Türkiyədə təhsil alan tələbələr arasında müsabiqəyə yekun vurulub

 

Mərasimdə mərhum səfir Fuad İsmayılovun xatirəsi yad olunub

 

Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri martın 2-də ölkəmizin Ankaradakı səfirliyində mərhum diplomat  Fuad İsmayılovun xatirəsinə həsr olunan Azərbaycan-Türkiyə münasibətləri mövzusunda məqalə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasiminə qatılıblar.

 

Səfirlik və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) birgə keçirdiyi müsabiqədə Türkiyədə təhsil alan tələbələr iştirak ediblər.

 

Əvvəlcə səfir Xəzər İbrahim, mədəniyyət naziri Anar Kərimov və TADƏHF-in sədri, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, professor Aygün Attarın çıxışları dinlənilib.

 

Çıxışlarda qeyd olunub ki, bu gün  Azərbaycan-Türkiyə münasibətləri dedikdə ilk növbədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xatırlanır. Çünki bu Qələbənin əldə olunmasında Azərbaycan-Türkiyə qardaşlığının misilsiz rolu var.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə münasibətləri mövzusunda müsabiqənin mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunması təsadüfi deyil. Fuad İsmayılovun diplomatik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağ məsələsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq  aləmdə yayılması hər zaman ön planda olub. Nümunəvi insan, bacarıqlı diplomat kimi o, həmişə ətrafdakı insanların rəğbətini qazanıb. Yüksək keyfiyyətləri və vətənpərvərlik duyğuları ilə seçilib.

 

Çıxışlardan sonra məqalə müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub.

 

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunu olan səfir Fuad İsmayılov (1968-2011) Azərbaycan Respublikası Prezidenti Administrasiyasında, ölkəmizin xaricdəki diplomatik missiyalarında çalışıb.

 

2005-ci ildən 2011-ci ilədək Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Eyni zamanda ATƏT-də, Vyanadakı digər beynəlxalq təşkilatlarda ölkəmizin təmsilçisi, Azərbaycanın SloveniyaSlovakiyada səfiri vəzifələrini yerinə yetirib.

 

Fuad İsmayılov peşəkar diplomat kimi Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edib. Humanitar və mədəni əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verib, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin təsis edilməsi üçün böyük səylər göstərib. Mərkəzin açılışı onun vəfatından sonra gerçəkləşib.

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.4.