“Qarabağ müharibəsi
qəhrəmanları”
Mərkəzi Elmi Kitabxanada fond
yaradılıb
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qarabağ müharibəsi qəhrəmanları” fondu təşkil edilib. İyunun 24-də fondun açılış mərasimi keçirilib.
Tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclisin deputatları Anar İsgəndərov, Tamam Cəfərova və başqaları çıxış ediblər.
Qeyd edilib ki, Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan fondun məqsədi Qarabağ müharibəsinə həsr olunan sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir. Fondda Birinci və İkinci Qarabağ müharibələrinə həsr olunmuş kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanacaq. Həmçinin gələcəkdə bu mövzuya həsr olunacaq nəşrlər fonda daxil edilərək oxucuların istifadəsinə veriləcək. Fonda rəhbərlik Vətən müharibəsinin “Zəfər” ordenli şəhidi, polkovnik Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadəyə həvalə olunub.
Diqqətə çatdırılıb ki, fondun zənginləşdirilməsi istiqamətində müharibə iştirakçıları və ailələri ilə əlaqələr qurulub. Bundan əlavə, fondda olan nəşrlər və ədəbiyyatlar e-kataloqa daxil edilərək rəqəmsallaşdırılıb. Elektron bazada Azərbaycan və xarici dillərdə informasiya resursları, biblioqrafik məlumatlar, Birinci və İkinci Qarabağ müharibələrinə dair aparılan tədqiqatlar yer alır.
Tədbirdə, həmçinin şəhid polkovnik Babək Səmidlinin qardaşı, Birinci Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenant Müşviq Səmidli, qazi Ceyhun Məmmədov, şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, dosent Xanım Sultanova, Milli Qəhrəman, şəhid İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev və başqaları çıxış ediblər.
Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli “Xudayar təsnifi”ni və gənc xanəndə Anar Məmmədov “Qarabağ” mahnısını ifa edib.
Sonra iştirakçılar fondla
tanış olublar. Fondda ilk mərhələdə 500-dən
artıq şəhid,
qazi və müharibə iştirakçılarının
həyat yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, 1000-dən artıq
kitab, qəzet, jurnal, məqalə, sənədli və bədii filmlər toplanaraq oxucuların istifadəsinə verilib.
Mədəniyyət.- 2021.- 30 iyun.-
S.6.