Azərbaycan-Özbəkistan ədəbi əlaqələri müzakirə olunub

 

Ədəbiyyat İnstitutuna beşcildlik “Özbək dilinin izahlı lüğəti” hədiyyə edilib

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov və səfirliyin attaşesi Aybek Əkrəmovla görüş keçirilib. Görüşdə Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrindən söhbət açılıb.

 

Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu istiqamətdə son dövrlərdə həyata keçirilən layihə və tədbirlər barədə danışıb. Qeyd edib ki, fevral ayında Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuş konfransdan əlavə, Zəhirəddin Məhəmməd Babura həsr edilmiş konfrans da təşkil olunub.

 

2019-cu ildə institutda “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət” kitabının təqdimat mərasimi keçirilib. Akademik 2020-ci ildə Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən, Azərbaycan və özbək dillərində çap olunan Əlişir Nəvainin “Hikmətli sözlər” kitabı, “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışı haqqında da məlumat verib.

 

Bahrom Aşrafxanov görülən işlərin davamlı olacağını bildiribbeşcildlik “Özbək dilinin izahlı lüğəti”ni instituta hədiyyə edib. Diplomat Ədəbiyyat İnstitutunda Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq mərkəzinin yaradılmasını da yüksək qiymətləndirib. Səfir institutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” kitabının təqdimatının nəzərdə tutulduğu da bildirib.

 

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.7.