“Bu təşəbbüs
bir platformaya çevrilməlidir”
İyunun
23-də “Mədəniyyət naminə sülh”
(Peace4Culture) qlobal kampaniyasının
təqdimat mərasimindən
əvvəl mədəniyyət
naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının
ali nümayəndəsi
Migel Angel Moratinos və Mədəniyyət
Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə jurnalistlərə
açıqlamalar verdilər:
Mədəniyyət naziri Anar Kərimov:
- “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına start veririk. Bizim üçün tarixi bir hadisədir.
Bu tarixi hadisədə
bizə dəstək olacaq BMT Sivilizasiyalar Alyansının ali
nümayəndəsi Migel
Angel Moratinos ölkəmizdə
səfərdədir. O, Füzuli
və Ağdama səfər etdi, orada ermənilərin törətdiyi vəhşilikləri
gördü. Gördüklərindən çox təsirlənmişdi.
Təqdim etdiyimiz “Mədəniyyət
naminə sülh” qlobal layihəmizin məqsədi də mədəni irsin dirçəlməsi, insanların
doğma torpağına
qayıdışı, yaşaması
və sülhün bərqərar olması üçün bir çağırışdır. Azərbaycan bu kampaniya ilə bir daha da
göstərir ki, baxmayaraq ki, Azərbaycan işğala məruz qalıb, abidələri dağıdılıb,
yenə də dünyaya sülhlə
çağırış edir. İnanırıq ki, sülhə
çağırışımızı
beynəlxalq təşkilatlar
dəstəkləyəcək və bu dünyada
qlobal bir hərəkata çevriləcək.
BMT-nin Sivilizasiyalar Alyansının ali
nümayəndəsi Migel
Angel Moratinos:
- Bu gün həm Azərbaycan, həm BMT, həm də beynəlxalq ictimaiyyət üçün vacib gündür. Çünki bu gün yeni bir təşəbbüsə başlayırıq. Əlbəttə ki, yeni təşəbbüslər həmişə önəmlidir. Bu günün reallığına və problemlərinə cavab vermək üçün yeni mexanizm və alətlər tapmalıyıq. Bu gün təqdimatı keçirilən “Mədəniyyət naminə sülh” layihəsi dünyada yeni bir təşəbbüsdür. Biz bilməliyik ki, çətin dövrlərin öhdəsindən necə gələ bilərik. XX əsr elm əsri idi, XXI əsrin əvvəllərini isə yeni təşəbbüslər və fərqli baxışlar, müsbət konsepsiyalar dövrü adlandırmaq olar. Bu təşəbbüs bir platformaya çevrilməlidir. Bir növ biz sizə ehtiram göstərib, sizdən də ehtiram gözləyirik mesajını verməlidir. Yeni diplomatik təşəbbüslər beynəlxalq gündəm yaradır və mən bu təşəbbüsü qlobal səviyyədə təqdim etməyi planlaşdırıram. İnnovativ konsepsiyaya görə mədəniyyət naziri Anar Kərimova təşəkkür edirəm.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə:
- BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ölkəmizə səfəri çərçivəsində Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin dəstəyi ilə “Mədəniyyət naminə sülh” kampaniyasına start verilir. Layihənin əsas ideyası sülh tərəfdaşları olan beynəlxalq qurumları, ölkələri, QHT-ləri sülh üçün səfərbər edib bu vasitə ilə mədəniyyətin bərpasını təmin etməkdir. Bilirsiniz ki, işğaldan azad olunan ərazilərimizdə mədəni irsimiz, tariximiz məhv edilib. Biz hesab edirik ki, bu ərazilərdə tarixi və mədəniyyəti bərpa etmək, eyni zamanda mədəni ruhu geri qaytarmaq üçün ilk öncə sülhü qurmaq lazımdır. Bu quruculuq prosesində də Azərbaycan dünyada yeni qlobal bir layihə ilə çıxış edir. Hazırda bu layihədə bir neçə tərəfdaşımız var – İCESCO, TÜRKSOY, Böyük Britaniyanın Sülh, Etimad və Sosial Münasibətlər İnstitutu, BMT Sivilizasiyalar Alyansı. Təqdimatdan sonra digər beynəlxalq təşkilatlarla da bu istiqamətdə müzakirələr aparılacaq. Gələcəkdə Azərbaycanın təşəbbüsü ilə yaradılan bu layihə postmüharibə dövründə olan regionlarda sülh prosesində real fəaliyyətləri özündə əks etdirəcək.
L.AZƏRİ
Mədəniyyət.- 2021.- 25 iyun.-
S.3.