Milli Hərbiyyə Məktəbinin
varisi
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov çıxış edərək məktəbin 103 illik tarixi yol keçdiyini bildirib. Qeyd edilib ki, müsəlman korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin Milli Hərbiyyə Məktəbinin açılması üçün müraciətindən sonra Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il martın 1-də Milli Hərbiyyə Məktəbi yaradılıb. Tarixin bütün dönəmlərində uğurla fəaliyyət göstərən bu təhsil ocağının Azərbaycan hərb tarixində xüsusi yeri və rolu vardır.
Bildirilib ki, ölkə başçısının 2004-cü il 10 mart tarixli fərmanına əsasən, Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli lider Heydər Əliyevin adı verilib. Müstəqillik illərində hərbi məktəb Ali Baş Komandanın diqqət və qayğısı sayəsində böyük və tarixi inkişaf yolu keçərək dünyanın tanınmış qabaqcıl hərbi təhsil müəssisələrindən birinə çevrilib. Bir əsrdən çox tarixi olan təhsil ocağında bu gün 23 ixtisas üzrə Ordumuz üçün hərb sənətinə yiyələnən peşəkar və liderlik qabiliyyətinə malik savadlı kadrlar yetişdirilir.
Həmçinin qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin orduya diqqət və qayğısı nəticəsində bu gün kursantların sosial-məişət şəraiti, sağlamlığı, fiziki hazırlığı üçün hərbi məktəbdə yüksək səviyyədə lazımi şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı hərbi təhsil müəssisəsinin şəxsi heyətinin də Qələbədə böyük rolu olub. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə təhsil ocağının 10 zabiti şəhid olub, 29-u isə yaralanıb.
Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki şəxsi heyətə çatdırılıb.
Çıxışlardan sonra Ali Hərbi Məktəbin orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib.
Sonda təhsil müəssisəsinin
zabit heyəti və təhsildə fərqlənən
kursantlar təltif olunub.
Mədəniyyət.- 2021.- 3 mart.-
S.2.