“Bu dünyanı mən
təcrübə eylədim...”
Aşıq Ələsgər-200
Azərbaycan aşıq sənətinin azman ustadlarından söz açılanda ilk yada düşənlərdən biri də Aşıq Ələsgərdir. Bu il böyük sənətkarın anadan olmasının 200 illiyidir. Prezident İlham Əliyev 18 fevral 2021-ci il tarixində Aşıq Ələsgərin yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda Aşıq Ələsgərin xalq ruhunun ifadəsi olan əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyi qeyd olunur. Bildirilir ki, sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.
Aşıq Ələsgər Alməmməd oğlu 1821-ci ildə Azərbaycanın qədim saz-söz məkanlarından olan Göyçə elinin Ağkilsə kəndində dünyaya göz açıb. Güzəranın çətinliyindən yaxşı təhsil ala bilməsə də, erkən çağlardan şeirə, sənətə maraq göstərir. Bədahətən şeirlər qoşur. Dövrün ustad aşıqlarının apardığı məclislərdə iştirak edir, bu ulu sənətə marağı daha da artır. Atası onu sənətin sirlərini öyrənmək üçün məşhur Aşıq Alının yanında şəyird verir. Ələsgər ustadın yanında böyük məktəb keçir. O, təkcə ifaçılıq məsələləri öyrənmir, eyni zamanda bu sənətin əsas meyarlarından sayılan ədəb və mərifət qaydalarını da mənimsəyir. Aşıq Alı apardığı toy məclislərinin birində Ələsgərlə deyişir. Şəyirdinin şöhrətini qaldırmaq məqsədilə qəsdən ona məğlub olaraq sazını ona təslim etmək istəyir. Ələsgər isə böyük təvazökarlıqla ustadının qarşısında baş əyir. Ona öz ehtiramını bildirir və deyir:
Bir şəyird ki ustadına kəm baxa,
Onun gözlərinə
qan damar, damar.
Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçə
ilə yanaşı İrəvan, Naxçıvan,
Qazax, Qarabağ, Gəncədə el şənliklərində
iştirak edir, toy məclisləri aparır. Göyçə aşıq məktəbinin
görkəmli nümayəndəsi
kimi həm gözəl ifası, həm də bədii yaradıcılığı
ilə xalqın sevimlisinə çevrilir.
Aşıq Ələsgərin şöhrəti getdikcə
ölkəmizin hüdudlarını
aşır, qonşu Türkiyə, İran və Dağıstanda da rəğbətlə qarşılanır.
1915-ci ildə sənətkarın
ailəsində bədbəxt
hadisə baş verir. Həmin il vaxtilə şəyirdi olmuş qardaşı oğlu, həm də kürəkəni Aşıq
Qurbanı vaxtsız itirir. Bundan sonra qocaman aşıq bir daha əlinə saz almasa da,
yenə bədahətən
şeirlər qoşur,
zəmanənin haqsızlıqlarına
etirazını bildirir.
Araşdırmalarda qeyd olunur ki, mənfur ermənilər 1918-ci ilin martında soydaşlarımıza
qarşı soyqırımı
törətdiyi zaman sənətkarın doğma
eli Göyçə
mahalı da talan edilir. Erməni quldur
dəstələri əhalini
öz dədə-baba
yurdundan didərgin salır. İsti ocağından köçməyə
məcbur qalanlar arasında ustad sənətkarın ailəsi
də vardı. Aşıq Ələsgər
Kəlbəcər rayonunun
Yanşaq kəndinə
pənah gətirir, iki il burada yaşayır. Sonra Tərtər rayonuna köçür. Bu müddətdə
ata-baba yurdu Göyçə eli üçün çox darıxır. 1921-ci ildə Ağkilsəyə
qayıdır. Ömrünün son illərini doğma kənddə keçirir.
Tez-tez xəyalən keçmiş
günlərə qayıdır.
Vəfasız dünya,
həyat barədə
düşünür:
Səksəni, doxsanı keçibdir
yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç
təbilin çal, qoca baxtım.
Azərbaycan aşıq sənətində
dərin iz qoyan görkəmli sənətkar 7 mart 1926-cı ildə
dünyaya göz açdığı Ağkilsə
kəndində vəfat
edib.
Aşıq Ələsgərin şeirləri
vəfatından bir il sonra
ilk dəfə nəşr
olunub. Müəllifin
“Dağlar”, “Bizim dağlar” şeirləri
1927-ci ildə “Yeni kənd” jurnalında dərc edilib. Haqqında
ilk dəfə tərtib
edilən kitab (“Aşıq Ələsgər”)
isə 1934-cü ildə
işıq üzü
görüb.
