Mədəniyyət naminə sülh

 

Mədəniyyət Nazirliyinin irəli sürdüyü qlobal kampaniyanın təqdimatı keçirildi

 

 

 

İyunun 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, ölkəmizdəki diplomatik korpusun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə tədbir iştirakçılarını salamlayaraq təqdimatın proqramı haqqında məlumat verdi. Bildirdi ki, 3 hissədən ibarət tədbirdə layihə haqqında məlumat veriləcək, beynəlxalq təşkilatların rəhbərlərinin videomüraciəti təqdim olunacaqdaha sonra tədbir nazir Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun iştirakı ilə panel müzakirələrlə davam edəcək.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə keçən tədbirdə əvvəlcə “Mədəniyyət naminə sülhqlobal kampaniyasının məqsədi, hədəfləri, fəaliyyət istiqamətləri barədə məlumat verildi.

Aparat rəhbəri bildirdi ki, kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımının dünyaya çatdırılmasına nail olmaqdır. Həmçinin dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.

Sonra Böyük Britaniyanın Sülh, EtimadSosial Münasibətlər İnstitutu İdarə Heyətinin sədri, professor Mayk HardiİCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciətləri dinlənildi.

Panel müzakirəsində əvvəlcə nazir Anar Kərimov çıxış edərək bildirdi ki, “Mədəniyyət naminə sülhqlobal kampaniyası sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlarından diplomatların, ictimai-siyasi xadimlərin, görkəmli mədəniyyət və incəsənət adamlarının, media nümayəndələrinin, elm xadimlərinin işğaldan azad edilmiş ərazilərə dəvət edilməsisülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi planlaşdırılır.

Nazir qeyd etdi ki, dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyininsadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir: Bu kampaniya eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyimizi nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesini xüsusi vurğulayaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır”.

Anar Kərimov onu da əlavə etdi ki, “Mədəniyyət naminə sülh” kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının qoşulması üçün açıqdır: Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, fotovideo, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos tədbirin əhəmiyyətindən danışdı, dünyada sülhün, təhlükəsizliyin qorunmasında birgə çalışmağın zəruriliyini qeyd etdi: “Dünya pandemiya böhranı və onun iqtisadi nəticələri ilə üzləşdi. Biz gələcək üçün yeni yol tapmalı, birgə yaşamalıyıq. Azərbaycan bu yeni təşəbbüslə müraciət etdi və mən buna dərhal reaksiya verdim. Biz bu günün reallığına və problemlərinə cavab vermək üçün yeni mexanizm və alətlər tapmalıyıq. Biz daha yaxşı cəmiyyət qura, birgə sülh içində yaşaya bilərik”.

 

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafının şahidi olduğunu söyləyən Migel Angel Moratinos dedi: “Bu gün mənim üçün həm də xüsusi gündür, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Prezident İlham Əliyevlə görüşdüm. Mən ümid, ləyaqət, sevinc hisslərinin şahidi oldum. Azərbaycanın dövlət başçısı ilə konstruktiv müzakirəmiz, dialoqumuz oldu. O, ölkənin tarixində yeni səhifənin açıldığını dedi. İnanıram ki, Azərbaycan üçün yeni səhifə, gələcək qarşıdadır”.

 

Sonra diplomatik korpus və KİV nümayəndələrini, habelə digər tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

 

Sonda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə təqdimat iştirakçılarına təşəkkür etdi, gələcəkdə layihənin fəaliyyət planının təqdim ediləcəyini diqqətə çatdırdı.

 

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin beynəlxalq tərəfdaşlarla birgə “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasına başlaması barədə 2021-ci ilin aprelində ictimaiyyətə məlumat verilmişdi.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.1;3.