Dünya kinosuna inteqrasiya üçün
vacib addım
Azərbaycan Film Komissiyasının
təqdimat mərasimi
keçirildi
İyunun 28-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
Nazirliyi tərəfindən
təsis edilən Azərbaycan Film Komissiyasının
(“Filming Azerbaijan”) təqdimat mərasimi keçirildi.
Mərasimdən öncə Azərbaycan Respublikasının mədəniyyət
naziri Anar Kərimov “Lenfilm” Kinostudiyasının baş
direktoru Fyodor Şerbakovun
rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə görüş keçirdi.
Görüşdə Rusiya ilə mədəniyyət sahəsində
ikitərəfli münasibətlərin
inkişafı, kino sahəsində təcrübə
mübadiləsi, mövcud
əlaqələrin genişləndirilməsi,
birgə layihələrin
icrası ilə bağlı fikir mübadiləsi aparıldı,
sahənin gələcək
inkişaf perspektivləri
müzakirə olundu.
Azərbaycan Film Komissiyasının təqdimat
mərasimində dövlət
qurumları və Bakıdakı diplomatik missiyaların nümayəndələri,
ölkəmizdən, eləcə
də Türkiyə, Ukrayna, Avstriya, Serbiya və Rusiyadan kino mütəxəssisləri iştirak
edirdi.
Mərasimdə çıxış edən
mədəniyyət naziri
Anar Kərimov hər kəsi salamladı, xarici ölkələrdən təşrif
buyuran qonaqlara təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycan Film Komissiyası
beynəlxalq və yerli peşəkar icmalara ölkəmizi çəkiliş məkanı
kimi kəşf etməyə imkan verəcək. Məqsədimiz ölkənin bu sahədə potensialını
ortaya qoymaqdır.
Vurğulandı ki, bu gün
Azərbaycan azad etdiyi torpaqlarda quruculuq işləri aparır. Prezident İlham Əliyevin
tapşırığına əsasən, Mədəniyyət
Nazirliyi də bu bərpa və
quruculuq prosesində iştirak edir. Artıq mədəniyyətin bu torpaqlara qaytarılması
prosesinə başlanılıb.
Anar Kərimov ölkə Prezidentinin tapşırığına
əsasən, Mədəniyyət
Nazirliyində islahatlara başlanıldığını
da diqqətə çatdırdı: “Dövlət
başçısının mədəniyyət haqqında
tövsiyələrini rəhbər
tutaraq islahatlara start vermişik. Bu gün
mədəniyyət sahəsi
müstəqilliyimizin təzahürü
və eyni zamanda iqtisadiyyata töhfə verən bir sahə kimi
formalaşmalıdır. İslahatlar prosesində kino sahəsi də prioritet təşkil edir. Ölkəmizdə kino işinin
təkmilləşməsi, dünya bazarında Azərbaycanın rəqabətini
artırmaq üçün
Kino Agentliyinin yaradılması
nəzərdə tutulur”.
Azərbaycan Film Komissiyası haqqında
məlumat verən Anar Kərimov bildirdi ki, bu
layihənin gerçəkləşməsi
üçün ölkəmizdə
hər cür şərait var: mədəni irs,
müasir infrastruktur, habelə təbii şərait, tarixi məkanlar və s.
Nazir tədbirdə
iştirak edən xarici ölkə səfirliklərinin nümayəndələrini
“Filming Azerbaijan” ilə fəal
əməkdaşlığa səslədi. Diqqətə çatdırıldı ki, beynəlxalq kino istehsalçılarının
Azərbaycana cəlb olunması həyata keçirilir, eyni zamanda “Netflix” platforması
ilə yeni irimiqyaslı layihələr
gözlənilir. Bu layihə nəinki kino sahəsi, eləcə də ölkə iqtisadiyyatı
üçün əhəmiyyəti
rol oynayacaq.
Daha sonra çıxış
edən “Filming Azerbaijan”ın
direktoru İlkin Məmmədli bildirdi ki, komissiyanın yaradılması ölkəmizin
müxtəlif sahələrdə
geniş potensialının
göstəricisidir: “Əsas
məqsədimiz bu potensialı reallaşdırmaq
və Azərbaycanı
beynəlxalq kino istehsalçıları üçün
geniş imkanları olan çəkiliş məkanı kimi təqdim etmək, beynəlxalq kino istehsalçıları ilə
müştərək layihələr
həyata keçirmək
və ölkəmizə
xaricdən maliyyə vəsaitinin cəlb edilməsini təmin etməkdir. Ümid edirik ki, həyata keçirdiyimiz layihələr və ümumi fəaliyyətimiz
Azərbaycanın kino
sahəsində, habelə
digər sahələrdə
dünyada tanıdılmasına
və nüfuzunun artırılmasına töhfə
verəcək”.