1972-ci ildə görkəmli
sənətkarın anadan
olmasının 150 illiyi
böyük təntənə
ilə qeyd olunub. Bu münasibətlə
Azərbaycan Elmlər
Akademiyası tərəfindən
onun əsərlərinin
ikicildlik elmi nəşri hazırlanaraq
çap edilib.
Aşıq Ələsgərin həyat
və yaradıcılığı
daim diqqət mərkəzində olub. Xatirəsi əbədiləşdirilib.
Adına küçə,
mədəniyyət sarayı
var. 2002-ci ildə əslən
Göyçədən olan Hüseyn Həsənov sənətkara
dərin ehtiramının
nümunəsi olaraq Bakıdakı evində “Aşıq Ələsgər
muzeyi” yaratmışdı.
Onun topladığı
eksponatlar arasında Aşıq Ələsgərə
məxsus saz, xrom çəkmə, bel kəməri, tanınmış aşıqların
fotoşəkilləri, lent yazıları, şair-aşıqların
kitabları və s.
var.
***
Sənətkarın yaradıcılığı tərbiyəvi
fikirlərlə zəngindir. Ayrı-ayrı
şeirlərində işlənən
onlarla misra el arasında zərb-məsələ
çevrilib: “Qarı
düşmən bir də gəlib dost olmaz”, “Haqdan yanan çıraq bad ilə sönməz”, “Dövlətdən qismətin
bеş arşın ağdı”,
“Can dеməklə candan can əskik
olmaz”, “Qiyamət odundan pisdir tənə söz”, “Dost uzaq olmaqla könül
yad olmaz”, “Dərd tüğyan еyləsə, mеy içmək olar”, “Sayğısız iyidi düşman aldadar”, “Kişi gərək dеdiyindən dönməsin”,
“Qonşuya kəc baxan özü ac olur” və s.
Aşıq Ələsgərin yaradıcılığı
ilə yaxından tanış olduqca onu incə,
həssas qəlbli, sözünün qiymətini
bilən bir sənətkar olduğunu görürsən. O, həqiqətən,
gözəlliyi duyan, aşiqanə bir dillə vəsf еdən şairdir.
Həm də bir еşq əhli, gözəllik aşiqidir. Bu еşq və məhəbbət duyğusu ömrünün
sonuna qədər onu tərk еtməyib.
Yaratdığı əsərləri ilə ruhumuza Vətənin “qüdrətdən
səngərli, qalalı
dağlarından” ucalıq,
dupduru bulaqlarından şəffaflıq və səfalı yaylaqlarından
bir sərinlik bəxş edir.
Vətənimizin əsrarəngiz təbiətinə
həsr olunmuş şeirlərində müəllifin
yurdsevərliyi, xalqına
bağlılığı qabarıq ifadə olunub. Onun “Yaylaq”, “Gördüm”, “Dağlar” rədifli qoşmalarında
bu duyğular daha aşkar görünür. “Yaylaq” qoşmasında yazda el-obanın arandan qalxaraq üz tutduğu səfalı yaylaqlar və seyrəngahlar gözəl
poetik dillə tərənnüm edilir:
Könlüm qaranquştək uçub
qoynuna,
Gəzir
hər yamacı, hər yalı, yaylaq!
Ruhum təzələnir, məst
olur ürək,
Görəndə bu çağı,
bu halı, yaylaq!
Aşıq Ələsgər həm də cəmiyyətdə
gedən proseslərə
münasibət bildirib,
ədalətsizliyə, istismara
qarşı səsini
ucaldıb. O, “Çıxıbdı”,
“Görmədim” və
s. şeirlərində həyatda
qarşılaşdığı nöqsanları, haqsızlığı
və özbaşınalığı
kəskin tənqid edir. İnsanları dövrün hadisələrindən
nəticə çıxarmağa
çağırır, öz
müdrik tövsiyələrini
verir:
Bu dünyanı mən təcrübə eylədim,
Namərd körpü salsa, onda ad olmaz.
Bir mərd ilə ağı yesən, şirindi,
Yüz namərdlə
şəkər yesən,
dad olmaz.
Aşıq şeirinin əksər janrlarında bir-birindən
dəyərli əsərlər
yaradan sənətkarın
zəngin irsi bu gün də
öz dəyərini qoruyub saxlayır. Aşıq Ələsgərin
sözləridə bəstələnən
mahnılar könülləri
oxşayır. Çağdaş aşıqlar tez-tez onun söz boğçasından
faydalanırlar.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 3 mart.-
S.7.