BXA və Antalya AKEV Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

 

Türkiyənin Antalya AKEV Universitetinin rektoru Kamilə Akgül Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub.

 

Universitet Antalya Mədəniyyət və Təhsil Vəqfi (Antalya KültürEğitim Vakfı – AKEV) tərəfindən qurulub.

 

BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli qonağı pedaqoji heyətlə tanış edib, akademiyada həyata keçirilən islahatlar, tədris prosesi barədə məlumat verib.

 

Kamilə Akgül səmimi qarşılanmaya görə təşəkkür edərək, BXA ilə Antalya AKEV Universiteti arasında əməkdaşlığın yaradılması üçün bu görüşün vacibliyindən danışıb.

 

Görüş zamanı gələcəkdə həyata keçirilə biləcək birgə tədbirlər, tələbə və müəllim mübadiləsi, ustad dərsləri barədə fikirlər bildirilib.  Qeyd olunub ki, yaxın zamanda iki ali təhsil müəssisəsinin təşəbbüsü ilə ortaq rəqs layihəsi keçirilə bilər. Bu kimi layihələr iki ölkə arasında mədəni əlaqələrə də töhfə olar.

 

Görüşün sonunda Bakı Xoreoqrafiya Akademiyası ilə Antalya AKEV Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.

 

Mədəniyyət.- 2021.- 30 iyun.- S.5.