Nizami irsi bütün dünya üçün tükənməz ədəbi xəzinədir
TÜRKSOY-da dahi
Azərbaycan şairinin 880 illiyinə həsr olunmuş kitab və rəsm sərgisi
Mədəniyyət naziri
TÜRKSOY-da Nizamiyə həsr olunmuş sərginin
açılışında iştirak edib, görüşlər keçirib
Martın 2-də Azərbaycan
Respublikasının mədəniyyət naziri
Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin
iştirakı ilə Ankarada –
Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatının (TÜRKSOY) qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kitab və
rəsm sərgilərinin açılış mərasimi keçirildi.
TÜRKSOY, Azərbaycanın
Türkiyədəki Səfirliyi, Azərbaycan
Mədəniyyət Nazirliyi və
Azərbaycan Milli Kitabxanasının
təşkilatçılığı ilə
gerçəkləşən tədbirdə
əvvəlcə dünya
şöhrətli mütəfəkkir şair
Nizami Gəncəvinin həyat və
yaradıcılığı barədə məlumat verildi.
Mərasimdə TÜRKSOY-un
Baş katibi Düsen Kaseinov,
mədəniyyət naziri Anar
Kərimov və səfir Xəzər İbrahim
çıxış etdilər.
Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz
ədəbi xəzinə kimi
dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov
vurğuladı ki, əsrlər
ötdükcə dahi şairin
yaradıcılıq nümunələri daha
geniş yayılır və
sevilə-sevilə oxunur. Nizami “Xəmsə”si ilə təkcə
Azərbaycan və türk
ədəbiyyatını deyil, bütün dünya
ədəbi coğrafiyasını əhatəsinə, təsiri
altına almış bir şairdir.
Nizaminin irsi
türk-müsəlman dünyasında kitab
və miniatür sənətlərinin
inkişafına da böyük
töhfə olub.
Vurğulandı ki, Prezident İlham Əliyev
tərəfindən 2021-ci ilin
Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin
yaradıcılığını müasir
dövrün tələblərinə uyğun şəkildə tanıtmaq üçün yeni-yeni imkanlar yaradır. “Nizami Gəncəvi İli”
tədbirlərinə TÜRKSOY
tərəfindən dəstək veriləcəyini qeyd edən Düsen Kaseinov əmin olduğunu bildirdi ki, dahi
şairin adına layiq
tədbirlərin keçirilməsində TÜRKSOY-un
qurucu üzvləri Azərbaycana
dəstəyini əsirgəməyəcək.
Nizami Gəncəvi irsini, onun
tərənnüm etdiyi ideyaları
nəsillərə nümunə kimi
dəyərləndirən Azərbaycanın
Türkiyədəki səfiri Xəzər İbrahim
bildirdi ki, bundan əvvəl olduğu
kimi, bu gün də, gələcəkdə də biz qardaş xalqlar olaraq bir yerdə öz
mənəvi xəzinəmizi dünyaya
tanıdacaq və qürur
duyacağıq.
Mədəniyyət naziri
Anar Kərimov Türkiyəyə
səfəri çərçivəsində türk
dünyasının mədəniyyətini təbliğ
edən və bu sahədə çox işlər görən TÜRKSOY-un qərargahında olmaqdan
məmnunluğunu bildirdi. Nazir TÜRKSOY-un qərargahında Nizami
Gəncəvinin 880 illiyinə həsr olunmuş
sərginin, eləcə də bu il 100 illik yubileyi
tamam olan
Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevin Nizami irsinə
həsr olunmuş
əsərlərindən ibarət sərginin
təşkilinə görə qurumun baş katibi Düsen Kaseinova,
həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə göstərdiyi
dəstəyə görə təşəkkürünü
bildirdi.
Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli”
elan edilməsi haqqında
sərəncamını xatırladan nazir
vurğuladı ki, istər Türkiyə
Mədəniyyət və Turizm Nazirliyi, istərsə də TÜRKSOY hər zaman Azərbaycanın görkəmli
simalarına, eləcə də Nizami
Gəncəvi şəxsiyyətinə diqqət
göstərib.
Bütün dünya tərəfindən
sevilə-sevilə oxunan Nizami
Gəncəvi yaradıcılığının
əbədilik qazandığını deyən Anar Kərimov bildirdi ki, Nizami bir
çox Avropa
klassiklərindən əsrlər öncə ədalət,
tolerantlıq, birgə yaşama, humanizm, insan hüquqları,
qadın azadlığı kimi
bəşəri dəyərləri təbliğ edən
əsərlər yaradıb. Vurğuladı ki,
Nizami bütün türk dünyasının,
bəşəriyyətin dahi şairidir və türk
dünyasının belə böyük
şəxsiyyətlərinin dünyada daha geniş
tanıdılması bizim
üzərimizə düşən vəzifədir. Anar Kərimov onu da diqqətə çatdırdı ki, bu il
Azərbaycan Mədəniyyət Nazirliyi Nizaminin 880 illiyi ilə
bağlı bir sıra
ölkələrdə tədbirlər keçirməyi
planlaşdırır.
Çıxışlardan sonra
tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının fondundan
Nizami Gəncəvinin əsərləri
və onun haqqında
nəşrlərdən ibarət kitab
sərgisi ilə tanış oldular. Milli Kitabxananın direktoru
Kərim Tahirov sərgilənən nadir kitablar barədə
məlumat verərək bu
nəşrləri kitabxananın incisi kimi dəyərləndirdi.
