Vətən müharibəsinin şəhid
həkimi
Rasim Abdullayev
sözə də həmdəm idi
44 günlük II Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən övladının sırasında 10 hərbi həkimimiz də var. Onların arasında ən yüksək rütbəlisi tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevdir.
Rasim Yaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində anadan olub. Onun babaları 1918-ci ildə erməni zülmü üzündən Azərbaycanın qədim Dərələyəz mahalından qaçqın düşərək Kəlbəcərin Milli kəndində pənah gətiriblər. Rasim 1982-1990-cı illərdə Milli kəndə orta məktəbində təhsil alıb. Orta məktəbin son siniflərini isə Kəlbəcər şəhər 1 saylı orta məktəbdə oxuyub. O məktəbi bitirəndə Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin ən qızğın vaxtları idi. Həmin mürəkkəb zamanda, 1992-ci ildə Rasim Azərbaycan Tibb Universitetinə qəbul olunur. Onun ailənin qismətinə daha bir didərginlik vardı. Ermənistan silahlı birləşmələri 1993-cü ilin 2 aprelində Kəlbəcəri işğal edəndə Rasimin ailəsi də isti ocağından qaçmalı olur.
Rasim 1998-ci ildə təhsilini başa vurur və 2000-ci ilə qədər Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında internatura (tibbi təcrübə) keçir. Həmin il könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində hərbi tibb qulluqçusu kimi xidmətə başlayır. 2005–2015-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Terapiya şöbəsində çalışır, bir müddət sonra şöbənin rəisi olur. Xidmətinin 10 və 15 illiklərində uğurlu fəaliyyəti qiymətləndirilir, “Qüsursuz xidmətə görə” medalının 3-cü və 2-ci dərəcələri ilə təltif edilir. 2015-ci ildən 2016-cı ilin sonunadək Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsində çalışan Rasim Abdullayev dördgünlük Aprel döyüşlərində müharibənin qaynar nöqtələrində olur, yaralı hərbçilərə yerindəcə tibbi yardım göstərir.
2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidmətinin rəisi vəzifəsinə təyin olunan Rasim Abdullayev 2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirir. O daha sonra N saylı hərbi hissədə tibb bölüyünün komandiri vəzifəsinə təyin edilir və Vətən müharibəsi başlayana qədər burada fəaliyyət göstərir.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev də qızğın döyüşlərin getdiyi Hadrut qəsəbəsi istiqamətində yaralı hərbçilərə yardım göstərir. O, ailəsi ilə sonuncu dəfə noyabrın 9-da telefonla əlaqə saxlayır, özü də işğaldan yeni azad olunmuş Şuşadan...
Müharibənin son saatlarında Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı komandanlıq tərəfindən tapşırıq gəlir. Rasim Abdullayev hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxır. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində düşmənin pusqusuna düşürlər və ağır yaralanan Rasim Abdullayev şəhid olur. Fədakar həkim Bakıda II Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qəhrəman şəhidin Miryaqub və İslam adlı oğulları yadigar qalıb.
Ölkə başçısının müvafiq sərəncamları ilə Rasim Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Rasim Abdullayev sözə həmdəm idi. Poeziyanı çox sevir, özü də hərdən şeirlər qələmə alırdı. Şəhidimizin 40-dan çox şeiri və bir hekayəsi var. Şeirlərindən ikisini təqdim edirik.
Tələsmə, gələrəm günün birində...
Çatmır qulağıma səsin-sorağın,
Tutulub qulağım kar olub, gülüm,
Mən sənə könlümü
verib gedəndən
Gen dünya başıma dar olub, gülüm.
Burda boğuluram həsrət içində,
Orda yaşayırsan
necə, bilmirəm?!
Burda gecələrin biri bir ildi,
Orda ötüşürmü
gecə, bilmirəm?!
Ayrıldıq xatirən qaldı
yadımda,
O gündən üzümə
qəm ələnibdi,
Getdiyin yollara düşən damcılar,
Mənim göz yaşımdı səpələnibdi.
Qoru o sevdanı, qoru bir az da,
Məsum körpə kimi saxla gəlincə.
Sevgimdən xatirə tər
çiçək kimi
Qara saçlarına
bağla gəlincə.
Tələsmə, gələrəm günün
birində,
Gəlib qapınıza baxıb gedərəm.
Darıxıb yanına qayıtmaq
üçün,
Təzədən orduya çıxıb gedərəm.
Ayrılıq yenə də qismətim oldu,
Kor olmuş
taleyim belədi, neynim?!
Qaralmış külüm də
göyə sovruldu,
Fələk öz bildiyin elədi, neynim?!
Bu sevdanın rəssamı
kimdi?
Deyin, bu sevdanın rəssamı kimdi?
Gözün qarasına ağ çəkilibdi.
Perik düşüb gülüşləri
üzündən,
Zəncirdən qoluna bağ çəkilibdi.
Ayrılıq görəndi başı
daşlılar,
Sizi nə ovudar, ey təlaşlılar?!
Yığılın başıma gözü yaşlılar,
Görək kimə belə dağ çəkilibdi?!
Aşiqi
nadana güldürdü
həsrət,
Qəlbə para-para böldürdü
həsrət,
Rasimin cismini öldürdü həsrət,
Yaxşı ki, xəyalı
sağ çəkilibdi
Dərdim
taleyimə baldı yenə də
Yenə
də ayrılıq, yenə də nisgil,
Qəm məni
qoynuna aldı yenə də.
Yenə
gözlərimdə yaş
yaşı qovdu...
Alovlu baxışlar
laldı yenə də.
Xəyalım gəzsə də
şəhəri, kəndi,
Arzum nə dil açdı, nə də ki dindi.
Sevincim,
fərəhim zəhərə
döndü,
Dərdim taleyimə baldı yenə də.
Yenə
də duymuram baharı, qışı,
Rasiməm, qurumur gözümün yaşı.
Yenə
də göynədi qəlbimin başı,
Kim səni yadıma
saldı yenə də.
Dedim ürəyimi yadigar saxla
Demirəm bir daha sən yaşat məni,
O məni yaşadan günləri qaytar.
Həsrətin buzunu əritməz
günəş,
O buzu yandıran gözləri qaytar.
Nə məni yada sal, nə də
ki ağla,
Üst-üstə qalansın bu dağ, o dağla,
Dedim ürəyimi yadigar saxla,
Demədim sındırıb tez geri qaytar.
Rasiməm, zilidim indi bəməm mən,
Qəlbi para-para, gözü nəməm mən.
Onsuz da əzəldən dərd çəkənəm
mən,
Sevinci apardın, kədəri qaytar.
Dağlar
Bir parça bayatı, bir parça layla,
Ver Tərtər
gətirsin arana, dağlar.
Bir az da göz yaşı göndər ağlayım,
Səni
and vermişəm Qurana,
dağlar!
Bu ocaq köz salıb
hisi ta çıxmır,
Bu necə itkidi, yası ta çıxmır,
O qədər hönkürüb
səsi ta çıxmır,
Körpəsin itirən bir ana, dağlar.
Rasiməm, sevincim könüldən
getdi,
Can candan ayrıldı, əl əldən getdi,
Perikdi yurdundan, el eldən getdi,
Axır ki, qaldınız viranə, dağlar.
Mədəniyyət.- 2021.- 30 iyun.-
S.6.