Bir şəhər, bir liman, bir
də tarix...
Bakı limanı keçmişdən bu günə
“Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı” QSC tərəfindən
hazırlanmış “Bakı
limanı” kitabı zəngin bir tarixə işıq salır. Azərbaycan və
ingilis dillərində
çap edilmiş kitab beş
bölümdən ibarətdir.
Kitabın ilk bölümündə Bakı
limanının qədim
və Orta əsrlər dövründən
bəhs olunur.
Azərbaycanın qədim yaşayış
yerlərindən olan Qobustanın üst terrasında eramızdan əvvəl VI minilliyə
aid mağara yaxınlığında
aşkarlanmış daş
lövhələr və
qayalar üzərindəki
qayıq təsvirləri
həmin yerdə qədim limanın olduğunun sübutu kimi göstərilir.
Eramızdan əvvəl
IX əsrə aid Assuriya
mixi yazıları olan gil
lövhələr, Misir
mənbələri, qədim
yunan müəllifləri
Miletli Hekatey (e.ə.VI əsr), Herodot (e.ə. V əsr), Aristotel (e.ə. IV əsr), Strabon (e.ə. I əsr), romalı
müəllif Plinin (I
əsr) qeydləri, habelə Homer və arqonavtlar dövrünə
aid materiallar Bakı limanının əhəmiyyətini
göstərən mənbələrdir.
Eramızdan əvvəl 285-ci ildə Sələvkilər
dövlətinin sərkərdə
və dənizçisi
Patroklun rəhbərliyi
ilə tərtib edilmiş “Xəzər dənizinin peripli” (Xəzər dənizinin sahillərinin təsviri) əsərinin Xəzərin
ilk xüsusi tədqiqatı
olduğu diqqətə
çatdırılır.
Nəşrdə yer alan mənbələr – X əsr
ərəb səyyahları
İbn Həvqəlin
və əl-Müqəddəsinin
qeydləri, Xəzərin
“Bakı dənizi” kimi qeyd olunduğu
Avropa xəritələri
(1375-ci ilə aid katalon
xəritəsi), azərbaycanlı
coğrafiyaşünas alim
Əbdürrəşid Bakuvinin,
habelə Marko Polo (XIII əsr),
Adam Oleari (XVII əsr),
Afanasi Nikitin (XV əsr), Övliya Çələbi (XVII) və
başqa müəlliflərin
qeydləri Bakı limanının beynəlxalq
əlaqələri haqqında
təsəvvür yaradır.
Bakının əsas liman
olaraq müxtəlif dövlətlərlə ticarət
əlaqələri bir
çox tarixi sənəd və faktlarla da təsdiqlənir.
Bu baxımdan Səfəvi
hökmdarı I Təhmasibin
1564-cü ildə Şeyx
Zahidi Bakı limanına birinci nazir təyin etməsi haqqında fərmanına, Böyük
Britaniyanın “Rusiya kampaniyası”nın Rusiyadan Volqa – Xəzər yolu ilə İran və Azərbaycanla bağlanan müqaviləsinə
diqqət çəkilir.
Eyni zamanda I Pyotrun Bakını işğal etmək niyyəti ilə Xəzər sahillərinə yürüşü
xatırladılır. Bakı buxtasının ilk xəritəsinin
tanınmış rus
naviqator və hidroqrafı Fyodor Soymonov tərəfindən 1719-cu ildə
“Bakı körfəzi”
adı ilə tərtib edildiyi bildirilir.
“Bakı limanı: kiçik limandan Rusiya imperiyasının ən böyük limanınadək (XIX əsr
və XX əsrin əvvəlləri)” adlı
ikinci bölümdə
Xəzərdə suyun
səviyyəsinin dəyişməsinin
tədqiqi məqsədilə
akademik Emiliy Lensin 1830-cu ildə buraya ezam olunması,
imperator I Nikolayın fərmanına
(1854-cü il 17 sentyabr)
əsasən Bayıl
burnunda hərbi limanın fəaliyyətə
başlaması, 1859-cu ildə
Bakı limanının
dövrün tələblərinə
uyğun tikintisinə
start verilməsi, 60-cı illərdə
Xəzər dənizində
mayaklar sisteminin qurulması, “Xəzər dənizinin Atlası”nın
tərtib edilməsi və digər maraqlı tarixi faktlar əksini tapır. Məlum olur ki, dünyada neft sənayesində bir çox ilklər Bakı limanında həyata keçirilib.
1911-ci ildə Rusiya donanmasında mövcud olmuş 9 teploxoddan 8-i Bakı limanında idi. Həmçinin 1902-ci il iyulun 21-dən rəsmi fəaliyyətə
başlayan Bakı Ticarət Limanı İdarəsinin fəaliyyəti
haqqında məlumat verilir.
Bu bölümdə Xəzər
dənizində limanların
qurulmasında, gəmiçiliyin
təşkilində ilk azərbaycanlı
peşəkar mühəndis
Fətəli bəy Nəcəfqulu bəy oğlu Sultanovun (1845-1910) xidmətlərindən də
bəhs olunur.
“Bakı limanı 1914-1968-ci illərdə” adlanan üçüncü bölümdə I Dünya müharibəsi və Azərbaycan Xalq Cümhuriyyəti dövrlərində, habelə sovet hakimiyyətinin 1920-1960-cı illərində limanın fəaliyyətini əks etdirən zəngin materiallar toplanıb. Bakı limanı Xəzərdə əsas, SSRİ-nin isə ən iri limanlarından biri olub. Onun tərkibinə Bakı körfəzi, yeni tikilmiş Abşeron liman məntəqəsi, Pirallahı (Artyom) adasında yerləşən mayedaşıma liman məntəqəsi, Lökbatan yanalma körpüsü, Astara, Lənkəran, Port-İliç liman məntəqələri, Ələt körpüsü daxil idi. Neft Daşlarının yaradılması, Bakı-Krasnovodsk (indiki Türkmənbaşı) bərə xəttinin açılması ilə Bakı limanının quruluşu dəyişib.
Kitabın sonuncu bölümü “Bakı limanı XX əsrin sonu – XXI əsrin əvvəllərində” adlanır. Oxucu kitabda beynəlxalq nəqliyyat dəhlizlərində Bakı limanının rolu və potensialı barədə də geniş məlumat ala bilər. Nəşrdə Bakı limanının xronoloji tarixi də verilib.
Layihənin rəhbəri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Taleh Ziyadov, redaktoru və koordinatoru hüquq elmləri üzrə fəlsəfə doktoru Pərvinə İsmayılovadır. Mətnin müəllifləri Nazim Ərəbov, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovdur.
Mədəniyyət.- 2021.- 25 iyun.-
S.6.