Şəhid və qazilərin əşyaları muzeyə təhvil verilib

 

Milli Azərbaycan Tarixi Muzeyinin fonduna Vətən müharibəsi şəhidlərinin, habelə döyüşlərdə igidlik göstərmiş qazilərin şəxsi əşyaları daxil olmaqda davam edir.

 

Qax rayonundan şəhid baş leytenant Asəf Ağayevin və Şəki rayonundan müharibə iştirakçıları Tərlan Həsənov və Sadəddin Bayramovun fotoları, təltifləri ilə bağlı məlumatlar və s. muzeyin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın vasitəsilə fonda təhvil verilib.

 

Asəf Ağayev 1993-cü ildə Qax rayonunda doğulub. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşaya qədər döyüş yolu keçib. “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. 2020-ci il dekabrın 17-də Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olub, Qax rayonunda dəfn edilib.

 

Tərlan Həsənov 1997-ci ildə Şəki rayonunun Baş Zəyzid kəndində dünyaya gəlib. II Qarabağ müharibəsində Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində döyüşlərdə iştirak edib. Talış kəndindəki “ uçuq” adlı məntəqədə döyüş əməliyyatı zamanı yaralanıb. Hazırda xidmətini davam etdirir.

 

Sadəddin Bayramov 1997-ci ildə Şəki rayonunun Baş Zəyzid kəndində dünyaya göz açıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2020-ci il Vətən müharibəsində Topxana, Daşaltı, Şuşa, Xankəndi istiqamətində döyüşlərdə iştirak edib, son döyüşdə  yaralanıb. “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.5.