadığını sübut edən bu dəyərli əsərlər muzeyin “Bədii metal” kolleksiyasına daxil edilibdaimi ekspozisiyada öz yerini tutur.

Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, bu il Silahlı Qüvvələr Günü daha yüksək əhval-ruhiyyədə qeyd olunur: “Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən Vətən müharibəsində doğma Qarabağımızı düşməndən təmizlədi və düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi”.

Sonra müğənni, Əməkdar artist Cahangir Qurbanov “Qələbəyə gedən yollar” mahnısını ifa etdi.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Telman İbrahimov çıxışında silahsazlığın qədim sənət növü olduğunu bildirdi. Söylədi ki, vaxtilə döyüşlərdə 50-60 minlik ordu vuruşurdu. Bu savaşlarda döyüşçüləri silahlarla məhz silahsaz ustalar təchiz edirdi.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov xəncərlərin Azərbaycan Milli Xalça Muzeyində sərgilənməsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, bizlər bu cür silah növlərini qoruyub gələcək nəsillərə çatdırmalıyıq.

 

Daha sonra Emin Məmmədovun qızı Aysel Məmmədova çıxış edərək göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

Sonda muzeyə təqdim olunan xəncərlərə baxış keçirildi.

 

Mərasimdə Pakistan və Mərakeşin ölkəmizdəki səfirləri Bilal Haye və Məhəmməd Adil Embarş, İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan, “Rossotrudniçestvoagentliyinin Azərbaycandakı nümayəndəliyinin – Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri İrek Zinnurov, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

 

Qeyd edək ki, silahsaz Emin Məmmədov Kanadada yaşayıb fəaliyyət göstərsə də, Azərbaycanın bu qədim sənət ənənələrini davam etdirir. O həm bu qəbildən sənətkarlıq nümunələri hazırlayır, həm də tədqiqatı və təbliğatı ilə məşğul olur. Sənətkar eyni zamanda Aleksandr Voloviklə birlikdə nəfis tərtibatı və məlumatların zənginliyi ilə maraq doğuranThe Azerbaijan Armourer’s Art” (“Azərbaycan silah sənəti”) kitabının müəllifidir. Emin Məmmədov UNESCO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunanSülh üçün mədəniyyət” (Culture for Peace) müsabiqəsində birinci yerə layiq görülüb.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.1;2.