“Filming Azerbaijan” tərəfindən Bakı
Media Mərkəzinin dəstəyi
ilə çəkilmiş
“Azərbaycan” adlı
qısa tanıtım
çarxı təqdim
edildi. İlkin Məmmədli Azərbaycan
Film Komissiyasının veb-səhifəsi
barədə də məlumat verdi.
Direktor çıxışının sonunda “Filming Azerbaijan” komandası
tərəfindən Azərbaycanın
şanlı Qələbəsi
ilə yekunlaşan 44
günlük müharibədə
azad edilən Qarabağa həsr olunmuş və 30 il ərzində dağıdılmış tarixi-mədəni
irsimizi əks etdirən videoçarxı
təqdim etdi.
Türkiyə mədəniyyət və
turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxış edərək
Türkiyə nümayəndə
heyətlərinin ötən
gün işğaldan
azad olunmuş Ağdama səfəri haqda məlumat verdi. O, işğaldan
azad edilmiş ərazilərimizin yenidən
dirçələcəyinə, buraya həyatın yenidən qayıdacağına
əminliyini ifadə etdi. Nazir müavini Türkiyə
Film Komissiyasının 2019-cu ildə yaradıldığını
vurğulayaraq qardaş
ölkə kimi bütün təcrübə
və bacarıqlarını
Azərbaycanla bölüşəcəklərini
diqqətə çatdırdı.
“Lenfilm” Kinostudiyasının
(Rusiya) baş direktoru Fyodor Şerbakov layihənin təqdimatı
münasibətilə azərbaycanlı
həmkarlarını təbrik
edərək gələcəkdə
bu sahədə qarşılıqlı əməkdaşlığın
perspektivlərindən söz
açdı. O, rusiyalı kinematoqrafçılara bu
layihə haqqında məlumat verəcəyini,
yaxın zamanlarda qarşılıqlı müzakirələrin
keçirilməsi üçün
şərait yaranacağına
inandığını dedi.
Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri
Rüfət Həsənov
diqqətə çatdırdı
ki, əslində, Film
Komissiyası təşəbbüsü
ölkəmiz üçün
yenilik deyil. Hələ
2000-ci illərin əvvəlində
Professional Kinorejissorlar Gildiyası
tərəfindən bu
istiqamətdə əhəmiyyətli
addımlar atılmışdı:
“Təəssüf ki,
növbəti illərdə
Azərbaycan kinosunda müşahidə edilən
durğunluq Film Komissiyasına
dair fəaliyyətin inkişafını ləngitdi
və biz Mədəniyyət
Nazirliyinin yeni komandası kimi bu təşəbbüsün
əhəmiyyətini dərk
edərək onu dirçəltməyə qərar
verdik”.
Qeyd olundu ki, son bir il ərzində Azərbaycan kinosunda mövcud vəziyyətin ciddi təhlili aparılıb, beynəlxalq təcrübə öyrənilib və nəticədə plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçidin zəruriliyi müəyyən edilib: “Bu keçidin reallaşdırılması məqsədilə üç əsas istiqamət üzrə işlərin həyata keçirilməsinə başlanılmışdı. İlk növbədə kino sahəsində hüquqi-normativ bazanın beynəlxalq təcrübəyə əsasən təkmilləşdirilməsinə böyük ehtiyac duyulur. Bununla bağlı müvafiq dövlət strukturları ilə əməkdaşlıq aparılır və ümid edirik ki, yaxın zamanlarda bu istiqamətdə əhəmiyyətli nəticələrin şahidi olacağıq. İkinci prioritet istiqamət insan kapitalının artırılmasıdır. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən bir sıra təlim-tədris proqramları həyata keçirilir və gələcəkdə də kinonun bütün sahələrində təcrübə mübadiləsinin aparılması, ümumi bilik və bacarıq səviyyəsinin artırılması istiqamətində layihələr planlaşdırılır. Üçüncü sahə isə yeni dövrün tələb və çağırışlarına uyğun dayanıqlı infrastrukturun qurulması və inkişaf etdirilməsidir. Mən çox şadam ki, biz bu gün bunun bariz nümunəsi olan Azərbaycan Film Komissiyasını təqdim edirik”.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin rəhbəri Erkin Yılmaz Türkiyə Film Komissiyasının fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, layihə üzrə Türkiyədə 507 film ərsəyə gətirilib. O, bu sahədə Azərbaycanın da uğur qazanacağına şübhə etmədiklərini diqqət çatdırdı.
Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı təqdim edildi. Nicat Aslanovun rəhbərliyi ilə təqdim olunan caz musiqisindən ibarət konsertdə Diana Hacıyevanın ifaları maraqla qarşılandı.
LALƏ
Mədəniyyət.- 2021.- 30 iyun.-
S.1;2.