İştirakçılar
həmçinin Xalq rəssamı
Mikayıl Abdullayevin Nizami
Gəncəvinin əsərlərinin motivləri
əsasında yaratdığı rəsmlər və mozaik tabloların, tanınmış rəssam
Vaqif Ucatayın “Nizami
işığında” tablosunun
fotoreproduksiyası və “Xəmsə” motivlərinə
çəkilmiş miniatürlərin nümayiş
olunduğu sərgiyə baxdılar. Qeyd edək ki, Mikayıl Abdullayevin
əsərlərindən ibarət daha bir sərgi martın 3-də TÜRKSOY-un,
Azərbaycan Mədəniyyət Nazirliyi
və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi ilə İstanbulda –
Maltəpə Bələdiyyəsinin Türkan
Saylan Mədəniyyət Mərkəzində
açılacaq.
Mərasimin bədii hissəsində böyük bəstəkar Üzeyir
Hacıbəylinin Nizaminin
qəzəllərinə bəstələdiyi məşhur “Sevgili canan” və
“Sənsiz” romansları səsləndi.
Açılış mərasiminin sonunda TÜRKSOY-un Baş katibi səfir
Xəzər İbrahimə və nazir Anar Kərimova xatirə hədiyyələri
təqdim etdi.
Nazir Anar Kərimov isə Düsen
Kaseinova Azərbaycanın Vətən
müharibəsində Zəfərinin simvolu
olan “Xarı bülbül”
döş nişanını
hədiyyə etdi.
Azərbaycanlı incəsənət
xadimləri ilə görüş
Mərasimdən sonra
TÜRKSOY qərargahında mədəniyyət naziri Anar Kərimovun
Türkiyədə yaşayıb fəaliyyət
göstərən bir qrup
azərbaycanlı mədəniyyət və
incəsənət xadimi ilə görüşü keçirildi.
Görüşə Xalq
artisti, TRT Ankara Radiosu xorunun bədii
rəhbəri və dirijoru Elnarə
Kərimova, Xalq artisti,
rejissor Əflatun Nemətzadə,
Əməkdar artist, skripkaçı, Ankara Musiqi və
İncəsənət Konservatoriyasının müəllimi Toğrul Qəniyev, rəssam,
heykəltəraş Səid Rüstəm, pianoçu,
Ankara Universiteti
Konservatoriyasının müəllimi
Gülər Dəmirova, müğənni, “O səs Türkiyə”
müsabiqəsinin qalibi Elnur
Hüseynov, pianoçu
Nərminə Qəniyeva, rəssamlar Həmid Əlioğlu
(Məhərrəmov), Əli Herisçi,
Qazi Universitetinin
müəllimi, tarzən Abdulla Qurbani, pianoçu, Ankara Musiqi və
İncəsənət Konservatoriyasının
müəllimi İlyas Mirzəyev
qatılmışdı.
Görüşdə Türkiyədə
azərbaycanlı mədəniyyət xadimlərinin
fəaliyyəti, qardaş
ölkədə, eləcə də dünyada
Azərbaycan mədəniyyəti və incəsənətinin
təbliği, bu istiqamətdə
Azərbaycanın Mədəniyyət Nazirliyi
ilə əməkdaşlıq, mümkün
layihələr barədə fikir
mübadiləsi aparıldı, ortaya
çıxan bəzi problemlər və onların həlli
yolları barədə danışıldı.
Azərbaycan-TÜRKSOY əlaqələri daha da
genişlənəcək
Sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ilə mədəniyyət naziri Anar Kərimov arasında görüş keçirildi.
Görüşdə Azərbaycanın TÜRKSOY-la
sıx əməkdaşlıq etdiyi vurğulanaraq gələcək də birgə
fəaliyyətlə bağlı fikir
mübadiləsi aparıldı.
Nazir bildirdi ki, ortaq
mədəni irsimizi dünyaya
tanıdan TÜRKSOY bizim üçün
dəyərli təşkilatdır. Bundan sonra
əməkdaşlığımızın daha
da genişlənməsini istəyirik.
TÜRKSOY-un “Türk dünyasının
mədəniyyət paytaxtı” layihəsindən söz açan D.Kaseinov qeyd etdi ki, gələn
ildən təşkilata üzv
ölkələrin də dəstəyi ilə bu
layihəni hər ildə iki paytaxt olaraq davam etdirmək istəyirlər. Bu cür praktika
Avropanın “mədəniyyət paytaxtı” layihəsində
də var. Mədəniyyət paytaxtı
şəhərlərindən biri türk dünyasının
şərqindən, biri qərbindən ola bilər.
Baş katib həmçinin bildirdi
ki, TÜRKSOY-un
ənənəvi mətbuat ödüllərini bu il Qarabağdan
yazan türk
dünyası jurnalistlərinə verməyi qərara
almışıq. Təklif etdi ki, mükafatlandırma mərasimi Bakıda keçirilsin və mərasimdən sonra Qarabağ ziyarət edilsin.
Nazir Anar Kərimov bu təklifi
dəyərləndirəcəklərini söylədi.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2021.- 3 mart.- S.1;2